Seyid Camal Əzimbəyli: “Görünən odur ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı, çiçəklənməsi, tərəqqisi üçün bütün mütərəqqi vasitələrdən istifadə edir”
“Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev andiçmə mərasimində deyib. Bununla yanaşı, ölkə başçısı seçkilərdə iştirak edən namizədlərə təşəkkür edib.
Prezident bildirib ki, son on beş ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur: “Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin, tənqidi fikirlər səslənmişdi. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Qeyd etməliyəm ki, kampaniya zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik”.
Prezidentin məlum yanaşması bir daha onun böyük siyasətçi olduğunu sübut edir. Məsələ ondadır ki, o, böyük siyasətçi olmaqla yanaşı, bu yanaşması ilə həm də təvazökarlıq nümayiş etdirdi. Ölkənin inkişafı üçün bütün ağıllı, faydalı təkliflərdən istifadə etməyə hazır olduğunu göstərdi. Bütün bu deyilənlərin fonunda, maraqlıdır, Prezident namizədlərin təxminən hansı təkliflərini nəzərə alacaq? Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezidentin bu yanaşması təqdirəlayiqdir. Onun fikrincə, konseptual xarakterli təkliflər nəzərə alına bilər: “Əvvəla Prezidentin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər siyasi plüralizm nümunəsi kimi tam normal və məqbul sayılan haldır. Hansı ki, dövlət başçısı böyük siyasətçi olaraq bu məsələyə toxundu. Seçki kampaniyası zamanı televiziyada namizədlərin öz platformaları ilə bağlı çıxışlarına mən də qulaq asdım. Orada dəyərli fikirlərlə yanaşı, bəzi yersiz fikirlər də səsləndi. Məsələn, kimin kiməsə borcu olması ilə bağlı və s. belə xarakterli məsələlər hansısa önəm kəsb etmir. Ancaq təbliğat-təşviqat kampaniyası vaxtı prezidentliyə namizədlərin bəziləri istər iqtisadiyyatla, istərsə də Dağlıq Qarabağ məsələsi ilə bağlı bəzi konseptual xarakterli təkliflər səsləndirdilər. Hesab edirəm ki, məhz həmin konseptual xarakterli məsələlər dəyərləndirilə bilər. Bundan sonra onların içində daha məqbul sayılanları nəzərə alına bilər. Konkret demək çətindir ki, ölkə başçısı bunlardan hansına xüsusi önəm verəcək. Ona görə ki, bu, dövlət başçısının seçimindən asılı olacaq. Çünki hansı məqamların nəzərə alınmasını o daha yaxşı bilir. Bütün hallarda görünən odur ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı, çiçəklənməsi, tərəqqisi üçün bütün mütərəqqi vasitələrdən istifadə edir. Onun bu istiqamətdə ötən 15 ildə gördüyü işlər bunu bir daha əyani şəkildə sübut edir. Məqsədi, həmişə olduğu kimi, ölkəni daha da inkişaf etdirmək, yüksək nəticələr əldə etməkdir. Bu baxımdan ölkə başçısının Azərbaycanın dayanıqlı inkişafı üçün bütün faydalı təklifləri dəyərləndirərək nəzərə alması çox yaxşı nümunədir. Hesab edirəm ki, İlham Əliyevin bu siyasəti bütün mənalarda dəstəklənməlidir”.
Vidadi ORDAHALLI