Rüfət Quliyev: “Bu günə kimi keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunub və Azərbaycan bu sahədə özünü doğruldub”
Məlum olduğu kimi, Azərbaycan "EXPO-2025" beynəlxalq sərgisinin Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır.
Qeyd edək ki, Beynəlxalq Sərgi Bürosunun (BIE) tədqiqat missiyası "EXPO-2025" sərgisinin keçirilməsi ilə əlaqədar Bakının müraciətini qiymətləndirmək üçün dünəndən etibarən Azərbaycana gəlib. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda qeyd olunur. Məlumat üçün bildirək ki, missiya aprelin 19-dək ölkədə olacaq.
Xatırladaq ki, qeyd olunan tədbirə evsahibliyi üçün Yekaterinburq və Osaka şəhərlərinin də namizədliyi irəli sürülüb. Tədqiqat missiyası martın 6-8-də Yaponiyada, aprelin 2-4-də isə Rusiyada olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın qeyd olunan sərgiyə evsahibliyi etməsi üçün şansı yüksəkdir. Onun fikrincə, Azərbaycan “Expo-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün ən yaxşı məkandır: “Xatırladım ki, Fransanın paytaxtında Bakının Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən tədbirdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin inkişafı, güclü və qüdrətli dövlət kimi nailiyyətlərini, habelə Bakı şəhərinin beynəlxalq tədbirlərin, sərgilərin yüksək səviyyədə keçirilə biləcəyi mərkəz kimi imkanlarını diqqətə çatdırıb.
Nəzərə almaq lazımdır ki, rəqabətdə Bakının sərgiyə evsahibliyi etməsi şansı digərlərinə baxanda daha böyükdür. O da bəllidir ki, Azərbaycanın paytaxtı Bakı uzun müddətdir bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu günə kimi keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunub və Azərbaycan bu sahədə özünü doğruldub. Bu bir daha sübut edir ki, Azərbaycan belə tədbirlər keçirməyə qadirdir. O üzdən hesab edirəm ki, Bakının rəqabətdə qalib olma şansı digər ölkələrlə müqayisədə daha yüksəkdir”.
Millət vəkili onu da vurğuladı ki, hazırda Azərbaycan faktiki olaraq regionda ən diqqətçəkən dövlətlərdən biridir. Ölkəmiz sabitlik, təhlükəsizlik baxımından da digər dövlətləri üstələyir: “Adıçəkilən sərgidə iştirak üçün digər namizəd ölkələr də səy göstərirlər. Ancaq hesab edirəm ki, ölkəmizin şansları daha yüksəkdir. Ümid edirəm ki, Azərbaycan "EXPO-2025"ə evsahibliyi edəcək. Azərbaycan sərgini keçirmək hüququ qazansa, bu, ölkəmizin növbəti nüfuz şansı sayılacaq. Sərgi Azərbaycanın beynəlxalq birlikdə tanınması və nüfuz qazanmasının növbəti göstəricisi olacaq. Bundan başqa, sərginin ölkəmizdə keçirilməsi Azərbaycanın imkanlarını daha geniş şəkildə təqdim edilməsi, gələn qonaqların ölkə reallıqları ilə tanış olması üçün yaxşı şərait yaradacaq. Ümumən götürdükdə, bu sərginin Azərbaycanda keçiriləcəyinə inanır, onun sərgi tarixində önəmli yer tutacağına və bundan sonra keçiriləcək sərgilər üçün nümunə olacağına inanırıq”.
Günel CƏLİLOVA