Məhəmməd Əsədullazadə: “Beynəlxalq ictimaiyyətin diqqətinə rəsmən çatdırıldı ki, belə bir ehtimal var”
Zaman-zaman Ermənistan hakimiyyəti ölkə daxilindəki sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün cəbhə bölgəsində müxtəlif təxribatlara əl atıb. Xüsusən də on il ölkəyə rəhbərlik edən Serj Sarkisyanın prezidentliyi dövründə bu amil özünü daha çox göstərib. Ancaq məlum aksiyalardan sonra Sarkisyanın istefaya məcbur edilməsi göstərdi ki, bu amil belə rejimi hər zaman xilas edə bilmir. Buna baxmayaraq, Ermənistanın hazırkı hakimiyyəti hər an təxribatlara əl atıb yenidən hakimiyyətdə qalmağa cəhd edə bilər.
Bu baxımdan, Sarkisyanın istefasından sonra Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayması tam yerinə düşür. Bəyanat cinayətkar Sarkisyanın Qarabağda təxribatlar edə biləcəyinə diqqət çəkir. Dünya üçün olduqca ilginc xəbərdarlıq elementlərinə malik bəyanatda qeyd olunur ki, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir: “Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir”.
Göründüyü kimi, Azərbaycan Müdafiə Nazirliyi çox incə məqamları və elementləri tutub. Həqiqətən də Sarkisyanın cinayətkar dəstəsinin üzvlərinin xalqın qəzəbindən yaxa qurtarmaq üçün cəbhədə irimiqyaslı təxribatlar törətməsi çox realdır. Bununla vaxt udmaq və diqqəti əsas şeylərdən yayındırmaq cəhdləri ola bilər. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin sözügedən məsələ ilə bağlı yaydığı bəyanatın nə kimi strateji əhəmiyyəti var?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, hazırkı situasiyada Azərbaycan Müdafiə Nazirliyinin belə bir bəyanatla çıxış etməsinin strateji əhəmiyyəti var: “Əvvəla nəzərə almaq lazımdır ki, Ermənistanda baş verən məlum etiraz aksiyaları fonunda Sarkisyanın istefasının gerçəkləşməsi hələ bu rejimin hakimiyyətdən getməsi demək deyil. Çünki parlamentdə və hökumətdə oturanlar Sarkisyan rejiminin nümayəndələridirlər. Ona görə də sözügedən rejimin cəbhə bölgəsində təxribatlar törətməsi mümkündür və bu, istənilən vaxt özünü göstərə bilər. Müdafiə Nazirliyinin yaydığı bəyanat da məhz bu kimi təxribatların önlənməsinə hesablanıb. Beynəlxalq ictimaiyyətin diqqətinə rəsmən çatdırıldı ki, belə bir ehtimal var. Nəzərə almaq lazımdır ki, Ermənistanda hökumət böhranı davam edir. Ölkədəki sistem faktiki olaraq laxlayır. Məlumdur ki, orada hakimiyyət müharibə partiyasının əlindədir. Ona görə də bu kimi təxribatlar istisna edilmir və hər an baş verə bilər. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Silahlı Qüvvələrimiz cəbhədə düşmənin hərəkətlərini nəzarətdə saxlamalı və istənilən təxribatlara qarşı kompleks qabaqlayıcı tədbirlər görməlidir. Bəli, Silahlı Qüvvələrimiz yaranmış vəziyyətə ciddi nəzarət edir. Bunu işğalçı ölkə də görür. Rəsmi İrəvan vəziyyəti mürəkkəbləşdirərək əhalinin diqqətini cəbhəyə yönəltməyə cəhd edə bilər. Ona görə də Ermənistanın bütün provokasiyalarına qarşı tədbirli olmaqla yanaşı, ilk əks həmləni ordumuz vurmalıdır. Son dərəcə ayıq-sayıq olmalıyıq. Düşmənə bununla bağlı hansısa fürsət verməməliyik”.
Vidadi ORDAHALLI