Azərbaycanda 11aprel prezident seçkiləri başa çatdı və Azərbaycan xalqı ənənəvi olaraq 5 illik yox, 7 illik dövr üçün prezidentini seçdi. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib.
Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Seçki gününün sonuna olan məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
"ELS" "exit-poll"un ilkin nəticələrini açıqladı - İlham Əliyev 82,71 faiz səs toplayıb
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı "exit-poll"un ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: "80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. "Exit-poll" uğurla başa çatdı.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll"un nəticələri aşağıdakı kimidir:
İlham Əliyev - 82,71 faiz
Zahid Oruc - 3,37 faiz
Araz Əlizadə - 1,87 faiz
Qüdrət Həsənquliyev - 4,23 faiz
Fərəc Quliyev - 1,33 faiz
Hafiz Hacıyev - 2,1 faiz
Razı Nurullayev - 0,92 faiz
Sərdar Cəlaloğlu - 3,56 faiz
Fransa təşkilatının keçirdiyi "exit-poll"un nəticələrinə görə İlham Əliyev 86,53% səs toplayıb
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,73%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,67%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%.
Bildirilib ki, "exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.
"Exit-poll" keçirən ABŞ təşkilatı İlham Əliyevin 85,57 faiz səs qazandığını bəyan etdi
ABŞ-ın "AJF & Associates Inc." təşkilatı yerli tərəfdaş "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" ilə birgə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. "Exit-poll"un nəticələrinə əsasən, İlham Əliyev seçkilərdə 85.57 faiz səs toplayıb:
"Exit-poll"un nəticələrinə əsasən, seçicilərin 85.57 faizi İlham Əliyevə, 2.96 faizi Qüdrət Həsənquliyevə, 2.48 faizi Sərdar Məmmədova, 2.92 faiz Zahid Oruca, 1.76 faizi Hafiz Hacıyevə, 1.42 faizi Araz Əlizadəyə, 1.52 faiz isə Fərəc Quliyevə, 1.37 faizi isə Razi Nurullayevə səs verib.
"Rəy" Monitorinq Mərkəzinin "exit-poll"u: İlham Əliyev seçkilərdə 84,49 faiz səs toplayıb
"Rəy" Monitorinq Mərkəzi də Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. "Exit-poll"un nəticələrinə əsasən seçicilərin 84,49 faizi İlham Əliyevə səs verib.
Aparılmış tədqiqatın nəticəsi aşağıdakı kimidir:
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 84.49%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3.72%;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3.21%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3.04%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.65%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1.57%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1.46%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0.86%.
AVCİYA səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmadığını açıqladı
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb. APA-nın xəbərinə görə, AVCİA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib.
Müşahidə 3 mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
"Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir", - deyə M, Zülfüqarlı bildirib.
M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.
MSK açıqladı - Seçici fəallığı 74.51 faiz olub
Azərbaycanda prezident seçkilərinin saat 19:00-a olan nəticələri məlum olub. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.
Ümumilikdə Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
YAP: "İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs verdilər"
Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov prezident seçkilərinin ilkin nəticələrinə həsr olunan tədbirdə deyib.
Ə.Əhmədovun sözlərinə görə, seçicilərin 74 faizindən çoxu seçkilərdə iştirak edib: "Buna görə də Azərbaycan xalqını təbrik edirəm. "Exit-poll"un nəticələrinə görə, Prezident İlham Əliyev 80 faizdən çox səs toplayıb. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi".
YAP-ın sədr müavini bildirib ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan güclü inkişaf edib: "İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs veriblər. Növbəti 7 ildə Azərbaycada yeni inkişafın mərhələsi olacaq. Prezidentin xalqımıza etdiyi xidmətə xalqımız layiqli cavabını verəcək".
Ə.Əhmədov əlavə edib ki, növbəti 7 ildə Azərbaycan daha sürətlə inkişaf edəcək, Azərbaycanın dünyada enerji təhlükəsizliyindəki rolu artacaq, iqtisadi inkişafı sürətlənəcək: "Azərbaycanın bu günü kimi gələcəyi də İlham Əliyevlə bağlıdır".
İlham Əliyev prezident seçkilərində səslərin 86,09 faizini toplayıb
Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri məlum olub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,09 faizini toplayıb:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,97%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb".
"Sivil dialoq" beynəlxalq müşahidə qrupu seçki prosesinin mükəmməl təşkil olunduğunu açıqladı
"Sivil dialoq" adlı beynəlxalq müşahidə qrupunun birinci missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.
"Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm".
İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib: "Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilib. Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağını arzu edirəm".
Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: "Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir".
Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: "Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 12.00-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmağa doğru atılan bir addımdır".
Qabil Hüseynli: “Əhali arasında İlham Əliyevə bəslənən rəğbət açıq-aydın hiss edilirdi”
Məlum olduğu kimi, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirilib. Səsvermədə iştirak edən tanınmış şəxslərin bu proseslə bağlı gəldiyi qənaətlə maraqlandıq. Sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ilk səs verənlərdən olub: “Mən seçkilərdə daim aktiv iştirak edirəm. Hesab edirəm ki, bu hər bir vətəndaşın borcudur. Çünki analoji aktivliyi nümayiş etdirməklə biz öz gələcəyimizi, dövlətimizin taleyini müəyyən etmiş oluruq. Nəsimi rayonu ərazisində səs verdim. Bizim əraziyə uyğun olaraq seçki məntəqəsi 46 saylı məktəbin inzibati binasında təşkil edilib. Tam obyektiv olaraq qeyd edirəm ki, mən artıq gedəndə məntəqənin önündə yetərincə insanın toplaşdığını gördüm. İnsanların növbə ilə səs verdiyini müşahidə etdim. Proses çox təmkinli şəkildə gedirdi. Qaydalara uyğun olaraq, insanların barmağına rəng vurulandan sonra onlar sıra ilə sənədlərini təqdim edib, adlarını seçici siyahısında tapıb, bülleteni alıb, sonra pərdənin arxasına keçib istədikləri namizədə səs verirdilər. Mən getdiyim məntəqədə heç bir xoşagəlməz hadisənin, hansısa xırda insidentin şahidi olmadım. Hər bir addım nizam-intizam çərçivəsində idi. Əhali arasında İlham Əliyevə bəslənən rəğbət açıq-aydın hiss edilirdi. Mən həmin mətəqədə uzun illər bir binada yaşadığım qonşularımla rastlaşdım. Onlara heç sual etməsəm də, açıq şəkildə bildirdilər ki, İlham Əliyevə səs veriblər. Düşünürəm ki, seçkinin favoritinin İlham Əliyev olduğu əvvəlcədən də müşahidə edilirdi. Çünki irəli sürülən digər alternativlər İlham Əliyevlə müqayisədə çox zəifdirlər. Biz bu fərqi bütün sahələrə aid edə bilərik. Bilirsiniz ki, seçki bir neçə mərhələdən ibarət olur. Bu, sonuncu proses idi. Seçki ilə bağlı son mərhələ də belə əminamanlıq şəraitində başa çatdısa, demək ki, bundan qazanan Azərbaycan və onun xalqı oldu. Xalqımızı təbrik edirəm!”
Yeganə Hacıyeva: “Gənc seçicilər "seçimimiz bəlli, namizədimiz bəlli" kimi şüarları dilə gətirib İlham Əliyevə səs verəcəklərini bildirirdilər”
Apelin 11-də keçirilən prezident seçkilərində fəal iştirak edən şəxslərdən biri də qəzetimizin daimi eksperti, tanınmış politoloq Yeganə Hacıyeva olub. Biz Yeganə xanımın səs verdiyi məntəqədə müşahidələri və hansı qənaətə gəldiyi ilə maraqlandıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, dünən səhər saatlarında səs verib: “Beynəlxalq təşkilatlarda uzun illər fəaliyyətimlə bağlı dünyanın 11 ölkəsində seçki prosesini izləmək, müxtəlif millətlərin seçki adət-ənənələrini müşahidə etmək, müxtəlif xalqların seçki mədəniyyətləri ilə tanış olmaq imkanım olub.
Xüsusi qeyd etmək istədiyim, öncələr də dəfələrlə müşahidə etdiyim məqam məhz Azərbaycan seçicisi və onun yüksək seçici mədəniyyətidir. Seçkidə bir bayram ab-havasında, dövlətimizə, xalqımıza və ölkə rəhbərliyinə xeyir-dua verməklə, ölkədə mövcud əminamanlığa, sülhə görə şəxsən ölkə Prezidentinə minnətdarlıqla iştirak edirlər.
