Şimal qonşumuzla Qərb ölkələri, xüsusən də ABŞ arasında təkcə hərbi-diplomatik yox, iqtisadi müstəvidə də çəkişmələr getdikcə kəskinləşir. Belə görünür ki, tərəflər iqtisadi müstəvidə digər sahələrə nisbətən daha sərt formada mübarizə aparacaq. Çünki ABŞ Rusiyaya qarşı tətbiq etdii sanksiyaların miqyasını genişləndirməyə, Rusiya da buna cavab tədbirləri görməyə hazırdaşır. Artıq Rusiya Dövlət Dumasına ABŞ sanksiyalarına cavabı nəzərdə tutan qanun layihəsi təqdim olunub. Rusiya tərəfi bu sənədin ortaya çıxmasını Birləşmiş Ştatların düşməncəsinə münasibəti ilə izah edir.
Layihədən belə məlum olur ki, Rusiya ABŞ dərmanlarına, siqaretlərinə, spirtli içkilərinə qadağa qoyur, eyni zamanda Rusiya zavodlarında istehsal olunan raket mühərriklərinin ABŞ-a çatdırılması dayandırılır. Dumanın birinci vitse-spikeri İvan Melnikov bildirib ki, qanun layihəsində həmçinin nüvə sənayesində və aviatikinti sahəsində beynəlxalq münasibətləri dayandırmaq təklif olunur. Qadağalarda ABŞ və onun mövqeyini dəstəkləyən ölkələrdən kənd təsərrüfatına aid mal və məhsullar alınmasının dayandıırlması da nəzərdə tutulur. Bu vəziyyətdə isə görünən odur ki, Moskva həmin kənd təsərrüfatına aid mal və məhsulları digər ölkələrdən alacaq. Bura MDB ölkələri, o cümlədən Azərbaycan aid olunur. Baş verənlər onu göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycan Rusiyaya kənd təsərrüfatı sahəsində istehsal edilən daha çox məhsul satacaq. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli də mümkün sayır və qeyd edir ki, Qərb-Rusiya qarşıdurması Azərbaycan üçün müəyyən şanslar yaradır: “Rusiya bazarı böyük və alıcılıq qabiliyyəti yüksəkdir. Bunun özü Azərbaycan istehsalçıları üçün Rusiya bazarına əlavə məhsulların çıxmasına imkanlar yaradır. Ölkəmiz bundan yüksək səviyyədə yararlanmalıdır. Eyni zamanda Rusiya ilə həm iqtisadi, həm də siyasi münasibətlərimiz yaxşıdır. Azərbaycan sanksiyaların siyahısına düşən məhsullar üzrə istehsal səviyyəsini artırmalıdır. Nəzərə alaq ki, vaxtilə Türkiyə-Rusiya münasibətləri gərginləşəndə də bunu müşahidə etmişdik. Həmin vaxt ölkəmizdə Rusiyaya ixrac olunan tərəvəzin həcmi artmışdı. İndi də Azərbaycan istehsalı artırmaq şərtilə Rusiya bazarına daha çox məhsul çıxara bilər”.
Yuxarıda qeyd olunduğu kimi isə, Rusiya və ABŞ arasında iqtisadi müstəvidə münasibətlərin daha da pisləşməsi gözlənir. Bu fonda Dumanın deputatları eyni zamanda ABŞ vətəndaşlarının Rusiya ərazisində işləmək hüququnu məhdudlaşdırmaq, əcnəbi şirkətlərin özəlləşdirmədə iştirakını qadağan etmək, onlara konsaltinq, audit və hüquqi xidmətlərin göstərilməsini məhdudlaşdırmaq istəyir. Onu da bildirək ki, əvvəllər iqtisadi məhdudiyyətlərlə bağlı sənədləri parlamentə hökumət təklif edirdi. Bu dəfə qanun layihəsi Dumaya bütün fraksiyaların liderləri tərəfindən irəli sürülüb. ABŞ-a qarşı embarqonun anonsunu isə Rusiya baş naziri Dmitri Medvedev hələ aprelin 11-də vermişdi. Baş nazir bildirmişdi ki, ABŞ məhsullarının Rusiya bazarına girişini məhdudlaşdıra bilərlər: “Bizim bazarda ABŞ-ın kifayət qədər məhsulu var. Bunlar təkcə qiymətli kağızlar deyil, həm də bazarımıza gətirilən və Amerika biznesinin istehsal etdiyi bir sıra digər mallardır”. Rusiya son dəfə embarqonu 2014-cü ildə tətbiq etmişdi. Həmin vaxt Rusiya, Avropa İtifaqı, ABŞ, Avstraliya, Kanada, Norveçdən ət, tərəvəz, meyvə, quşçuluq məhsulları, balıq, pendir və süd məhsulları tədarükünə qadağa qoymuşdu. Daha sonra qadağalar Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukraynaya da şamil olunmuşdu. Bundan sonra digər mənbələrdən, o cümlədən Azərbaycana Rusiya istiqamətində ixracın həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdi. Bu dəfə də analoji vəziyyətin qeydə alınması gözlənir. Elə Rusiyanın özü də bu prosesdə maraqlıdır. Avrasiya millətləri üzrə ekspert Pol Qobl da hadisələrin bu səpkidə inikşafını, Rusiyanın MDB dövlətləri, o cümlədən Azərbaycanla əməkdaşlığını dərinləşdirmək istiqamətində addımlar atacağını vurğulayır: O, hətta Azərbaycanı yanına çəkmək üçün Rusiyanın Qarabağ kartından belə istifadəsini istisna etmir: “Rusiya hazırda öz sərhədlərində yaranacaq hər hansı problemdən çəkinir. Buna görə də, keçmişdə etməsinə baxmayaraq, qonşuları üçün narahatlıq yaratmayacaq. Moskvanın Cənubi Qafqazdakı siyasəti dəyişməz olaraq qalır: Gürcüstanı keçid yolu, Ermənistanı alət kimi istifadə edərək Azərbaycanı qazanmaq! Hazırda, mənim təxminlərimə görə, rəsmi Moskva Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcək və Ermənistanı uzaqlaşdıracaq. Bu qeyri-real səslənə bilər, amma Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün bu addımı atacaq kimi görünür. Rusiya Azərbaycana bundan artıq heç nə təklif edə bilməz“.
NAHİD