Son günlər diqqət cəlb edən hadisələrdən biri də Ermənistan mətbuatının ölkənin rəsmi qurumlarına istinadən çoxsaylı təxribat xarakterli məlumatlar yaymasıdır. Söhbət burada Ermənistan kütləvi informasiya vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yaymasından gedir. Halbuki, reallıqda Azərbaycan Ordusunun bölmələri Ermənistanla dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir.
Bu fonda aydındır ki, erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və ekspertlərn əksəriyytəinin fikrincə, gələcək təxribatlar üçün zəmin yaradır. Amma erməni tərəfi təxribat xarakterli məlumatlara da son qoymur. Belə ki, bu dəfə erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə həqiqəti əks etdirməyən məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərə cavab olaraq bildirib ki, erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır: “Bu, erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”. Müdafiə Nazirliyi onu da bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq: “Tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək”.
İndi maraq doğuran məqam son günlərdə erməni tərəfinin nədən təxribat xarakterli məlumatların sayını artırmasıdır. Analitiklər bunun iki başlıca səbəbinin olduğunu bildirir. Onlardan birincisi Ermənistan daxilində gərgin vəziyyətlə bağlıdır. Bilindiyi kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı ölkədə keçirilən aksiyalar genişlənməkdədir. Qeyd edək ki, aprelin 13-dən “Vətəndaş sazişi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Onu dəstəkləyənələrin sayı gedərək artmaqdadır. Məhz elə o vaxtdan etibarən erməni mediasında cəbhədəki vəziyyət barədə təxribatçı məlumatların sayının artması müşahidə olunur. Yəni bununla Serj Sarkisyan ənənəvi taktikadan istifadə etməyə çalışır və ölkə daxilində tənəzzüldən, mövcud problemlərdən ictimaiyyətin fikrini yayındırmaq istəyir. Onlar bu gərginliyi, keçmişdə olduğu kimi, yenə cəbhə xəttinə yönəltmək istəyirlər. Bu baxımdan da hərtərəfli şəkildə təxribatlara əl atır və çalışırlar ki, bunu Azərbaycanla əsaslandırsınlar.
Sarksiyan bununla ictimaiyyətin ehtyiat edərək ona qarşı çıxmaqdan çəkinəcəyini düşünür. Yəni Ermənistanın daxilində kiçik bir gərginlik olan kimi bu, birbaşa Qarabağ bölgəsində özünü büruzə verir. Beləliklə də Ermənistanın istər siyasi, istərsə də hərbi rəhbərliyi cəmiyyəti etiraz aksiyalarından yayındırmaq üçün onu qorxutmağa çalışır. Xalq isə başa düşür ki, Sarkisyan ölkəyə yaxşı gələcək vəd etmir. Onun nə xarici, nə də daxili siyasəti problemləri aradan qaldırmaq iqtidarındadır. Ona görə də xalq küçələrə çıxıb və bildirir ki, Ermənistanı yerli ermənilər idarə etməlidir Bu durumda hesab edirlir ki, qan töküb prezident postuna yiyələnən Sarkisyan ya yenidən qan tökməyə, ya da baş nazir postundan imtina etməyə məcbur olacaq. İndilikdə isə o, özünə daha yaxşı variant tapmaq məqsədilə vəziyyətin təkcə cəbhədə gərginləşdyini bildirmir, eyni zamanda tabeylində olan media vasitəsilə bəyan edir ki, Ermənistanın özü üçün də böyük təhlükə yaranıb və bunun günahını da Azərbaycanın üzərinə yıxmağa çalışır. Halbuki, erməni rəhbərliyinə də yaxşı məlumdur ki, Azərbaycan tərəfi atəşkəsi pozmaq istəsə, çoxdan aktiv əməliyyata keçməklə işğal olunmuş torpaqlarımızı azad edər. ikinci bir tərəfdən, məlum təxribat xarakterli əməlləri törətməklə İrəvan hamilərindən, əsas etibarı ilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək almağı düşünür. Çünki Azərbaycanın qarşısında güc yolu ilə dayanmağın mümkünsüzlüyünü yaxşı bilir. Elə ərazilərinin Azərbaycan tərəfindən guya atəşə tutulmasını gündəmə gətirməklə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyir. Amma qurum bu məsələdə neytral qalmağı düşünür və bunu bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahının rəisi, general- polkovnik Anatoli Sidorov da təsdiq edib: “Dağlıq Qarabağ KTMT-nin üzvü olan bir dövlət deyil və ona təşkilat tərəfindən hərbi dəstək göstərilməyəcək, KTMT bütün sazişləri konkret olaraq Ermənistanla imzalayıb və müvafiq olaraq, İrəvan qarşısında müəyyən öhdəlikləri var. Ermənistan vətəndaşları zərurət olduğu halda KTMT-nin onları darda qoymayacağından əmin ola bilər”.
