Yeganə Hacıyeva: “Bunun Azərbaycan və Ermənistanda yaşanan hadisələrlə əlaqəli olmasına şübhə etmirəm”
ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul edilib. Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Senat sədri Stiv Yarbrou tərəfindən imzalanmış bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizmə, narkotik vasitələrin qaçaqmalçılığına və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Sənəddə, həmçinin, qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.
Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.
Belə bir mühüm sənədin qəbul olunmasının tarixi maraqlı dönəmə təsadüf edir. ABŞ-dan Azərbaycana verilən dəstəyin ölkəmizdə keçirilən prezident seçkilərindən dərhal sonraya və eyni zamanda Ermənistanda baş qaldıran kütləvi etiraz aksiyaları ilə eyni vaxta təsadüf etməsi nəyin göstəricisi sayıla bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bu suala cavab verməzdən əvvəl ABŞ-ın dövlət quruluşuna və idarəetmə üsullarına diqqət edək: “Bildiyiniz kimi, ABŞ-da yerli özünüidarəetmə çox yüksək səviyyədə qurulub. Bu, qanunvericiliklə də ciddi şəkildə tənzimlənir. Elə ştatlar var ki, onlar müstəqillik səviyyəsinə görə dövlətin içində dövlət kimi qəbul olunurlar. Ştatların təsnifatına görə onlar 3 yerə bölünür. Onlar mərkəzdən asılılığı, demək olar ki, olmayan, orta və tam asılılığa malik ştatlardır. Arizona ştatı bu anlamda tam müstəqillər sırasına aiddir. Yerli hökumət səviyyəsində həmin ştatda qəbul olunan qərarlar ölkə əhəmiyyətinə malik olur. Elə ştatlar var ki, onlar tam olaraq müxtəlif lobbi qruplarının təsiri altına düşüblər. Hətta deyərdim ki, sırf erməni diasporunun təsirində olanlar var. Meksikaya yaxın ştatlarda, digərlərindən fərqli olaraq, marixuana və ya digər həblərin açıq satışı həyata keçirilir. O ştatlar da narkolobbiçilərin təsirindədir desək, yanılmarıq. Burdan da belə nəticə hasil olur ki, ABŞ monolit bir quruluşa malik deyil. Arizona ştatı isə ermənilərin daha aktiv işlədiyi ştatlardan olub. Orada ermənilərin təsir imkanları yüksək olub. Məhz indiki zamanda həmin ştat tərəfindən bizə yönəlik mühüm bir jestin edilməsi təsadüfi deyil. Bir çox ermənipərəst senatorlar da məhz bu ştatdan olublar. Hətta deyərdim ki, bu ştatlar qondarma soyqırımın tanıdılması kampaniyasında ermənilərlə fəal şəkildə əməkdaşlıq ediblər. Təxminən 3-5 il bundan əvvəl məhz bu ştatda Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasına cəhd olundu. Bu gün məhz həmin ştatda belə bir aktın qəbul olunması sübut edir ki, ermənilərin təsiri heçə endirilib. Görünür, Azərbaycan diplomatiyası və diasporu məhz ermənilərin daha çox fəallıq göstərdiyi ərazilərdə ciddi işlər aparıb. Bunu Azərbaycan diplomatiyasının qələbəsi sayıram. Təbii ki, bu işdə türk diasporu da bizə yaxından kömək edib. Həmin ştatda yəhudi lobbi qrupları da olduqca aktivdirlər. Çox güman ki, bu işdə onların da köməyi bizə keçib. Bu hal erməni lobbi qruplarının ABŞ-dakı təsir imkanlarının zəifləməsinə dəlalət edir. Mənə elə gəlir ki, belə bir qərarın məhz indiki anlamda qəbul olunması da təsadüfi deyil. Bunun Azərbaycan və Ermənistanda yaşanan hadisələrlə əlaqəli olmasına şübhə etmirəm”.
Məhəmmədəli QƏRİBLİ