Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şayiə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır.
Bunu “Trend”ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev bildirib ki, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.
XİN rəsmisi qeyd edib ki, saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər.
Onun sözlərinə görə, beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdir.
"Azərbaycandan kənarda fəaliyyət göstərən “Meydan TV” bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. “Meydan TV” öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu haqda yayılmış məlumatla əlaqədar APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Belə ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində vətəndaşlarımız öz səsvermə hüquqlarından istifadə edərək yüksək fəallıq göstərirlər. Seçkilər tam demokratik və aşkarlıq şəraitində davam edir, bunu seçkiləri müşahidə edən beynəlxalq və yerli müşahidəçilər də təsdiqləyirlər. Hazıra qədər ölkənin heç bir yerində hansısa seçki məntəqəsinin önündə toplantı, yığıncaq, mitinq keçirilməsi faktı qeydə alınmayıb. Gücləndirilmiş iş rejimində xidmət edən daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai asayiş və ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunur və vətəndaşların səs verdiyi hər hansı məntəqədən ictimai asayişin pozulması və ya hər hansı qanunazidd hərəkət barədə polisə heç bir məlumat daxil olmayıb. Odur ki, “Meydan TV”nin yaydığı bu böhtan xarakterli məlumatı tirajlayan digər sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, ölkəmiz və vətəndaşlarımızın yüksək fəallıq nümayiş etdirdiyi seçkilər barədə həqiqəti əks etdirməyən, böhtan və qərəzdən yoğrulmuş uydurma məlumatları yaymaqla öz oxucularını və izləyicilərini çaşdırmasınlar”, - deyə DİN mətbuat xidmətindən qeyd olunub.
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günü qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirib. MSK-dan “Trend”-ə verilən məlumata görə, 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir. Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb.
Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır.
Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyi müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb. 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir.
MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır. 60 000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə onlay rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.
Komissiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq.