Suriyadakı ABŞ qoşunlarının çıxarılmasından sonra Vaşinqton Suriyanın şimalında yeni Ərəb ordusu yaratmağı planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat yayan “Wall Street Journal” qəzeti rəsmi şəxslərə istinadən, ABŞ-ın Suriyanın şimalında yenidənqurma işləri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdən maliyyə dəstəyi istədiyini və eyni zamanda, ərəb ölkələrindən əsgər göndərmələrini tələb etməyə hazırlaşdığını bildirib.
Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə maliyyə və daha geniş dəstək mövzusunda hazırda danışıqlar gedir.
İddialara münasibət bildirən Pentaqon məlumatı təkzib etməyib. Qeyd edilib ki, gələcək planlarla bağlı müttəfiq ölkələrlə danışıqlar davam edir.
Bu arada, Səudiyyə Ərəbistanı Suriyaya qoşun göndərməyə hazır olduğunu bəyan edib. Bu barədə açıqlama verən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr, daha böyük koalisiya yaradıldığı təqdirdə Suriyaya qoşun göndərməyə hazır olduqlarını deyib.
BMT Baş katibi Antonio Quterreslə birgə mətbuat konfransında açıqlama verən nazir, Suriyaya qoşun göndərilməsi məsələsinin müzakirə edildiyini deyib.
Ancaq, Səudiyyə Ərəbistanının Suriyaya qoşun göndərmək niyyəti İranla aralarındakı gərginliyin bölgədə açıq müharibəyə çevrilməsi ehtimalını da özü ilə gətirir.
Qeyd edək ki, bu barədə ilk dəfə məlumat yayan "Wall Street Journal” qəzeti yazır ki, ABŞ-ın Suriyanın şimalında olan qüvvələrinin yerinə yerləşdirmək və İŞİD-lə mübarizənin sona çatmasından sonra ölkənin şimal şərqində sabitliyi təmin etmək üçün ərəblərdən ibarət ordu qurmağa hazırlaşır.
Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə prezident Donald Trampın qısa müddət əvvəl milli təhlükəsizlik üzrə müşavir təyin etdiyi Con Bolton Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə Suriyadakı ərəb qüvvələri formalaşdırmaq cəhdlərinə Misirin də dəstək verməsi məsələsi müzakirə edilib.
Rəsmilər, ABŞ rəhbərliyinin Suriyanın şimalının yenidən qurulması işləri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ)kimi ölkələrdən maliyyə istədiyini və eyni zamanda ərəb ölkələrindən əsgər göndərmələrini tələb etməyə hazırlaşdığını bildirib.
Bir müddət əvvəl Prezident Tramp ABŞ-ın Suriyada yerləşdirdiyi təxminən 2000 qoşunun çıxarılması prosesinin sürətləndirilməsi vacibliyini bildirmişdi. Ancaq ABŞ rəsmilərindən bir çoxları, hərbi qüvvələrin çıxarılmasının Rusiya və İranın Suriyada təsirini artıracağından narahatdır.
İŞİD-in Suriyada tamamilə məğlub edilməsinin asan bir proses olmadığını deyən bəzi hərbi mənbələr qəzetə açıqlamasında, bölgəyə ABŞ əsgərlərinin yerinə ərəb qüvvələrinin yerləşdirilməsinin qarşısında bəzi maneələrin olduğunu da bildirib. Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ hazırda Yəməndə hərbi əməliyyat keçirirlər, Misir isə Əsəd hökumətinin nəzarəti altında olmayan bir bölgəyə hərbi qüvvə göndərmək mövzusunda tərəddüd edir.
ABŞ ordusunun, bu planın həyata keçirilməsində yer alıb-almayacağı isə hələlik məlum deyil.
TAHİR