Bu gün türk dünyasının iki ən aparıcı ölkələrindən hesab edilən Azərbaycan və Türkiyə arasında münasibətlər artıq bölgədə proseslərin inkişaf istiqamətini müəyyən edən əsas faktorlardan sayılır. Ötən dövr ərzində tərəflər arasında münasibətlərin daha da möhkəmlənməsi isə Bakı və Ankaranın manevr imkanlarını daha da artırıb, onların hadisələrə təsir imkanlarını xeyli yüksəldib. Qeyd olunan fonda ekspertlər Prezident İlham Əliyevin Türkiyəyə səfərinə xüsusi diqqətlə yanaşır.
Xatırladaq ki, İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk səfərini məhz qardaş Türkiyəyə edib. Burada o, türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşlər keçirib. Sonuncu ilə görüş zamanı İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib: ”Dünyada bir-birinə bu qədər yaxın iki ölkə yoxdur. Bu münasibətlər tarixi köklərə bağlıdır. Türkiyə və Azərbaycan bu gün həm ikili, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir. Bu münasibətlər daha da möhkəm olacaq”. Elə ekspertlər də hesab edir ki, İlham Əliyevin yeni səfəri iki qardaş ölkənin əlaqələrini daha güclü səviyyəyə gətirib çıxaracaq. İndiki vaxtda isə hər iki ölkənin buna böyük ehtyiacı var. Məsələ burasındadır ki, Azərbaycan və Türkiyənin dinamik inkişafını gözü götürməyən qüvvələrin sayı indi xeyli artıb. Elə son dövrlərin mənzərəsinə nəzər saldıqda hər iki ölkəyə qarşı xaricdən müəyyən addımların atılmasına dair çoxsaylı nümunələr görmək olar. Həmin təhdidlərin birgə aradan qaldırılması isə bu gün həm Azərbaycan, həm də Türkiyə üçün vacibdir. Qarşıdakı dövr ərzində ölkələrin qeyd olunan səpkidə birgə fəaliyyətinin daha da güclənməsini gözləmək olar.
Bundan başqa o da məlumdur ki, bu gün Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən yeni marşrutları buna misal kimi göstərmək olar. Bu layihələrlə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycanla Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin olunmasına xidmət edir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan və qlobal iqtisadi layihələr kimi dəyərləndirlən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolu layihələri qeyd olunanların sübutudur. Amma bütün bunlara rəğmən, hazırda Azərbaycanın və Türkiyənin bir-birilə münasibətlərinin möhkəmləndirilib daha da genişləndirilməsi hər iki dövlətin xarici siyasətinin çox mühüm tərkib hissəsi kimi qalmaqda davam edir. Ekspertlərə görə, Prezident İlham Əliyevin Türkiyə səfərinə bu prizmadan da yanaşmaq lazım gəlir. Yəni bu səfərlə qarşılıqlı əlaqələrin daha da güclənməsi və yeni layihələrin reallaşadırılması istisnalıq təşkil etmir. Bütün bunlar isə ölkələrin həm regionda, həm də dünya miqyasında mövqelərinin daha da güclənməsi baxımından çox vacibdir.
Digər tərəfdən Yaxın Şərqdə, elə Qafqazın özündə baş verən proseslər fonunda ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirməsi tamamilə gözlənilən sayılır. Xatırladaq ki, hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə ilə Azərbaycan arasında ən mühüm addımlardan biridir. Bu baxımdan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələn tələblərin həyata keçrilməsi istiqamətində görülən işlər artıq ötən dövr ərzində öz müsbət nəticələrini verib. Sadəcə, yeni reallıqlar fonunda bu istiqamətdə əməkdaşlığın miqyasının daha da genişlənməsi istsina olunmur.
Bakı üçün ən önəmli məqamlardan biri, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Türkiyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə daim Azərbaycanın yanında olduğuun faktiki olaraq sübut edib. Rəsmi Ankara Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan edib. Son dövrlərdə Türkiyənin regionda artan rolu, Rusiya ilə münasibətlərində yeniliklər Ankaranın Dağlıq Qarabağ məsələsinə təsir imkanlarını artırır. Bakı öz növbəsində bu məsələdə Türkiyənin fəal rol oynamasında marağını gizlətmir. Ankara isə məhz Bakının sayəsində regionda getdikcə daha güclü mövqe sahibinə çevrilir. Hazırda yaranan vəziyyətdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayır. İlham Əliyevin Türkiyəyə səfəri fonunda tərəflərin rolu daha da güclənir.
Tahir TAĞIYEV