Elşən Həsənov: “Rusiyanın gərginlikdən uzaq olmaqla bağlı öz vətəndaşlarına xəbərdarlıq etməsi əbəs yerə deyil”
Rusiya Xarici İşlər Nazirliyi İrəvanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib. Bildirilir ki, bu müraciət İrəvanda davam edən iğtişaşlarla əlaqədar edilib.
Ermənistan parlamenti yaxınlığında və digər küçələrdə polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.
Qeyd edək ki, İrəvanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb və davam edir.
Rusiya XİN-in belə narahatlıq ifadə etməsi onu deməyə əsas verirmi ki, onlar da Ermənistanda gərginliyin hələ davam edəcəyini gözləyirlər?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Rusiya onun ətrafında nələrin baş verdiyini və verə biləcəyini hamıdan yaxşı bilir: “Çünki oturuşmuş hegemon ölkə kimi onun güclü kəşfiyyat və agentura şəbəkəsi var. Təbii ki, Ermənistanda cərəyan edən hadisələri Moskva öz obyektivi ilə daha sərrast görə bilir. Cünki həmin ölkə, demək olar ki, Rusiyanın nəzarəti altındadır. Ermənistan ərazisində Rusiya öz ordusunu hələ də saxlayıb. Həmin ölkənin sərhədlərini rus hərbçiləri qoruyurlar. Etirazların motivi Serj Sarkisyanla bağlıdır. Görünən budur ki, o da geri çəkilmir. Onun baş nazir seçiləcəyi reallaşacaq. Çünki bu məsələ küçələrdə deyil, parlamentdə həll edilir. Küçəyə çıxan kütlə isə çevriliş etmək gücündə deyil. Amma, ümumiyyətlə, Ermənistanda sosial gərginlik davam edəcək. Sarkisyanı gözdən salan bir çox səbəblər var. Buna səbəb korrupsiyanın çiçəklənməsi, aprel döyüşlərindəki məğlubiyyət və bu məsələlərdən öncə də o, böyük nüfuza malik deyildi. Daxili vəziyyətdə də millətçilər ondan narazıdırlar ki, Ermənistan döyüşlərdə Azərbaycana kifayət qədər cavab verə bilmədi. Solçular da sosial-iqtisadi vəziyyətin bərbad halda olmasına etiraz edirlər. Sarkisyanın özünü də dəyişməsələr, siyasətində dəyişikliklər olmalıdır. Bu baxımdan da Rusiyanın gərginlikdən uzaq olmaqla bağlı öz vətəndaşlarına xəbərdarlıq etməsi əbəs yerə deyil”.
Məhəmmədəli QƏRİBLİ