Aqşin Əliyev:“Sarkisyanın başına gələnlərin ən ümdə səbəbi Dağlıq Qarabağla bağlı yürüdülən səriştəsiz siyasət olub”
Ermənistanda Serj Sarkisyanın zorən Konstitusiyanı dəyişib baş nazirliyi ələ keçirməsi birmənalı qarşılanmadı. Xalq buna kütləvi etiraz edərək onu vəzifədən uzaqlaşdıra bildi. Bəllidir ki, son on ildə Serj Sarkisyanın rəhbərlik etdiyi cinayətkar hərbi xuntanın ən böyük ziyan vurduğu tərəflərdən biri erməni xalqıdır.
Faktiki olaraq, ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi. Serj Sarkisyanın hakimiyyəti itirməsini şərtləndirən bir çox amil var. Ancaq araşdırdıqda məlum olur ki, onların hamısının səbəbi Dağlıq Qarabağ prosesinə səhv yanaşmadan qaynaqlanır, Sarkisyanın hakimiyyətə gəlişindən tutmuş, gedişinə kimi. Bəllidir ki, Ermənistanın bugünkü rəzil duruma, kasıb halına salınmasının arxasında həmin ölkəyə rəhbərlik edənlərin işğalçı siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada səhv mövqeyi dayanır. Sarkisyanın hakimiyyətdən salınmasında onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi qeyri-konstruktiv, aqressiv mövqeyi hansı dərəcədə rola malik olub?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Sarkisyanın vəzifədən salınmasında deyilən amilin böyük rolu olub: “Bu gün etirazlarda səslənən şüarlara fikir verin. İrəvanda küçələrə axışan xalq hakimiyyəti ələ keçirmiş bir regiondan olan insanların idarəetməsinə etiraz edib. Bildirilib ki, hakimiyyətdəkilər külli miqdarda varlansalar da, onlar səfalət içində əziyyət çəkirlər. Serj Sarkisyanın 2008-ci ildəki hakimiyyətə gəlişi də silah gücünə oldu. Onda da xalq bu hərbi cinayətkara etiraz edirdi. Həmin vaxt İrəvanın küçələrində toqquşmalar oldu, insanlar öldürüldü, yüzlərlə insan yaralandı. Buna baxmayaraq, Sarkisyanın vəzifə hərisliyi onu xalqının qanını tökməyə vadar etdi. Sonra iki dönəm prezident oldu. Bunun da nəticəsi göz qabağındadır. Ermənistan, demək olur ki, məhvə doğru gedir. Dağlıq Qarabağdakı işğalçılıq nəticəsində həmin ölkənin beynəlxalq imici bərbad vəziyyətə düşüb. Ölkə iqtisadi problemlərin cəngində çabalayır. Sarkisyanın aqressiv və qeyri-konstruktiv siyasəti səbəbindən Ermənistan blokada şəraitində yaşamağa məhkum edilib. Ermənistan rəhbərliyi Sarkisyanın timsalında bilə-bilə bu istiqamətdə aqressiv, qeyri-konstruktiv yol tutub. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda nəticələrə ümid bəslənən kimi, cəbhədə atəşkəsi pozub və müxtəlif təxribatlara əl atıb. Dünya miqyasında bu siyasət heç bir effekt verməyib. Dağlıq Qarabağın “müstəqilliyini” heç bir ölkə tanımayıb və bundan sonra da tanımayacaq. Mitinqdə ön cərgədə gedən kontingentdən biri də övladları Dağlıq Qarabağda ölən analar idi. Onlar Sarkisyanın siyasətinə üsyan edirdilər və övladlarının niyə ölməsinin sualını ona ünvanlayırdılar. Hətta hərbi hissələrdə olan əsgərlər belə xidmət yerlərini tərk edib aksiyaya qoşuldularsa, demək, Sarkisyanın başına gələnlərin ən ümdə səbəbi Dağlıq Qarabağla bağlı yürüdülən səriştəsiz siyasət olub”.
Məhəmmədəli QƏRİBLİ