Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması fonunda işğalçı Ermənistan sosial-iqtisadi müstəvidə daha böyük problemlərlə üzləşməkdə, bu da ölkədə hakimiyyətdən narazılığı əhəmiyyətli dərəcədə artırmaqdadır. Ermənistanda hakimiyyətin dəyişdirilməsi məqsədilə geniş vüsət alan etiraz aksiyalarının arxasında duran əsas məqamlardan biri də məhz bununla bağlıdır. Hadisələrin gedişi çox aydın göstərir ki, erməni xalqı SSRİ-nin çöküşündən sonra məhrumiyyətlər içində yaşamaqdan bezib.
Amma ötən illərin təcrübəsindən də ermənilər yaxşı bilir ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayana qədər onların sosial iqtisadi problemlərinin həlli yoxdur. Əksinə, bu sahədə vəziyyət getdikcə daha da pisləşəcək.
Ümumiyyətlə, erməni tərəfi bir reallığı açıq görür və qəbul edir ki, Azərbaycanla münasibətlər normallaşmadan Ermənistanın inkişafı mümkünsüzdür və ölkə daha ağır duruma düşəcək. Ən azından ona görə ki, Azərbaycan Ermənistanın iqtisadi təcridini daha da dərinləşdirəcək, onu daim təzyiq altında saxalyacaq. Bunu Milli Məclisdə andiçmə mərasimi zamanı çıxışında Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı. Xatırladaq ki, həmin çıxışında dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə də xüsusi olaraq toxundu: “Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir“. Dövlət başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistan dalan ölkəyə çevrilib: “Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın… Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır“. Beləliklə, Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, işğal siyasətinin davamı fonunda Ermənistanın böyük iqtisadi problemlərlə üzləşməsi davam edəcək. Özü də bu istiqamətdə məqsədyönlü siyasət yürütməkdə davam edəcəyini Azərbaycan ən yüksək səviyyədə bəyan edir. Bundan öncə isə Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərinə dair yazdığı analitik məqalədə də xüsusi vurğulanır ki, iqtisadi güc Dağliq Qarabağ probleminin həllində təsirli vasitə kimi çıxış edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir: “O, həm də Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq üsullarından geniş istifadə edilməsi fikirlərini səsləndirir. Bu o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində, hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcək. Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edir. İqtisadi müharibədə Azərbaycanın mövqeyinin getdikcə gücləndiyini nəzərə alraq, onun daha sərt və sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks mövqedə dayanan ölkələr bir-birini silahla deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verir”.
Azərbaycanın bu yanaşması, baş verənlər, əslində Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni iqtisadçısı Vaaqn Xaçatryanın sözlərinə görə, məhz Azərbaycanın təcrid siyasəti çoxsaylı xarici investorların Ermənistana marağını azaldır. O bildirir ki, ağır sosial-iqtisadi durum üzündən Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki, investisiya ilə bağlı situasiya çox pisdir: “Erməni xalqı xaricdən gələn kredit və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin böyük əksəriyyəti yoxsulluq içində yaşayır. Bu çox acınacaqlı durumdur, bizim iqtisadiyyat vaxt keçdikcə daha da pisləşir. Ölkənin rəhbəri heç bir tədbir görməyi belə düşünmür”. Ermənistan iqtisadiyyatının ən böyük problemlərindən biri də regionda həyata keçirilən transmilli layihələrdən kənarda qalmasıdır. İşğalçılıq siyasətinə görə Azərbaycan bu ölkəni heç bir transmilli layihəyə yaxın buraxmır. Belə vəziyyət Ermənistanın durumunu daha da ağırlaşdırır. Ermənistanın “armenianreport” saytı yazır ki, Qarabağ münaqişəsi həllini tapmayacaqsa və Sarksiyan ölkəni idarə etməkdə davam edəcəksə, vəziyyət daha da pisləşəcək: “1989-1990-cı illərdə SSRİ-nin tərkibində olan dövlətlər öz müstəqilliyi uğrunda mübarizəyə başladı. Latviya, Litva, Gürcüstan və Azərbaycanda milli azadlıq hərəkatı başladı. Bu ölkələrin xalqları öz azadlıqları uğrunda canlarından keçdilər və müstəqil dövlətlərə sahib oldular. Ermənistanda isə heç bir azadlıq hərəkatı baş vermədi. Bu xalq müstəqillik uğrunda mübarizənin nə olduğunu bilmədi. 