Bu seçki mənim seçici olaraq iştirak etdiyim sayca 4-cü prezident seçkisidir. Hər zaman aktiv vətəndaş mövqeyi sərgiləyən biri kimi, bu dəfə də konstitusion haqqımızı yerinə yetirərək, Sabunçu 26 saylı birinci seçki dairəsində 252 nömrəli məktəbdə səs verdim. Əlbəttə ki, mən dövlət idarəçiliyində dərin təcrübəsinə, milli maraqlara sədaqətinə əmin olduğum üçün, ölkədə həyata keçirdiyi inkşafın bizləri uğurlu gələcəyə aparacağına və ən əsası, Qarabağda qələbəyə nail olacağına inandığım şəxsə, Azərbaycan Prezidenti İlham Əliyevə səs verdim. Təəssüratlarım ondan ibarətdir ki, seçki prosesi texniki cəhətdən çox uğurla və ən əsası, şəffaf təşkil edilib. Seçki prosesi yeni başlamasına, səhər saatları olmasına baxmayaraq, səs verdiyim məntəqədə kütləvilik müşahidə olunurdu. Müsbət hal odur ki, məhz seçki prosesinin təşkilinin professionallığı üzündən, səsverməyə uzun növbələr olsa da, seçicilər üçün vaxt itkisi yaşanmadı. Bu isə Mərkəzi Seçki Komissiyasının və rayon rəhbərliyinin yerlərdə seçki prosesinin təşkilini necə yüksək səviyyədə, professionallıqla həyata keçirməsinin sübutudur.
Səs verdiyim Sabunçuda seçicilərin, xüsusilə yaşlı, üzündən bayram ab-havası yağan insanların seçkiyə necə həvəslə gəlməsinin şahidi oldum.
Diqqətimi çəkən xüsusi məqam isə, əlbəttə, səsverməyə gələn gənc seçicilərin çoxluğu idi.
Seçki məntəqəsində komissiya üzvlərinin səsvermənin qapalı xarakter daşıması haqqında tövsiyələrinə baxmayaraq, gənc seçicilər "seçimimiz bəlli, namizədimiz bəlli" kimi şüarları dilə gətirib, ölkədə sülhün, əminamanlığın, firavanlıq və inkşafın davam etməsini arzuladıqlarını, İlham Əliyevə səs verəcəklərini bildirirdilər.
Birmənalı deyə bilərəm ki, Sabunçu seçicilərinin favoriti məhz ölkə Prezidenti İlham Əliyevdir”.
Yeganə xanım apardığı müşahidələri təsdiqləyən bir neçə eksklüziv fotonu da redaksiyamıza təqdim edib.
Vüqar Qədirov: “Mən düşünürdüm ki, seçkiyə hamıdan tez getmişəm, ancaq fərqli mənzərənin şahidi oldum”
Apelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı müşahidələrini qəzetimizlə bölüşənlərdən biri də Qacqın və Məcburi Köçkün Gənclər Birliyinin sədri, politoloq Vüqar Qədirov oldu. Onun sözlərinə görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən 121 saylı Laçın seçki dairəsinin 1 saylı seçki məntəqəsində Azərbaycanın daha da inkişafına və qüdrətlənməsinə səs verib: “Mən düşünürdüm ki, seçkiyə hamıdan tez getmişəm, ancaq fərqli mənzərənin şahidi oldum. İnsanlar çox nizamlı şəkildə öz konstitusion borclarını yerinə yetirirdilər. Mənim səs verdiyim məntəqədə qaçqın və məcburi köçkünlər səs verirdi. Biz bilirik ki, uzun illərdir Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızı işğal edib. Bunun da nəticəsində biz çox ağır köçkünlük taleyi yaşamalı olduq. 1992-93-cü illərdə bizim yaşadığımız məhrumiyyətlər heç vaxt xatirimizdən çıxmır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bizim həyatımızda bir dönüş oldu. Daha sonra isə əsası qoyulmuş bu kursu möhtərəm Prezident İlham Əliyev layiqincə davam etdirdi. Bu amillər deyilən təbəqədə hazırkı hakimiyyətin yürütdüyü kursa böyük rəğbət yaradıb. Bu səbəbdən də ölkəmizdə keçirilən bütün seçkilərdə Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa məcburi köçkünlər tərəfindən böyük dəstək verilir. Mənim təmsil olunduğum Laçın rayonunda daim İlham Əliyevə səs veriblər. Çünki İlham Əliyev öz ad gününü “Taxta körpü”də Laçın rayonundan olan məcburi köçkünlərlə qeyd edib. Həmin zaman Prezident deyib ki, hər kəs öz doğum gününü ailəsi ilə keçirsə də, mən sizi öz ailəm sayıram. Cənab Prezident elə həmin gün məcburi köçkünlər üçün tikilən böyük bir qəsəbənin açılışını da etdi. Təbii, bu diqqət və qayğı laçınlıların hafizəsinə həkk edilib. Seçkilərin nəticəsi onsuz da seçki prosesindən əvvəl təxmin olunurdu. Gələn insanların çoxu kabinalara keçmədən bəyan edirdilər ki, onlar İlham Əliyevə səs verəcəklər. Tam səmimi deyirəm ki, məcburi köçkünləri buna kimsə məcbur etmirdi. Bu onların öz seçimidir, öz gəldikləri qənaətdir. Ancaq seçkiyə nəzarət edən şəxslər onları kabinəyə dəvət edirdilər. Biz bilirik ki, xalqımızı əminamanlığa yalnız İlham Əliyev çıxara bilər. Əminəm ki, onun prezidentliyi dönəmində əldə etdiyimiz nailiyyətlər, ordu quruculuğundakı uğurlarımız bizi yenidən öz ata-baba yurdlarımıza qovuşduracaq. Aprel döyüşlərində biz qələbənin ilk müjdəsini hiss etdik. Düşünürəm ki, Azərbaycan xalqı öz doğru seçimini etmiş oldu”.
