Ermənistanda məlum "məxməri inqilab" fonunda hakimiyyətin yeni qüvvələrin əlinə keçməsi gözlənilsə də, son proseslər əslində tamam fərqli bir situasiyanın yarandığını göstərir. Belə görünür ki, Serj Sarkisyanın istefasına rəğmən, hakim partiya müxalifətin tələb etdiyi kimi iqtidardan əl çəkmək niyyətində deyil.
Buna səbəb isə, məlumatlara görə, müxalif lider Nikol Paşinyanın tələbləri fonunda hakimiyyətə Rusiya tərəfindən yenidən dəstək ifadə olunmasıdır.
Məsələ burasındadır ki, Nikol Paşinyanın açıqlamaları Moskvanın Ermənistanda maraqları üçün ciddi təhdid olduğundan, Kreml aktiv fəaliyyətə keçmək qərarına gəlib. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı istisna etməyib. Düzdür, sonradan o bu məsələdə mövqeyini dəyişib və bildirib ki, müxalifət hakimiyyətə gələcəyi halda, ani geosiyasi həmlələr etməyi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmağı qarşısına məqsəd olaraq qoymayıb. Lakin onun bu xüsusda ilkin açıqlamaları Kreml üçün ciddi siqnal olub və belə görünür ki, hadisələrin gedişindən narahat olan Rusiya Ermənistanda "məxməri inqilab"ın tam hakimiyyət dəyişikliyi ilə yekunlaşmasını istəmir. Bu vəziyyətdə, məlumatlara görə, Rusiya məxfi şəkildə hakim Respublika Partiyasına hərtərəfli dəstək göstərəməyə hazır olduğunu bəyan edib. Elə bütün bunlardan sonra hakim partiya iqtidarı müxalifətə təhvil verməkdən imtina edib və Nikol Paşinyanla baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir:: “Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz. Respublika Partiyası isə məsələnin bu cür qoyuluşuna qarşıdır”. Qeyd edək ki, bundan öncə Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi: "Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və onu sakit təhvil verməlidirlər. Biz imkan verə bilmərik ki, Respublika Partiyası (RP) öz liderini qurban verərək hakimiyyətini qoruyub saxlasın ".
Nikol Paşinyan hökumətlə danışıqların ləğvindən sonra sosial şəbəkədən etdiyi video-müraciətində bildirib ki, vəziyyət yenidən dalana dirənir və xalq küçələrə çıxmalıdır: “Baş nazir əvəzinə, parlament sədrinə və Respublika Partiyası parlament fraksiyasının rəhbərinə 3+3 formatında görüş təklif etdim. Təklifdə bildirdim ki, danışıqlar jurnalistlərin iştirakı ilə və bizim 4 tələbimiz ətrafında aparılsın. Yalnız bir tələb, Sarkisyanın istefası yerinə yetirilib. Respublika Partiyası Sarkisyanın istefaya getməsi ilə hakimiyyəti qoruyub saxlayacağını düşünür. Məsələ Sarkisyanın şəxsiyyətində deyil. Biz imkan verə bilmərik ki, Respublika Partiyasının namizədi baş nazir olsun. Respublika Partiyası hakimiyyətdə qala bilməz. Xalq qalib gəlib və bu qələbə möhkəmlənməlidir”.
Paşinyan sonda xalqa çağırış edib: “Xalqı vətəndaş itaətsizliyinə çağırıram. Hərəkatda iştirak edən şəxslərdən heç biri razı olmaz ki, başladığımız iş axıra çatmasın. Bizə daha bir həftə lazımdır ki, qələbəmizi möhkəmlədək”. Beləliklə, Ermənistanda etirazlar yenidən bərpa olunur. Amma hesab edilir ki, Kremlin erməni hakimiyyətinə dəstəyi fonunda bu dəfə etirazlar Respublika Partiyasını tam hakimiyyətdən getməyə qoymayacaq. Paşinyan isə Rusiya ilə münaisbətlərdə artıq ciddi səhvlərə yol verib. Məsələn, o qeyd edir: “Rusiya ilə Ermənistanın münasibətləri çox əhəmiyyətlidir, amma münasibətlərdə problemlər var və onları həll etmək lazımdır. Rusiya və Ermənistan dost, qardaş ölkələrdir. Amma bu o demək deyil ki, münasibətlərdə problem yoxdur. Biz nə qərbyönlüyük, nə Rusiya, nə də iranyönlü…Heç bir ölkə ilə münasibətləri digər dövlətlərlə əlaqələrə ziyan vurmaqla inkişaf etdirməyə hazırlaşmırıq. Avropa İttifaqı, Rusiya və ABŞ-la münasibətlər bizim üçün vacibdir. Lakin onların heç biri ilə münasibətlər digərlərinə ziyan vurmaqla inkişaf etməməlidir”. Bu açıqlamalar Rusiyada o qənaəti möhkəmləndirir ki, Paşinyan hakimiyyətə gələcəyi təqdirdə, Ermənistan Kremlin orbitindən çıxa bilər. Rus ekspert Andrey Zubov bunun Kreml üçün qəbuledilməz olduğunu vurğulayır: “. Rusiya Ermənistanı itirməklə Qafqazdakı mövqelərinin zəifləməsinə yol verə bilməz. Ermənistandakı hadisələr öncə Moskvaya kifayət dərəcədə əhəmiyyətsiz gəldi, onlara diqqət verilmədi və hesab etdilər ki, etirazlarla mübarizə aparmaq üçün daxili qüvvələr yetərli olacaq – 2011-ci ildə olduğu kimi özləri yatıracaqlar. Kreml atipik reaksiya verməyi öyrənib. Hər bir konkret ölkə unikal mənzərə göstərir və Rusiyanın maraqları, orada iştirakı müxtəlif sferalarda özünü fərqli göstərir. Ermənistanın vəziyyəti onunla unikaldır ki, o, Rusiyanın həm iqtisadi, həm də geopolitik təsir orbitinin dərinliyində yerləşir.
Ermənistan çox güclü şəkildə Rusiyaya bağlıdır və Moskva bunun dəyişməsini istəmir. Rusiya ilə Ermənistanı geopolitik olaraq çox şey bağlayır və heç kim bu əlaqəni kəsmək istəməyəcək”.
NAHİD