Məlum olduğu kimi, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirilib. Səsvermədə iştirak edən tanınmış şəxslərin bu proseslə bağlı gəldiyi qənaətlə maraqlandıq.
Sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ilk səs verənlərdən olub: “Mən seçkilərdə daim aktiv iştirak edirəm. Hesab edirəm ki, bu hər bir vətəndaşın borcudur. Çünki analoji aktivliyi nümayiş etdirməklə biz öz gələcəyimizi, dövlətimizin taleyini müəyyən etmiş oluruq. Nəsimi rayonu ərazisində səs verdim. Bizim əraziyə uyğun olaraq seçki məntəqəsi 46 saylı məktəbin inzibati binasında təşkil edilib. Tam obyektiv olaraq qeyd edirəm ki, mən artıq gedəndə məntəqənin önündə yetərincə insanın toplaşdığını gördüm. İnsanların növbə ilə səs verdiyini müşahidə etdim. Proses çox təmkinli şəkildə gedirdi. Qaydalara uyğun olaraq, insanların barmağına rəng vurulandan sonra onlar sıra ilə sənədlərini təqdim edib, adlarını seçici siyahısında tapıb, bülleteni alıb, sonra pərdənin arxasına keçib istədikləri namizədə səs verirdilər. Mən getdiyim məntəqədə heç bir xoşagəlməz hadisənin, hansısa xırda insidentin şahidi olmadım. Hər bir addım nizam-intizam çərçivəsində idi. Əhali arasında İlham Əliyevə bəslənən rəğbət açıq-aydın hiss edilirdi. Mən həmin mətəqədə uzun illər bir binada yaşadığım qonşularımla rastlaşdım. Onlara heç sual etməsəm də, açıq şəkildə bildirdilər ki, İlham Əliyevə səs veriblər. Düşünürəm ki, seçkinin favoritinin İlham Əliyev olduğu əvvəlcədən də müşahidə edilirdi. Çünki irəli sürülən digər alternativlər İlham Əliyevlə müqayisədə çox zəifdirlər. Biz bu fərqi bütün sahələrə aid edə bilərik. Bilirsiniz ki, seçki bir neçə mərhələdən ibarət olur. Bu, sonuncu proses idi. Seçki ilə bağlı son mərhələ də belə əminamanlıq şəraitində başa çatdısa, demək ki, bundan qazanan Azərbaycan və onun xalqı oldu. Xalqımızı təbrik edirəm!”
Məhəmmədəli QƏRİBLİ