Aydın Mirzəzadə: “Ermənistanın bütün səylərinə baxmayaraq, rəsmi İrəvanın mövqeyi heç bir halda dəstəklənməyib”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik”. Bunu Prezident İlham Əliyev andiçmə mərasimində deyib.
Dövlət başçısının sözlərinə görə, son 15 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər: “Həmin sənədlərdə qeyd olunur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ECO-İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul ediblər. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamə qəbul etmişdir ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik”.
Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: “BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq”.
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi mühüm faktordur. O baxımdan ekspertlər bunun əhəmiyyətinə necə yanaşırlar?
Məsələyə münasibət bildirən milət vəkili, politoloq Aydın Mirzəzadə ümumən buna bir neçə kontekstdən yanaşdı: “Adətən bu kimi məsələlərdə beynəlxalq təşkilatlar tam araşdırma apardıqdan sonra öz münasibətlərini bildirirlər. Azərbaycan bu müddət ərzində çox böyük işlər görüb. Azərbaycan Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətlə beynəlxalq hüquq normaları prinsiplərinə uyğun işləyib. Mövcud vəziyyətlə bağlı real həqiqətlər beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bəli, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edirlər. Ermənistanın bütün səylərinə baxmayaraq, rəsmi İrəvanın mövqeyi heç bir halda dəstəklənməyib. Hesab edirəm ki, bunun özü çox önəmli faktordur. Eyni zamanda çox vacib bir məqamdır. Çünki müstəqilliyini yeni qazanmış ölkənin öz mövqeyini dünyada qəbul etdirməsi onun beynəlxalq aləmdə nüfuzundan, apardığı siyasətin düzgünlüyündən xəbər verir. Biz, sadəcə olaraq, Dağlıq Qarabağ məsələsində mövqeyimizin dəstəklənməsini qarşıya məqsəd qoymamışıq. Biz sözügedən problemin həllini əsas götürürük. Bunun üçün də atılan və atılacaq bütün addımlar Azərbaycanı problemin həllinə yaxınlaşdırır. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyevin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə məqsədyönlü siyasət aparır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışır”.
Vidadi ORDAHALLI