Seyid Camal Əzimbəyli: “Bununla əlaqədar Bakı bir sıra beynəlxalq tədbirlərə, forumlara evsahibliyi edib”
Bəşər tarixinə nəzər salsaq görərik ki, dialoq ibtidai icma quruluşundan başlayaraq insanların həyatına bu və ya digər dərəcədə nüfuz edib. Cəmiyyətdə qarşılıqlı anlaşmanın və ya əksinə, ziddiyyətlərin yaranmasında dialoqdan lazımınca istifadə edilib-edilməməsi onun sonrakı inkişafına mühüm təsir göstərib.
Cəmiyyət həyatında vacib sayılan dialoq bu gün də qlobal mühitdə üstünlüyünü saxlamaqdadır. Artıq elə bir vəziyyət yaranıb ki, dünyanın gələcəyi mədəniyyətlərarası münasibətlərdən asılıdır. Xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar.
Belə bir situasiyada son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu işdə Prezident İlham Əliyevin xidmətləri böyükdür. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm İslam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
Bütün bunların nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rola xüsusi önəm verib: “Biz Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq”.
Bu bir daha mədəniyyətlərarası dialoqda Azərbaycanın, Prezident İlham Əliyevin oynadığı rolu ortaya qoyur. Hansı ki, ötən illər ərzində ölkə başçısı bununla bağlı çox böyük işlər görüb.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycan mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rol oynayır: “Əvvəla qeyd edim ki, multikulturalizm mədəni müxtəlifliyin qorunub saxlanması siyasəti, demokratik dövlət və cəmiyyətdə müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, dinc yanaşı yaşamasına, tolerantlığa yönəlmiş bir konsepsiyadır. Azərbaycanda multikultural ənənələrin minillik tarixi var. XIX əsrdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycan müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin məskəninə çevrilib. Nəzərə almaq lazımdır ki, bu gün də ölkəmizdə multikultural dəyərlər cəmiyyətimizin həyatının ayrılmaz tərkib hissəsini təşkil edir. Ötən illər ərzində bununla bağlı bir sıra işlər görülüb. Ölkədə müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sərbəst fəaliyyəti üçün tam şərait yaradılıb. Bu bir reallıqdır. Məsələ ondadır ki, Azərbaycan cəmiyyətindəki mədəniyyətlərarası dialoq mühüti multikulturalizmin inkişaf modeli kimi dünyanın diqqətini cəlb edir. Azərbaycanın multikulturalizm modelinin humanizm, tolerantlıq prinsiplərinə əsaslanması birmənalı olaraq qəbul edilir. Xüsusən də İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra bu istiqamətdə çoxsaylı işlər görülüb. Azərbaycanda mədəniyyətlərarası dialoqu özündə ehtiva edən mötəbər tədbirlər keçirilib. Dünyanın tanınmış ictimai-siyasi, mədəni xadimləri həmin tədbirlərə qatılıblar. Bununla əlaqədar Bakı bir sıra beynəlxalq tədbirlərə, forumlara evsahibliyi edib. Əlbəttə ki, bütün bunlar Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə xidmət göstərir. Hesab edirəm ki, bundan sonra da İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini davam etdirəcək”.
Vidadi ORDAHALLI