Məhəmməd Əsədullazadə: “BMT qətnamələrində və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir”
Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verən Ermənistanın eks-prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın ünvanına bir sıra həqiqətə uyğun olmayan fikirlər səsləndirib. O həyasızcasına bildirib ki, guya 2014-cü ildən etibarən Azərbaycan, demək olar, hər gün atəşkəs rejiminu pozub.
Bununla yanaşı, Sarkisyan bildirib ki, ATƏT-in Minsk Qrupu 2007-ci ildə beynəlxalq hüququn üç prinsipi əsasında münaqişənin həll edilməsi ilə bağlı təkliflər verib. Bunlardan birincisi güc tətbiq etməmək, ikincisi, millətlərin öz müqəddəratını təyin etməsi, üçüncüsü, ərazi bütövlüyünün təmin olunması: “Əlbəttə, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək üçün çox şey edirlər. Prezidentlərin səviyyəsində beş bəyanat verilib və bunların hamısı bu üç prinsip əsasında həll edilə biləcəyini söyləyir. Bu prinsiplər bölünməzdir. Və bu çox vacibdir”.
Artıq neçənci dəfədir Sarkisyan ATƏT-in münaqişənin tənzimlənməsi ilə bağlı təklif etdiyi prinsiplərin yerini dəyişir. O hər dəfə sözügedən məsələ ilə bağlı açıqlamasında dövlətin ərazi bütövlüyü məsələsini sonuncu yerdə göstərir. Halbuki, ATƏT-in Minsk Qrupu bunun başlıca prinsip olduğunu deyir. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu Sarkisyanın məlum yanaşmasına öz etirazını bildirmir. Digər tərəfdən, 1975-ci ildə qəbul olunan Helsinki Yekun Aktına görə, öz müqəddəratını təyin etmə müstəqillik demək deyil. Burada söhbət dövlətin ərazi bütövlüyü çərçivəsində millətlərin öz müqəddəratını təyin etməsindən gedir.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Sarkisyan bununla danışıqları imitasiya edir: “Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı 1999-cu ildən bəri aparılan bütün danışıqları imitasiya edib. Fikir versək görərik ki, Sarkisyan rejimi eyni xətti olduğu kimi davam etdirir və Qarabağ katı ilə öz hakimiyyətini uzadır. Qeyd edim ki, BMT qətnamələrində və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. İyirmi ildən artıqdır ki, Dağlıq Qarabağ konfliktinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu qəbul etdiyi prinsiplərdə ilk növbədə ərazi bütövlüyünü rəhbər tutur. Əgər ərazi bütövlüyü qeyd edilməsə, Azərbaycanın danışıqlarda iştirak etməsi qeyri-mümkündür. Minsk Qrupunda xalqların müqəddəratı prinsipinin 2007-ci il razılaşmasında söhbət münaqişənin əsasən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsindən gedir. Çünki ilkin olaraq ərazi bütövlüyü olan bənddə müqəddərat bəndi qeyri-mütənasibdir. Yalnız ölkə daxilində müəyyən müstəqillikdən söhbət gedə bilər. Serj Sarkisyanın 2007-ci il bəndini qabartması, ərazi bütövlüyünü sonda qeyd etməsi onun yanaşması ola bilər. Ancaq beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hazırda Sarkisyan əleyhinə İrəvanda təşkil olunan etirazların kökündə Dağlıq Qarabağ konfliktinin həll edilməməsi dayanır. Çünki erməni xalqı problemin buxovunda olaraq ağır siyasi-iqtisadi problemlərlə üzləşib. Bu problemlərin əsas səbəbkarı məhz Sarkisyan rejimidir. Nə qədər ki, münaqişə uzanır, müharibə ehtimalı yaxınlaşır. Yeni müharibə isə Ermənistan üçün fəlakətli olacaq. Danışıqların növbəti mərhələsi başlanacaq. Növbəti danışıqlar nəticə verməsə, real hərbi əməliyyatlar reallaşacaq. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu ikili standartlardan çıxış edərək Sarkisyanın sıralamasına etiraz etmir”.
Vidadi ORDAHALLI