Məhəmməd Əsədullazadə: “Azərbaycan Cənubi Qafqazda aparıcı və güclü ölkədir”
“Ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risqlər yoxdur”. Məlum olduğu kimi, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.
Dövlət başçısının fikrincə, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir: “Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var. Əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir. Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir.
Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir. Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risqlər yoxdur”.
Görünən odur ki, ölkədə aparılan məqsədyönlü, sistemli siyasət bu kimi potensial risqlərin qarşısını alır. Həmçinin, bu kimi təhlükələrin vaxtında zərərsizləşdirilməsinə gətirib çıxarır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, səslənən fikirlər reallığı əks etdirir: “Bu gün dünyada siyasi-hərbi problemlər yaşanır. Yaxın Şərqin cəmiyyətlərində radikallaşma özünü müxtəlif sahələrdə göstərir və çox təəssüflər olsun ki, bu ən kəskin formalarda özünü büruzə verir. Həm dini, həm siyasi radikallaşma nəticədə dövlətlərin zəifləməsinə və qütblərə parçalanmasına səbəb olub. Radikalizm və dözümsüzlüyün ifratı bu gün aktualdır. Azərbaycan Cənubi Qafqazda aparıcı və güclü ölkədir. Müəyyən xarici maraqlı dairələr zamanla çalışıblar ki, cəmiyyətin muxtəlif sahələrində insanları radikallığa çəksinlər. Ancaq istəklərinə nail ola bilməyiblər. Müəyyən zamanlarda ölkədə dini radikallığın yayılması cəhdləri olsa da, hazırda belə hallar yoxdur. Dini və siyasi radikalizmin yayılmaması üçün ilk növbədə dövlət qabaqlayıcı tədbirlər görməlidir. Siyasi və təhlükəsizlik sahələrində aparılan islahatlar bu kimi təhdidlərin qarşısını alır. Təbii ki, ölkəmizdə dini və siyasi radikallığın yayılması üçün müəyyən dairələr iş aparmağa hazırdır. Ancaq, göründüyü kimi, həyata keçirilən qabaqlayıcı tədbirlər bunun qarşısını alıb. Azərbaycanın yerləşdiyi region daim nüfuz savaşlarının maraq dairəsindədir. Ona görə də hamımız çalışmalıyıq ki, cəmiyyətimizdə radikallığın yayılması üçün hansısa zəmin yaranmasın. Çünki belə hallar baş verərsə, digər ölkələr bundan istifadə edib, ölkəmizdə sabitliyin pozulmasına rəvac verə bilərlər. O baxımdan bu istiqamətdə səylərimizi birləşdirməliyik”.
Vidadi ORDAHALLI