Azərbaycanın balanslı xarici siyasət yürütməsi onun regionda daha güclü mövqe sahibi kimi çıxış etməsini şərtləndirməkdə, regionda maraqlı qüvvələrlə bərabərhüqüqlu əsasda əməkdaşlığını təmin etməkdədir. Elə bu səbəbdən bölgədə yerləşən Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan nə Qərb, nə də Rusiyanın orbitindədir.
Eyni zamanda Azərbaycanın məlum səbəblərdən, Ermənistan istisna olmaqla, digər qonşu ölkələrlə yüksək səviyyədə münasibət saxlaması da qeyd olunan fonda təqdir edilir. Məsələ ilə bağlı Rusiyanın “rosbalt.ru” portalı yazır ki, bütün bunlar Azərbaycanın dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir və bu fonda onun son prezident seçkilərində qalib gəlməsi tamamilə gözlənilən idi: “Azərbaycanda son prezident seçkilərində fəaliyyətdəki dövlət başçısı İlham Əliyevin qalib gələcəyinə heç kim şübhə etmirdi. Yüksək iştirakda da az adam yanılırdı, ölkə MSK-nın məlumatına görə, bu, demək olar, 75% təşkil edib.
Rusiya və Türkiyə prezidentləri Əliyevi birinci təbrik ediblər. Vladimir Putin azərbaycanlı həmkarına zəng edib, həmçinin, Kremlin mətbuat xidmətinin məlumatına görə, seçkilərdə inamlı qələbənin Əliyevin yüksək siyasi nüfuzunu əyani şəkildə göstərdiyinin təsdiqləndiyi, Azərbaycan qarşısında duran sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində onun xidmətlərindən xəbər verdiyinin qeyd edildiyi teleqram göndərib. Rusiya prezidenti yenidən seçilmiş prezidentin Bakı ilə Moskva arasında dostluq, xeyirxah qonşuluq münasibətlərinin möhkəmləndirilməsində səylərini yüksək qiymətləndirib və bütün sahələrdə ikitərəfli əməkdaşlığın artırılması və qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin bundan sonrakı yüksəlişinə əminliyini ifadə edib.
Düşünmək lazımdır ki, Putinin təbriki növbətçi söz yığını deyil. Rusiyanın Azərbaycanla ümumi quru sərhədi olduğu və hər iki ölkə üçün ümumi olan Xəzər dənizinə çıxdığı son dərəcə önəmli bir şəraitdə Əliyev öz liderlik qabiliyyəti, xarici siyasət adekvatlığı ilə Rusiyanı qane edir. Ümumiyyətlə, Bakı Rusiyanın təhlükəsizliyini birbaşa hədələyən cürbəcür macəralara girişmir və hətta ona qarşı sanksiyalar yeritməmək də daxil olmaqla, Şimal qonşusunu beynəlxalq səviyyədə dəstəkləyir. Artıq nə olmalıdır?
Rusiya, MDB və ŞƏT-dən müşahidəçilərin təsdiqinə görə, seçkilər yüksək səviyyədə keçib. Azərbaycan Əliyevin prezidentliyi dönəmində iqtisadi inkişafda ciddi uğurlara nail olub. Əlbəttə, buna həm də ölkədəki çox böyük karbohidrogen ehtiyatlarının varlığı, coğrafi mövqe şərait yaradıb. Amma məsələ bütün bunların necə düzgün qeydinə qalmaq və iqtisadi suverenlikdən savayı, siyasi suverenliyi də saxlamaqdadır. Əliyev hər iki vəzifəni öz prezidentliyi üçün böyük risqlə həll edib. Öz atasının – mərhum prezident Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Prezidentinin uğurlarının bir hissəsini burada qısaca sadalayaq. Bu, ölkədaxili siyasi həyatı sabitləşdirmək, Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzrum qaz kəmərinin (hər ikisi Türkiyəyədək) işə salınması, “Cənub Qaz Dəhlizi” və Türkiyəyə, sonra da Avropaya çıxan Bakı-Tiflis-Qars dəmir yolunun inşası, yeni karbohidrogen yataqlarının işlənməsi və sairdir.
Çevik xarici siyasət yürütmək Əliyevin fərqli özəlliklərindən biridir. Məsələn, Azərbaycan “gözdən düşən” Türkiyə ilə tam “şəbəkədədir” - tərəflər, demək olar, həmişə və hər şeydə bir-birinin marağında hərəkət edir. Azərbaycan “terrorçu” İranla hücum etməmək haqda müqavilə imzalayıb və tərəflər qarşı tərəfə düşmən olan ölkələrin hərbi bazalarını öz ərazilərində yerləşdirməmək öhdəliyi götürüb. Və ümumiyyətlə, İran-Azərbaycan münasibətləri xeyli yaxşılaşıb və hər iki dövlətin yüksək məqamlı şəxsləri tez-tez qarşılıqlı səfərlər edir. ABŞ-ın təzyiqinə baxmayaraq, Azərbaycan “siyasi didərgin” Rusiya ilə də çox gözəl münasibətlər saxlayır və ehtimal ki, bundan sonra da belə olacaq. Ümumiyyətlə, Azərbaycan öz daxili işlərinə kiminsə “burun soxmasına” imkan vermir.
Amma hamıya aydındır ki, Azərbaycanla dalaşmaq, xüsusən də orada “rəngli inqilab” təşkil etmək hələlik perspektivsiz işdir. Bakının müxtəlif məsləkli ekstremist qruplaşmalara üz verməməsinə göz yummaq mümkün deyil. Burası da var ki, bu bəzilərinə yaxşı, bəzilərinə pisdir.
Bundan savayı, ölkə Xəzər hövzəsində yerləşir ki, bu da ona neytral münasibəti istisna edir. O, İpək Yolu arealında açar mövqe tutur və başlıcası, Avropanın energetik güvənliyində və Rusiya qazından qismən qurtulmasında əsas “oyunçu” kimi nəzərdən keçirilir. Uyğun olaraq Azərbaycan geniş anlamda təkcə bölgə (Cənubi Qafqaz, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq) üçün deyil, həm də Qərb üçün önəmlidir. Bu, bir tərəfdən “xaric”in Azərbaycan gerçəkliklərini “adekvat” dərk etməsi şərtilə yaxşıdır. Lakin Qarabağ problemi havadan asılı qalıb, baxmayaraq ki, hansısa mərhələdə onun dinc yolla həlli üçün ilkin şərtlər meydana çıxmışdı. Yada salaq ki, praktik olaraq Azərbaycanla eyni zamanda Rusiya və Ermənistanda da prezident seçkiləri keçirilib - düzdür, sonuncuda dövlət başçısına “İngiltərə kraliçası” rolu ayrılıb, gerçək hakimiyyət isə artıq bu ay keçmiş prezident Serj Sarkisyanın olacağı baş nazirin əlindədir. Yəni Rusiya, Ermənistan və Azərbaycanın birinci şəxsləri əvvəlkilər olaraq qalıb və məsələ onların tənzimləmə məsələsində inadkar olub-olmayacağındadır. Rusiya təsadüfən xatırlanmadı – o, Qarabağ problematikası üzrə gerçəkdən əsas vasitəçilərdən biri kimi çıxış edir. Tərəflər “böyük güzəştlər”ə gedəcəkmi, ya yenidən vuruşmağa başlayacaqlar? Amma hesab edilir ki, seçkilərdən sonra Qarabağ münaqişəsinin ciddi kəskinləşməsini gözləməyinə dəyməz”.
NAHİD