Müslüm İbrahimov: “Sarkisyanın səsləndirdiyi quru rəqəmlərin arxasında real iqtisadiyyat yoxdur”
Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verən Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyan, həmişə olduğu kimi, bu dəfə də bir sıra təhriflərə yol verib. O iddia edib ki, guya Ermənistan iqtisadiyyatı inkişaf göstəricisinə görə regionda daha yaxşı mövqedədir.
Həmçinin, Sarkisyan müsahibəsində Ermənistandan əhalinin köç etməsinə göz yummağa çalışıb: “Əlbəttə ki, belə bir problem var. Ancaq bu yalnız Ermənistan üçün tipik deyil. Bu baxımdan xüsusi bir proqram üzərində işləyirik və 2040-cı ilə qədər Ermənistan əhalisini ən azı 4 milyona çatdırmaq istəyirik. Son vaxtlar biz 2030-cu ilə qədər ölkənin inkişafı üçün strateji planı müzakirə etdik. Eyni zamanda, orta hesabla balansın pozulmasını düşünmürəm. Bəli, biz azıq, amma yaxşı işləyirik. Əhalinin adambaşına düşən ümumdaxili məhsul istehsalı ilə bağlı müqayisəli rəqəmlərimiz var. Ötən il ÜDM-in artımı 7,5 faiz təşkil edib. Ermənistanda orta əməkhaqqı qonşularımıza nisbətən daha yüksəkdir. Son 10 ildə iqtisadiyyat ikiqat artıb. Ermənistanda ÜDM-in 37 faizi ixracın payına düşür”.
Göründüyü kimi, Sarkisyan belə bir rəy yaratmağa çalışıb ki, guya Cənubi Qafqazda ən böyük iqtisadi inkişaf Ermənistandadır. Reallıqda isə bu belə deyil. Məsələ ondadır ki, Ermənistanın xarici borcu sürətlə artaraq 7 milyard dollara yaxınlaşır. Bu rəqəm milli qanunvericilikdə xarici borcun ÜDM-ə nisbətində qoyulmuş həddi aşıb. İşsizlik 18,9 faiz, yoxsulluq 32 faiz təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir.
Maraqlıdır, bəs ekspertlər Sarkisyanın səsləndirdiyi fikirlərə necə yanaşırlar? Onun arqumentləri nə dərəcədə əsaslıdır?
Məsələyə münasibət bildirən iqtisad elmlər doktoru Müslüm İbrahimovun söslərinə görə, Sarkisyanın səsləndirdiyi rəqəmlərin arxasında real iqtisadiyyat dayanmır: “Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatına erməni diasporu tərəfindən böyük həcmdə ayırmalar mövcuddur. Yardımlar müəyyən dərəcədə ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Eyni zamanda, sözügedən yardımlar onların ixracına müəyyən qədər təsir göstərir. O da məlumdur ki, son illər Ermənistandan əhalinin miqrasiya prosesi sürətlənib. Əhalinin sayı azaldığı üçün, adambaşına düşən ÜDM daha yüksək görünür. Ona görə də Sarkisyan müəyyən spekulyasiyalara yol verir. Məsələn, Çində ÜDM-in səviyyəsi inkişaf etmiş ölkələr səviyyəsindədir. Ancaq ÜDM-i adambaşına böləndə Çin xeyli geridə qalır. Ona görə ki, Çində sayca əhali daha çoxdur. Bu baxımdan Sarkisyan bir sıra şişirtmələrə yol verir. Ancaq Azərbaycanda bu gün ÜDM-in artması əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunur. Faktiki olaraq iqtisadi artımla yanaşı, keyfiyyət artımı özünü göstərir. Yəni iqtisadiyyatın bir neçə sahəsi inkişaf edərək çiçəklənir. Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistanda biz bunu deyə bilmərik. Ona görə ki, Ermənistanda heç bir keyfiyyət artımı ola bilməz. Ən azından ona görə ki, regionda mövcud iri nəqliyyat və enerji layihələrindən Ermənistan kənarda qalıb. Bu baxımdan Ermənistanda iqtisadi artımı Azərbaycandakı artımla müqayisə etmək doğru deyil. Nəzərə almaq lazımdır ki, iqtisadi artımla iqtisadi inkişaf eyni anlayışlar deyil. Azərbaycanla Ermənistanın iqtisadi inkişafları fərqlidir. Azərbaycanın indiki iqtisadi vəziyyətinə çatmaq üçün Ermənistana ən azı 10-15 il lazımdır. Sarkisyanın səsləndirdiyi quru rəqəmlərin arxasında real iqtisadiyyat yoxdur. Varsa, göstərsinlər görək Ermənistan dünya bazarına nə çıxarır?! Bax, bu kimi məsələlər var”.
Vidadi ORDAHALLI