Məlum olduğu kimi, ötən gün Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə əhalisi konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak edib.
Seçki prosesinin necə keçdiyini öyrənmək məqsədilə millət vəkili Aydın Hüseynova müraciət etdik. Millət vəkili “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, seçki günü insanların fəallığı yüksək səviyyədə idi: “Mən vətəndaş olaraq Azərbaycanın layiqli namizədinə səs verdim. Məlumat üçün bildirim ki, seçici olmaqla yanaşı, müşahidəçi kimi də seçki məntəqələrində olurdum. Müşahidələrimə əsasən deyə bilərəm ki, bütün seçki prosedurları yüksək səviyyədə təşkil olunub. Həmçinin, seçicilərin səsvermə prosesi zamanı öz hüquqlarından tam istifadə etməsi üçün lazımi şərait yaradılıb. Yaradılan müsbət ab-hava göstərir ki, seçkinin şəffaf formada keçməsi ölkədəki demokratik prosesin göstəricisidir”.
Millət vəkili onu da qeyd etdi ki, seçki məntəqələrində seçici fəallığı yaşanıb: “Seçkinin nəticəsini “exit-poll” müəyyən edəcək. Ancaq onu deyə bilərəm ki, seçki prosesində insan axını müşahidə olunub”.
A.Hüseynov hesab edir ki, seçicilər seçki ilə bağlı öz iradələrini, fikirlərini azad şəkildə ifadə ediblər. Həmsöhbətimizin sözlərinə görə, seçkiyə qədərki dövrdə insanlar arasında çoxsaylı görüş keçirilib: “İnsanlarla söhbət aparıb, onların seçki ilə bağlı təəssüratını öyrənmişik. Seçicilər birbaşa İlham Əliyevə səs verəcəklərini bəyan edirdilər. Hesab edirəm ki, seçkinin favoritinin İlham Əliyev olduğu öncədən də bəlli idi. Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib, buna şübhə yoxdur”.
Günel CƏLİLOVA