Ermənistan mətbuatında və siyasətçilər arasında Azərbaycan ordusunun ermənilərin yaşayış məntəqələrinə atəş açması zamanı KTMT-nin susması barədə səslənən fikirlər barədə danışan Sidorov KTMT-nin təşkilatın üzvü olan hər hansı ölkənin iştirak etdiyi bu və ya digər münaqişəyə müvafiq dəstək xahişi olmadan müdaxilə etmək səlahiyyətinə malik olmadığını bildirib. Sidorovun bəyanatı ermənilər üçün ağır və sensasiyaya səbəb olan bəyanat sayılır. Bütün bunlar Ermənistanın təxribat xarakterli məlumatlar yaymaqda güddüyü ikinci məqsədin də iflasa uğradığını göstərir.
Burada bir məqamı da xüsusi vurğulmmaq lazım gəlir ki, Azərbaycan güc yolu ilə zəbt olunmuş ərazilərin azad edilməsi hüququnu özündə saxlayır və bunu Ermənistan daxilində cərəyan edən proseslərdən asılı olmayaraq, istənilən vaxt reallaşdıra biləcəyini bildirir. Qeyd olunan missiyanın uğurlu icrasına isə ordumuz tam hazırdır. Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu xüsusda bildirib: “Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu təmin edilir. Bu il Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbrsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni bu artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik”.
Erməni siyasi şərhçi Sarkis Artsruni də bildirir ki, Azərbaycan ordusunun artan gücü fonunda Bakı mövcud status-kvo ilə barışmayacaq və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcək: “Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki Bakının buna ehtiyacı yoxdur. Rəsmi Bakı həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq”. Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, tezliklə istədiyinə nail olacaq. Azərbaycan bəyan edir ki, mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır. Status-kvonun saxlanması isə yalnız Ermənistanın maraqlarına cavab verir. Amma məsələ ondadır ki, status-kvo Ermənistanı daim bir güc mərkəzindən asılı edir. Ermənistan getdikcə müstəqillik atributlarını da itirir. Zaman və dəyişən siyasi dünya Ermənistandan seçim tələb etsə də, İrəvan heç bir seçim etmir və daha ağır vəziyyətə düşür. İlk növbədə o baxımdan ki, Ermənistan çoxvektorlu siyasət yeritmək imkanından məhrum olub. İkinci, qonşularla münasibətlərini inkişaf etdirmək imkanlarını azaldıb. Üçüncü, beynəlxalq çıxış imkanlarını məhdudlaşdırıb. Nəticə etibarilə bunlar müstəqilliyin tamamilə itirilməsi deməkdir. Azərbaycan, öz əraziləri işğal olunduğundan, status-kvonun dəyişdirilməsinə çalışır. Yuxarıda qeyd olunduğu kimi, bunun üçün ordumuz tam hazırdır. İndiki vəziyyətdə isə erməni tərəfinin addımları Azərbaycanın hərbi əməliyyatları tezləşdirməsinə gətirib çıxara bilər. Çünki yuxarıda qeyd olunduğu kimi, ölkə daxilində mövcud gərginliklərdən diqqəti yayındırmaq üçün İrəvan cəbhədə vəziyyəti gərginləşdirməyə, müxtəlfi təxribatlar törətməyə can atır. Belə təxribatlar isə istənilən vaxt genişmiqyaslı hərbi əməliyyatlara rəvac vermək iqtidarındadır. Rusiyalı hərbi ekspert Konstantin Sivkov qeyd edir ki, savaş yenidən başalyacağı təqdirdə Azərbaycanın böyük üstünlüklər əldə edləcəyi şəksizdir: “Çünki Bakı ordusunu xeyli təkmilləşdirib, müasir silahlarla təchiz edib. Azərbaycan mütəmadi olaraq Rusiyadan tanklar, artilleriya silahları və zenit kompleksləri alır. Azərbaycan Rusiya ilə yanaşı, İsrail və Türkiyədən də hərbi texnika alır. Buna İsrailin yüksək dəqiqlikli yaylım atəşi sistemlərini, tank əleyhinə “Spike” raketləri ilə təchiz olunmuş zərbəçi PUA-larını misal göstərmək olar. Bu, ABŞ-ın “Javelin” sisteminə bənzər effektiv üçüncü nəsil tank əleyhinə silahdır. Belə silah nəinki Ermənistanda, heç Rusiyada da yoxdur. Azərbaycan ordunun silahlanmasına külli miqdarda pul sərf edir, bunu qeyd etmək vacibdir”.
Həqiqətən də ölkəmiz öz müdafiə qüdrətini hər gün artırır, Silahlı Qüvvələrin arsenalını yeni, müasir tələblərə cavab verən silah və hərbi texnika ilə gücləndirir. Bu fonda ordumuz bu gün istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə tam hazırdır. Bu təkcə alınmış yeni silahlar hesabına deyil, eyni zamanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək döyüş hazırlığı və mənəvi-psixoloji durumunun olduqca yüksək olması ilə də bağlıdır. Bütün bunlar Qarabağ məsələsində Azərbaycanın indi kifayət qədər üstün mövqedə olduğunu göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.