Azərbaycan öz taleyinə düşən ağır bir mərhələni də şərəflə keçə bildi. Ölkə olaraq növbəti 7 illik müddət üçün Prezidentimizi seçdik. Bu prosesə istər daxildən, istərsə də xaricdən çox maneçiliklər törədilməyə çalışıldı. Lakin həmin çirkin niyyətlərin heç biri hədəfinə yetişə bilmədi.
Belə maneçiliklər sırasına özünü radikal adlandıran bir kəsimin seçkini boykot etmək cəhdini də əlavə edə bilərik. Həmin qüvvələr əllərində olan bütün mümkün resurslardan istifadə edərək tərəfdarlarını və əsas da əhalini seçkilərə getməməyə çağırdılar. Bura sosial şəbəkələr üzərindən edilən çağırışları və həmin dairələrin keçirdikləri mitinqlərdəki səslənən fikirləri aid edə bilərik. Bunun qarşılığında biz nəyi müşahidə etdik? Seçki ilə bağlı təəssüratlarını bölüşənlərin əksəriyyəti, hətta xarici müşahidəçilər belə seçki məntəqələrindəki insan izdihamını görüb təəccüblərini gizlətmirdilər. Onlar etiraf edirdilər ki, bundan əvvəlki seçkilərdə belə seçici fəallığı müşahidə etməyiblər. Gəlinən qənaətlərdən biri də budur ki, budəfəki seçkidə gənclərə və ailəlikcə gəlib səs verənlərə daha çox rast gəlinib. Doğrudan da müşahidə edilən fotolardan görünür ki, hətta əksər tanınmış insanlar səsverməyə həyat yoldaşları, övladları və nəvələri ilə gəliblər. Yaranmış bu yeni təzahürləri nə ilə izah etmək olar?
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu qəzetimizə bildirdi ki, belə bir halın yaşandığını o da müşahidə edib: “Bunun bir çox üstünlükləri var. Ümumən böyük seçici fəallığı vardı. Bunun da daxilində gənclərə və ailə ilə birlikdə səs verənlərə bütün məntəqələrdə çox rast gəlindi. Mən bunu Azərbaycan dövlətçilik ənənələrinin möhkəmlənməsi ilə izah edirəm. Bu, dövlətçilik sevgisinin əksər ailələr üçün dəyərə çevrilməsinin təzahürü və ifadəsidir. Bizdə gedən seçki prosesini xarici ölkələrdə də izləyirlər. Onların içərisində dost və düşmənlər var. Qoy bilsinlər ki, Azərbaycan vətəndaşları öz balaca nəvələri və ailə üzvlərilə birlikdə bu ölkəyə, dövlətə sadiqdirlər. Bu yaxınlarda Rusiyada seçkilər keçirildi. Orada da belə addımlar müşahidə edildi. Hətta bəzi vəzifəli adamlar Moskvada yox, doğulduqları əyalətlərdə gedib səs verdilər. Bəzi cütlüklər isə nikahlarını seçki məntəqəsində səs verdikdən sonra kəsdirdilər. Çox sevindirici haldır ki, belə addımlar bizdə də müşahidə edilir”.
Məhəmmədəli QƏRİBLİ