Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə nail olmaq üçün Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məqamlardan biri Ermənistana qarşı siyasi, iqtisadi, diplomatik müstəvidə təziqlərin həyata keçrilməsidir. Bu siyasətin uğurla həyata keçirilməsi isə ölkəmizə düşmənlə müqayisədə ötən illər ərzində kifayət qədər böyük üstünlüklər qazandırıb. Bu xüsusda təkcə bir faktı qeyd etmək yetər ki, məhz Azərbaycanın gedişləri nəticəsində Ermənistan regionda həyata keçrilən bütün əsas transmilli layihələrdən kənarda qalıb.
İşğal siyasəti davam etdikcə Ermənistan bu aqibətdən xilas ola biləməyəcəyini də yaxşı bilir. Xatırladaq ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərindən və Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsindən kənarda qalıb. Eyni sözləri “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub Qaz Dəhlizi” barədə də demək mümkündür. O da aydındır ki, işğala son qoymayınca Ermənistanın iqtisadi blokadası güclənməkdə davam edəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq. Təsadüfi deyil ki, Ermənistanda bütün bunlara bir faciə kimi yanaşırlar. Azərbaycan isə Qarabağ məsələsində iqtisadi gücdən əsas təsir vasitələrindən biri kimi istfiadədə bundan sonra da israrlıdır. Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləriən dair yazdığı analitik məqalədə də xüsusi vurğulanır ki, iqtisadi güc Dağliq Qarabağ probleminin həllində təsirli vasitə kimi çıxış edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir: “O, həm də Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq üsullarından geniş istifadə edilməsi fikirlərini səsləndirir. Bu o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində, hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcəkdir. Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edir. İqtisadi müharibədə Azərbaycanın mövqeyinin getdikcə güclənməsini nəzərə alaraq, onun daha sərt və sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks mövqedə dayanan ölkələr bir-birlərini silahla deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verirlər”.
Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev də iqtisadi təsir vasitələrindən istfiadənin daim diqqət mərkəzində olacağını bildirib: “Ərazilərimiz azad olunmayınca, Ermənistanla heç bir əməkdaşlıq etməyəcəyik. Ermənistan belə bir əməkdaşlığı çox arzulayır, buna çalışır... Biz Ermənistanla əməkdaşlıq etmədən də uzun illər, on illərlə gözəl yaşaya bilərik. Kommunikasiyaların açılmaması, regional proseslərdən kənarda qalması isə Ermənistana baha başa gələcəkdir. Onlar diasporun köməyinə, hər hansı başqa xarici mənbələrin maliyyələşdirməsinə nə qədər ümid bəsləyə bilərlər? Ölkə özü-özünü dolandıra bilmir. O, həmişə xaricdən gələn hansısa maliyyə mənbələrindən asılıdır. Azərbaycan isə ərazilərinin işğal edilməsinə, bir milyon qaçqının olmasına baxmayaraq, inkişaf edir və edəcəkdir”.
Həqiqətən də Ermənistanı regional layihələrdən kənarda qoyan, ona digər formada iqtisadi təzyiqlər göstərən Azərbaycanın gedişləri nəticəsində düşmən ölkənin vəziyyəti xeyli ağırlaşıb. Məsələ ilə bağlı “Aykakan Jamanak” qəzeti yazır ki, ölkədə iqtisadi durum böyük sürətlə pisləşir: “Elə dərc edilən rəsmi statistik göstəricilər ölkənin iqtisadi böhran mərhələsinə daxil olmasından xəbər verir. Vəziyyət hardasa 2008-2009-cu ildəkinə çox bənzəyir. 10 il öncəki kimi, indi də Ermənistanda özəl transfertlərin azalması, daşınmaz əmlak bazarında passivlik, xarici sərmayələrin həcminin azalması, sənaye göstəricilərinin pisləşməsi müşahidə edilir. 2008-ci ilin prezident seçkisi kampaniyası zamanı Serj Sarkisyan demişdi ki, heç bir sahədə tənəzzülə imkan verməyəcək - istər iqtisadi sahə olsun, istərsə də demokratiya və ya insan haqları sferası. Bu vəddən bir il sonra – 2009-cu ildə ölkədə 14.1%-lik iqtisadi gerilik qeydə alındı. 2013-cü ildə isə Sarkisyan bəyan elədi ki, 7%-lik iqtisadi artımı təmin edə bilməyən hökumət istefaya gedəcək. Amma bu da olmadı. Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan bildirir ki, artıq 2018-ci ilin sonunda Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti xarici borcları artırır və vəsaitlərdən iqtisadi baxımdan düzgün istifadə etmir. O, gələcəkdə bu prosesin Ermənistan üçün risqli olduğunu və borcları heç vaxt bağlaya bilməyəcəklərini bildirib, bu durumda Ermənistanın xaricdən iqtisadi asılılığının daha da artacağını vurğulayıb. Amma problem həm də ondadır ki, Ermənistana xaricdən borc verənlərin sayı da azalır. Əsas səbəb də odur ki, hökumətin bu borcları qaytara bilmək imkanları çox aşağı qiymətləndirilir”. Mütəxəssislərin fikrincə, Ermənistanın Rusiyadan iqtisadi asılılığı, sonuncunun isə Qərbin sərt iqtisadi sanksiyaları altına düşməsi vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar Ermənistan üçün çox ağır vəziyyət yaradır və belə vəziyyətdə işğalçı ölkənin Qarabağ siyasətini davam etdirməsi mümkünsüz sayılır. Bu da o deməkdir ki, Azərbaycanın iqtisadi təzyiq siyasəti öz nəticələrini verir. Ermənistanın xilası isə birmənalı şəkildə Azərbaycanla əməkdaşlıqdan asılıdır və bu da yalnız zəbt edilmiş ərazilərin azad olunmasından sonra mümkündür. Buna qədər isə Azərbaycan Ermənistanı iqtisadi müstəvidə də təzyiq altında saxlamaqda davam edəcək. Məsələnin bu tərəfinə nəzər salan akademik Ramiz Mehdiyev yazır: “MDB məkanında iqtisadi diplomatiya sahəsində Azərbaycan qədər geniş manevretmə imkanlarına malik olan ikinci ölkə yoxdur. Biz bu imkanlardan hərbi münaqişənin həllində maksimum istifadə etməliyik. İqtisadi diplomatiya və iqtisadi gücün tətbiq edilməsi bir çox hallarda siyasi diplomatiyadan və hərbi gücün tətbiqindən daha təsirli və dağıdıcı olur. Məhz bu baxımdan ölkəmizin iqtisadi siyasətində Ermənistanla hərbi münaqişə amili nəzərə alınır, işğalçı ölkəyə qarşı iqtisadi təzyiqin müxtəlif forma və üsullarından istifadə edilir.
Hərbi münaqişənin həllində iqtisadi diplomatiyanın imkanlarından istifadə edilməsi həm də böhran məngənəsində sıxılmaqda olan Ermənistanın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq təhlilini tələb edir. Fikrimizcə, Ermənistan iqtisadiyyatının ən zəif nöqtələri müəyyənləşdirilməli, işğalçı dövlətə qarşı iqtisadi gücün tətbiq edilməsinin cari və strateji istiqamətləri müəyyən edilməlidir”. Kifayət qədər maraqlı yanaşmadır və bunlar həm də onun göstəricisi sayılır ki, Azərbaycan qarşıdakı dövr ərzində Ermənistanı iqtisadi müstəvidə daha çox sıxacaq. Ramiz Mehdiyev bu xüsusda bildirir ki, Azərbaycan işğalçı dövlətlə iqtisadi gücün dili ilə danışır və Ermənistan bunun acı nəticələrini görməkdədir: “Təsadüfi deyildir ki, erməni iqtisadçılar öz iqtisadiyyatlarının təhlili ilə bağlı hesabatların hər abzasında Azərbaycanın iqtisadi təzyiqinin doğurduğu nəticələrdən geniş bəhs edirlər. Hər bir dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan hökuməti bu vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı mövqeyi ilə öz vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə “Dağlıq Qarabağ uğrunda mübarizə”yə qalxmış ermənilər indi öz fiziki mövcudluğunu qoruyub saxlamaq üçün mübarizə aparır. Sosial vəziyyəti kəskinləşməkdə olan ermənilər, vaxt gələcək, özləri Ermənistan rəhbərliyini işğalçı və separatçı mövqedən çəkinməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm də Qarabağ erməniləri hiss edəcək”.
Əslində, Erəmnistanda indinin özündə də Qarabağ münaqişəsinin davam etməsi fonunda hakimiyyətdən çox böyük narazılıq duyulur. Belə vəziyyətdə erməni analitiklər gə ölkədə tənəzzülün davam edəcəyini, əhalinin güzəranının builkindən daha pis olacağını proqnozlaşdırır. Eyni zamanda, ölkədə miqrasiya axınının sürətlə davam edəcəyini vurğulayırlar. O da bildirilir ki, ölkədəki korrupsiya və rüşvətxorluq, eləcə də işsizlik səviyyəsinin durmadan artması sadə vətəndaşları indi daha çətin vəziyyətə salıb. Amma bütün bu problemləri həll etmək üçün Ermənistan hansısa resursa malik deyil. Deputat, parlamentin “Tsarukyan” fraksiyasından üzvü Naira Zohrabyan bu xüsusda bildirir: “Ermənistanda real iqtisadi artım olsaydı, yüksək sürətli miqrasiya və vətəndaşlığı dəyişmək olmazdı. Ermənistanın depopulyasiyası, yəni əhalinin ölkəni tərk etməsi aşkar faktdır. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmir. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur, hərçənd, bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmir. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk edir”. Beləliklə, aydın görünür ki, işğal siyasəti Ermənistana baha başa gəlir və işğaLa son qoyulmayana qədər Azərbaycan Ermənistana iqtisadi müstəvidə də böyük təzyiqlər göstərəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.