90-cı illərin əvvəllərində başlayan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bu, milli azadlıq hərəkatı deyildi. Bu münaqişə azadlıq hərəkatı ilə bağlı söylənilən fikirlərin əksinədir. Bu müharibədə çoxlu sayda erməni öldü. Azad həyatın nə olduğunu bilməyən ermənilər mənasız yerə həyatları ilə vidalaşdılar. Sovet İttifaqı dağıldıqdan sonra ermənilər qeyri-müstəqil şəraitdə, yoxsulluq içində yaşamağı öyrəndilər. Ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı 1990-cı ilin yanvarında mübarizə apararaq müstəqilliyini qazana bildi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti xalqı birləşdirən konsepsiyaya sahibdir. On il bundan əvvəl martın 1-də Ermənistanda azadlıq hərəkatına start verilsə də, bunun heç bir nəticəsi olmadı, erməni xalqının qanı tökülsə də Serj Sarkisyan prezidentlik postundan getmədi. Jirayr Sefilyan, Armen Martirosyan, Gevorg Safaryan kimi müxalifət liderlərinin alovlanan azadlıq mübarizəsi qısa zamanda söndü. Bu gün isə bütün nəzərlər Nikol Paşinyanın başlatdığı etiraz aksiyaları üzərində cəmləşib”. Qeyd olunur ki, Serj Sarkisyan yenə Qarabağ amilindən isftfadə edib iqtidarda qalmağı düşünür. Amma cəmiyyət tamam başqa mövqedədir və Qarabağa görə ağır sosial-iqtisadi durumda yaşamaq istəmir.
Yeri gəlmişkən qeyd edək ki, daxildə yeni problemlərlə üzləşən Sarksiyan rejimi vəziyyətdən yaxa qurtara bilmək üçün cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə can atır. Bu məqsədə yenə cəbhədəki mövqelər, yaşayış sahələri atəşə tutulur. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirir ki, Ermənistan cəbhəyanı bölgələrdə yaşayan dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik edir. O qeyd edir ki, ermənilər daim Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutmaqla da kifayətlənmir: “Düşmən ara-sıra cəbhə bölgəsindəki yaşayış məntəqələrimizi də atəşə tutur, dinc sakinlərə xəsarətlər yetirir. Azərbaycanın cəbhəboyu zonadakı bütün yaşayış məntəqələrinin hamısında dinc əhali yaşayır. Ermənistan ordusunun bölmələri aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini atəşə tutub. Nəticədə kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən güllə yarası alıb”.
Ermənistan tərəfinin bununla Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar etdiyini vurğulayan hərbi ekspert bildirib: “Düşmənin diversiya qrupları daim təxribat törətmək istəyir. Lakin Azərbaycan ordusu bu təxribatların qarşısını alır, ermənilərə layiqli cavab verir. Düşmən öz çirkin niyyətini həyata keçirməyə nail olmayanda isə kəndlərimizi, dinc sakinlərimizi atəşə tutmağa başlayır. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb. 2016-cı ilin aprelində də ermənilər kəndlərimizi atəşə tutmağa başlamışdı. Azərbaycan ordusu düşmənə gücünü göstərdi və layiqli cavabını verdi. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərdi. Ermənilər həmişə təxribatlara əl atır. Düşmən bizi nə qədər təhrik etməyə çalışsa da, öz mənfur niyyətlərinə çata bilməyəcək”. Amma o da dəqiqdir ki, Azərbaycan məsələni güc yolu ilə həll etmək istəsə, işğalçı ordudan əsər-əlamət belə qalmayacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.