Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak etdilər. Seçki təəssüratları ilə bağlı bir sıra tanınmış şəxslərin fikirlərini öyrəndik.
Şərqşünas Seyid Camal Əzimbəyli seçki ilə bağlı təəssüratlarını qəzetimizlə bölüşərək bir sıra məqamlara toxundu: “Hər bir ölkə vətəndaşı kimi mən də ailəmlə birlikdə Nizami rayonunda səsvermədə iştirak etdim. Seçki məntəqəsində apardığım müşahidələr tam onu deməyə əsas verir ki, hər bir şəxs çox rahatlıqla seçki məntəqəsinə gəlib iradəsinə uyğun olaraq səs verirdi. Məntəqədə vətəndaşlar nizamlı şəkildə səs verirdilər. Səsvermədə kütləvilik müşahidə olunurdu. Çoxsaylı vətəndaş səsverməyə gəlmişdi. Hesab edirəm ki, bunun özü qürurverici haldır. Tam məsuliyyətimlə deyirəm ki, prezident seçkisi hər kəsin öz azad seçimi ilə həyata keçirildi. Niyə? Çünki gördüklərim, müşahidə etdiklərim bu qənaətə gəlməyə əsas verir. İnanıram ki, bu seçkilərdə zəfər xalqın, dövlətin, milli mənafeyimizin naminə olacaq. Təbii ki, hər bir vətəndaş kimi mən də öz seçimimi etdim. Bunu tək mən yox, bütövlükdə ölkənin gerçək mənəviyyat adamları edib. Məsələ ondadır ki, illərdir din-dövlət münasibətlərinin möhkəmlənməsi üçün şərəflə mübarizə aparan Qarabağ Seyid Ocaqları bu seçkilərdə İlham Əliyevə dəstək verdi. Birmənalı olaraq mən də, ailəm də Prezident İlham Əliyevə səs verdik. İlham Əliyev hər zaman ölkədə mənəvi dəyərlərin keşiyində olub. Bütün hallarda, o, prezidentliyə ən layiqli namizəddir. Seçki məntəqəsində müşahidə olunan mənzərə ondan ibarət idi ki, seçicilər daha çox İlham Əliyevi dəstəkləyirdilər. Dualarımızla inanırıq ki, bu seçki vətənimizin, dövlətimizin, bayrağımızın varlığına xidmət edəcək. Bir də, ən əsası, Qarabağımızın tezliklə azad olunmasına vəsilə olacaq”.
Vidadi ORDAHALLI