Elçin Mirzəbəyli: “Aksiyalarda səslənən bəyanatlar effekt verdiyi üçün, Sarkisyan hökuməti aprelin 18-dən etibarən paytaxt İrəvan ərazisinə hərbi hissələr yeritməyə başlayıb”
Məlum olduğu kimi, Ermənistan paytaxtında keçirilən etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir postuna seçilməsinə etiraz edirlər. Aksiyalarda bir sıra siyasi qüvvələr iştirak edirlər.
İrəvanda davam edən etiraz mitinqində iştirak edən David Sanasaryan maraqlı bir bəyanat səsləndirib. O qeyd edib ki, etiraz aksiyalarına qoşulan ilk polis əməkdaşına 10 min dollar mükafat veriləcək. Daha sonra aksiyalara qoşulan polislərə isə əməkhaqlarının iki misli qədər mükafat veriləcək.
İrəvanda keçirilən etiraz aksiyasına qoşulan ilk polis əməkdaşına 10 min dollar məbləğində mükafatın verilməsi kimi qərarlar necə effekt verəcək?
Politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xalqın tərəfinə ilk keçəcək polis əməkdaşına pul mükafatının verilməsi Ermənistandakı vəziyyətin, hüquqa olan münasibətin göstəricisidir: “İndiki şəraitdə aksiyalarda polisin müəyyən təzyiqləri hiss olunur. Aksiyalarda səslənən bəyanatlar effekt verdiyi üçün, Sarkisyan hökuməti aprelin 18-dən etibarən paytaxt İrəvan ərazisinə hərbi hissələr yeritməyə başlayıb. Şəhərin küçələrində hərbi texnika görünüb. Hərbi texnikanın isə Dağlıq Qarabağdan gətirildiyi bildirilir. Eyni zamanda, hərbçilərin də Dağlıq Qarabağdan gətirildiyi iddia olunur. Daha öncə prosesdə iştirak edən hərbçilərdən və polis nümayəndələrindən fərqli olaraq, yeni hərbi texnika ilə gələn hərbçilərin fotoşəkillərinin çəkilməsinə icazə vermirlər. Hətta onları lentə almaq istəyən media nümayəndələrinə qarşı kifayət qədər sərt davranırlar. Bu isə sübuta yetirir ki, artıq Sarkisyan rejimi polisə etibar göstərmir və ənənəvi qaydada Dağlıq Qarabağdakı işğalçı qüvvələrdən bu prosesdə istifadə etməyə çalışır”. Günel CƏLİLOVA