Qabil Hüseynli: “Sarkisyan ya yenidən qan tökməyə məcbur olacaq, ya da baş nazir postundan imtina etməli olacaq”
Ermənistanın paytaxtı İrəvanda eks-prezident Serj Sarkisyanın baş nazir postuna keçməsinə qarşı aprelin 13-dən etiraz aksiyaları başlayıb. İrəvanda deputat və müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Dövlət Tibb Kollecinin binasına daxil olublar. Nümayişçilər şüarlar səsləndirərək kollecin ərazisindən keçiblər, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub.
Bundan əvvəl isə Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılar İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüz isə nümayişçilər toplaşıb.
Paşinyan və tərəfdarları Baqramyan prosepekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər.
İrəvanda yaranmış vəziyyətlə bağlı Ermənistan polisi bəyanatla çıxış edərək bildirib ki, vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı yönəlmiş hərəkətlər qeydə alınsa, nümayişlərə müdaxilə ediləcək.
Ermənistan KİV-ləri xəbər verirlər ki, “Çıxış” blokunun parlament fraksiyasının rəhbəri, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyan bildirib ki, bu halda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün İrəvanın küçələrini bağlayacaqlar.
Onun sözlərinə görə, onların əsas məqsədi parlamentin iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir.
Xatırladaq ki, N.Paşinyan İrəvandakı körpüləri, küçələri, metronu bağlamağa çağırıb. Artıq etirazçılar paytaxtın bir sıra vacib küçə və prospektlərini qismən bağlayıblar.
Ermənistan KİV-ləri xəbər verirlər ki, aprelin 16-da İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib. Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər.
Tələbələr İrəvanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
Qeyd edək ki, aprelin 13-də Sarkisyanın baş nazir olmasının qarşısının alınması məqsədilə İrəvanda bir sutka fasiləsiz mitinq keçirilib.
Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası Sarkisyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.
Ermənistandakı etirazlar hansı sonluqla nəticələnə bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda “Qarabağ klanı”nın özbaşınalıqları xalqı cana doydurub: “Hələlik küçələrə tələbələr çıxıb. Onlar bildirirlər ki, Ermənistan yerli ermənilərə qulluq etməlidir. Həmçinin, onlar deyirlər ki, Ermənistanı yerli ermənilər idarə etməlidirlər. Sarkisyan ölkəni parlament idarə-üsuluna keçirir. Bu idarə-üsulu baş nazirə o qədər böyük səlahiyyətlər verir ki, bu, əvvəlki prezident səlahiyyətlərindən daha çoxdur. Xalq da bunu qəbul etmək istəmir. Eyni zamanda, Dağlıq Qarabağdan çıxan klan Ermənistanın həm siyasi, həm də iqtisadi həyatına hökm edir. Demək olar ki, ölkədəki bütün sahələr yerli ermənilərin nəzarətindən kənardadır. Bu isə onların şərəf və ləyaqətinə, heysiyyətinə toxunur. Bu səbəbdən 10 il prezident olmuş Sarkisyanın yenidən baş nazir sifətində peyda olmasını qəbul etmək istəmirlər. Etirazçıların sırası daha da genişlənəcək. Düşünürəm ki, aprelin 17-də parlamentdə səsvermə keçirilənə qədər etirazçıların sayı daha da artacaq. Bir sözlə, Ermənistan yenə də qaynayır. Hesab edirəm ki, qan töküb prezident postuna yiyələnən Sarkisyan, ya yenidən qan tökməyə məcbur olacaq, ya da baş nazir postundan imtina etməli olacaq. Bunun başqa bir çıxış yolu yoxdur”.
Məhəmmədəli QƏRİBLİ