Məhərrəm Zülfüqarlı: “Ermənistanda isə kəskin qarşıdurma var, insanlar rejimə nifrət edirlər”
Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra yaranan vəziyyət iki ölkə arasında böyük fərq olduğunu bir daha göstərdi. Seçkilərdən sonra Azərbaycanda inkişafa doğru islahatlar aparıldı, yeni hökumət formalaşdırıldı, Ermənistanda isə siyasi xaos, qarşıdurma baş verdi, hökumətin istefası tələb olundu.
Bütün bunların nəticəsində sabiq prezident, aprelin 17-də parlamentdə ölkənin baş naziri seçilmiş Serj Sarkisyan istefa verdi. Bununla da Ermənistanda parlament idarə üsuluna keçid ilk mərhələdəcə uğursuzluğa uğradı. Bundan başqa, Sarkisyan Ermənistanın baş naziri postunda vur-tut bir neçə gün davam gətirə bildi. Ancaq ona qədər erməni xalqı da bu terrorçunun iç üzünü yaxşı tanıdı. Məsələ ondadır ki, Sarkisyan rejimi ölkəyə hədsiz ziyanlar vurdu. Ötən 10 il ərzində ölkə iqtisadiyyatı bərbad vəziyyətə salındı. Erməni əhalisinin bir tikə çörək dalınca xarici ölkələrə, xüsusən Rusiyaya qaçdığı göz qabağındadır. Bütün bunları görən Ermənistan müxalifəti Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarına başladı və qəti şəkildə sonadək öz mövqeyini müdafiə etdi. Müxalifət lideri, aksiyaların əsas təşkilatçısı, “Vətəndaş dialoqu” partiyasının lideri, deputat Nikol Paşinyanın həbsindən sonra mitinq və nümayişlər daha kütləvi xarakter almışdı. Belə ki, aprelin 22-də axşam saatlarında İrəvanın mərkəzi hissəsində toplaşmış aksiyaçıların sayı 160 min nəfərə çatdı. Vəziyyətin getdikcə dramatikləşdiyini görən S.Sarkisyan istefa verməli oldu.
Bütün hallarda, niyə iki ölkədə keçirilən seçkilərdən sonra yüz minlərlə insan Ermənistanda meydanlara axın edib etiraz edir, amma Azərbaycanda belə hal baş vermədi?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bunu bir sıra amillərlə əlaqələndirdi: “Ortada çox ciddi fərqlər var. Məsələ ondadır ki, Azərbaycanda keçirilən seçkilər xalqla hakimiyyət arasında uçurum olmadığını, münasibətlərin normal olduğunu göstərdi. Azərbaycandan fərqli olaraq, Ermənistanda isə kəskin qarşıdurma var. İnsanlar rejimə nifrət edirlər. Nəinki dinc əhali, hətta diaspor üzvləri, ordu da Sarkisyana qarşı çıxaraq mitinqlərə qoşuldu. Nəticədə yüz minlərlə insan meydanlara toplanaraq öz etirazını bildirdi. Bu onu göstərir ki, Azərbaycan hakimiyyətinin yeritdiyi siyasət uğurlu, düzgün siyasətdir. Eyni zamanda, ictimaiyyətin maraqlarını özündə ehtiva edir. Uğurlu siyasətdir ki, Azərbaycan seçkidən sonra stabil olaraq inkişaf edir. Müxtəlif tədbirlərə, yarışlara evsahibliyi etməyə hazırlaşır, amma Ermənistanda isə vətəndaş müharibəsi təhlükəsi qalmaqdadır. Faktiki olaraq ölkədə vətəndaş qarşıdurması var, ölkədə “rəngli inqilab” davam edir. Bu da onu göstərir ki, forpost ölkə olan Ermənistan əhalisi əvvəlki siyasətlə barışmır. Eyni zamanda, bu ölkə ilə bağlı gələcəkdə nə olacağını demək çətindir. Ancaq, hər halda, Ermənistan cəmiyyəti bu hakimiyyətdən yaxa qurtarsa, gələcəkdə öz problemlərini özü həll edəcək. Bütün bunlar da regionda müsbət dəyişikliklərə gətirib çıxara bilər. Ona görə də, birinci növbədə, Ermənistan öz işğalçı siyasətindən əl çəkməli və Azərbaycanın ərazilərini geri qaytarmalıdır. Yalnız o halda sözügedən ölkə stabil olaraq inkişaf edə bilər. Yoxsa, bu cür siyasət aparmaq Ermənistana yaxşı gələcək vəd etmir”.
Vidadi ORDAHALLI