Siyasi analitik: “ATƏT DTİHB-nin hesabatı haqlı olaraq Azərbaycan ictimaiyyətinin etirazına səbəb olub” Deputat: “ATƏT DTİHB-nin Azərbaycanda seçkilərlə bağlı mövqeyi nə beynəlxalq praktikaya uyğundur, nə də reallığı əks etdirir”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı həmişə olduğu kimi əvvəlcədən hazırlanıb və haqlı olaraq Azərbaycan ictimaiyyəti və media mənsubları tərəfindən ciddi etirazla qarşılandı. Bunu Trend-ə siyasi analitik Cavid Məmmədzadə deyib.
C.Məmmədzadə bildirib ki, ATƏT DTİHB-nin bu cür münasibəti heç də təəccübə səbəb olmamalıdır: “Çünki bu halla birinci dəfə deyil ki qarşılaşırıq. Onlar indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərə hazır və qərəzli hesabatla gəliblər. Görünür, məqsədləri seçkiləri qiymətləndirmək deyil, kimlərinsə sifarişini yerinə yetirmək, seçkilərin şəffaf keçirilməsinə kölgə salmaqdır”.
Siyasi analitik ATƏT DTİHB-nin nümayəndələrinin erməni lobbisi ilə sıx əlaqələrinin olduğunu da diqqətə çatdırıb: “Aydındır ki, təşkilatın nümayəndələri erməni lobbisinin və rəhbərliyinin Azərbaycan xalqının qanına bulaşmış əllərini asanlıqla sıxırlar. Belə olan halda onlardan hansı obyektiv münasibət gözləmək olardı?”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin hesabatı reallıqdan uzaq və qeyri-peşəkar yanaşmanın nəticəsidir. Bu barədə isə Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
T.Mirkişilinin sözlərinə görə, müxtəlif siyasi partiyaları təmsil etmiş prezidentliyə namizədlərin hər birinin kifayət qədər seçki təbliğatı imkanı olduğu, seçicilərin bu dərəcədə aktivliyi, çoxsaylı müşahidəçilərin olduğu, bir sıra seçki məntəqələrində veb-kameraların quraşdırıldığı bir seçki prosesinə belə qeyri-peşəkar qiymət nə Azərbaycan-ATƏT münasibətlərinə, nə beynəlxalq praktikaya uyğundur, nə də reallıqları əks etdirir: "Seçki xalqın iradəsinin ifadəsidir. Azərbaycan xalqının iradəsinə hər kəs hörmət etməlidir".
Deputat qeyd edib ki, 11 aprel prezident seçkiləri şəffaf və demokratik əsaslarla keçirilib: "Seçkiləri müşahidə edən təşkilatlar artıq öz mövqelərini bildiriblər. Bəyan edilmiş mövqelərə görə seçkilər kifayət qədər şəffaf və demokratik keçirilib. Seçkilərdə aktiv iştirak edən Azərbaycan vətəndaşları öz iradələrini ifadə etdilər".