Sabiq prezident Serj Sarkisyanın baş nazir olmaq niyyəti, əvvəldən də gözlənildiyi kimi, Ermənistanda yeni ciddi ixtilaflara səbəb olub. Son hadisələr göstərir ki, Ermənistanda bu gedişlə vətəndaş müharibəsinin yaşanması qaçılmazdır.
Xatırladaq ki, Ermənistan parlamenti Sarkisyanın namizədliyini aprelin 17-də müzakirə edəcək. Onun namizədliyini hakim Respublika Partiyası irəli sürüb. Parlamentdə çoxluq bu partiyadadır. "Daşnaksutyun" Partiyası da Sarkisyanın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib. Məhz bu vəziyyətdə Sarkisyanın asanlıqla baş nazir vəzifəsini qəsb etməsi gözlənir. Amma müxalifət bununla razılaşmır və artıq bir neçə gündür ölkədə etiraz aksiyaları keçirilir. İrəvandakı Fransa meydanında təşkil olunan aksiyalar isə artıq oturaq xarakter alıb. Müxalifətçilər artıq 4 gündür ki, meydanı tutublar. Onlar burada çadırlar qurub və onlarla fəal gecəni burada keçirir. Bundan əvvəl etirazçılar İctimai Radionun binasını ələ keçirib efirdən istifadə etmək istəsələr də, binanın işığının söndürülməsi ilə bu baş tutmamışdı. Daha sonra media nümayəndələrində olan səyyar texniki vasitələrlə xalqa müraciət edən "Yelk" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan xalqı etiraza çağırmışdı.
Hazırda aksiyalara rəhbərlik edən Nikol Paşinyan bildirib ki, Serj Sarkisyanın baş nazir olmasına imkan vermək niyyətində deyillər: "Sarksiyanı baş nazir edəcək Ermənistan qanunverici orqanının iclası parlament binasından kənarda olarsa, İrəvana nəzarəti ələ alacağıq". O bildirib ki, bu halda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün İrəvanın küçələrini bağlayacaq. Onun sözlərinə görə, əsas məqsəd parlamentin aprelin 17-dəki iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir. N.Paşinyan bundan əvvəl İrəvandakı körpüləri, küçələri, metroları bağlamağa çağırıb. Artıq etirazçılar paytaxtın bir sıra önəmli küçə və prospektlərini qismən bağlayıb.
Nümayişçilər hətta Dövlət Tibb Kollecinin binasına daxil olub. Onlar şüarlar səsləndirərək kollecin ərazisindən keçib, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub. Bununla yanaşı, artıq İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib. Onlar dərsə girməyib və oturaq aksiya keçirirlər. Tələbələr İrəvanın Baqramyan prospektini bağlayıb. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıb və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
Son məlumatlara görə, Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılıq İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüzdə isə nümayişçilər toplaşıb. Paşinyan və tərəfdarları Baqramyan prospekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər. Paşinyan bildirib ki, aksiyanın son məqsədi vətəndaşların maksimal sayının cəlb edilməsi ilə aprelin 17-də Serj Sarkisyanın baş nazirliyi üçün səs verəcək parlamentin işini iflic etməkdir: “İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir”. Parlament üzvü bütün tərəfdarlarını parlament binasının ətrafına toplaşmağa çağırıb. Öz növbəsində, hüquq-mühafizə orqanları parlamentin binasına yaxınlaşmağı mitinq edənlərə qadağan edib.
Yaranmış vəziyyətlə bağlı olaraq Ermənistan polisi bəyanatla çıxış edərək bildirib ki, vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı yönəlmiş hərəkətlər qeydə alınsa, nümayişlərə müdaxilə ediləcək. "Asparez" jurnalistlər birliyinin sədri Levon Barseqyan isə hamını Fransa meydanına səsləyib və "Sarkisyanı yola salmağa" çağırıb. O, parlamentdə təmsil olunan partiyaları, o cümlədən hakim Respublika Partiyasından olan millət vəkillərini meydana gəlməyə, xalqa qoşulmağa çağırıb. Aksiya təşkilatçıları bildirib ki, cəmiyyəti səfərbər edəcək və Serj Sarkisyanın baş nazir vəzifəsinə sahiblənərək yenidən ölkəni idarə etməsinə imkan verməyəcəklər. "Joxovurd" qəzeti isə yazır ki, artıq Ermənistan hökuməti İrəvandan qaçmağa başlayıb: "İrəvanın mərkəzində keçirilən dördgünlük aksiyadan sonra etirazçılar Respublika Partiyasının Məlik Adamyan küçəsində yerləşən ofisi qarşısında aksiya təşkil edərək burada hakim partiya şurasının iclasının keçirilməsi və Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə mane olmağa çalışıb. Bu səbəbdən Respublika Partiyası iclasın keçirildiyi məkanı dəyişməli olub. Vəziyyət isə hər an nəzarətdən çıxa bilər". Hakimiyyətin paytaxta əlavə qüvvələr cəmləşdirməsi fonunda Ermənistan mediası ölkədə vətəndaş müharibəsinin ilk əlamətlərinin özünü göstərdiyini yazır. Hesab edilir ki, Sarksiyan güc amilindən istfiadə edib baş nazir postunu tutduqdan sonra vəziyyət daha da qəlizləşəcək və daxili qarşıdurmanın miqyası genişlənəcək.
Tahir TAĞIYEV