Tarixi seçkidə ən gözlənilməz təzahür kredit borcu olan seçicilərə zəng vuran banklarda oldu...
Samir Adıgözəlli: “Həmin söhbətlərin əksəriyyətinin məzmunu hazırkı Prezidentə səs vermələrilə bağlı idi”
11 aprel prezident seçkilərində iştirakı ilə bağlı təəssüratını qəzetimizlə bölüşənlərdən biri də Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli oldu. Onun sözlərinə görə, erkən saatlarda səs verənlərdən olub: “Konstitusion hüququmdan istifadə edərək, Nizami rayonu 18 saylı seçki dairəsinin 17 saylı məntəqəsində səs verdim. Səs verdiyim məntəqədə seçici izdihamı ilə rastlaşdım. Vətəndaşların aktivliyi müşahidə olunurdu. Hətta uzun növbənin olduğunu gördüm. Həqiqi mənada şahidi olduğum mənzərə məni təəccübləndirdi. Diqqətimi çəkən məqamlardan biri də bu oldu ki, gənc nəsil seçkidə çox fəal iştirak edirdi. Balaca uşaqların isə seçkiyə babaları, nənələri tərəfindən gətirildiyini müşahidə etmək mənə əlavə bir zövq verdi. Mən səs verən insanların elə məntəqənin həyətində aralarında söhbət etmələrinin də şahidi oldum. Həmin söhbətlərin əksəriyyətinin məzmunu hazırkı Prezidentə səs vermələrilə bağlı idi. İnsanlar bunu kiminsə diqtəsilə deyil, sərbəst şəkildə bəyan edirdilər. Əsaslandırmaları da bu olurdu ki, onlar hazırkı Prezidentə real alternativ görmürlər. Əminəm ki, Azərbaycan xalqı bu dəfə də doğru seçimini etmiş oldu. Şəxsən mən gördüyüm mənzərədən sonra əminəm ki, seçkinin qalibi İlham Əliyev olacaq. Dediyim məntəqənin ətrafında sorğu da keçirilirdi. Sual kimə səs verməklə bağlı idi. Həmin sorğuda iştirak edənlər də İlham Əliyevə səs verdiklərini bəyan etdilər. Mən seçki prosesinin keçirilməsində məsul olan şəxslərin yüksək davranış mədəniyyətini xüsusi olaraq vurğulamaq istəyirəm. Mən səs verəndən sonra yaxın dostların da təəssüratları ilə maraqlandım və gördüm ki, gəldiyimiz qənaətlərin çoxu üst-üstə düşür. Əhalinin daha çox inamı isə bu seçkilərdən sonra ölkədə ciddi islahatların aparılacağınadır. Bütün bunlarla yanaşı, xüsusi bir məsələni qeyd etmək istəyirəm. Məhz bu gündə bəzi adamların telefonlarına banklar tərəfindən borcla bağlı edilən zənglər məni təəccübləndirdi. Bir neçə adamın bankların bu davranışından narazılıq etdiyinin şahidi oldum. Bu gün qeyri-iş günü elan olunubsa, niyə banklar bu mövzuda əhalini narahat edirlər? Bir gün gözləmək olmazmı? Sonda ölkəmizə əminamanlıq və firəvan həyat arzulayıram”.
Rauf Zeyni: “Tam səmimi deyirəm ki, onlar öz ölkələrində görmədikləri seçici fəallığını bizim ölkədə müşahidə etdilər”
Ölkəmizdə baş tutan 11 aprel prezident seçkiləri ilə bağlı etdiyi müşahidələrini qəzetimizlə bölüşənlərdən biri də Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni oldu. Onun sözlərinə görə, vətəndaşlıq borcunu günün birinci yarısında yerinə yetirib: “Mən daimi qeydiyyatda olduğum ünvan üzrə Sumqayıt şəhərindəki 42 saylı seçki dairəsinin 9 saylı məntəqəsində səs verdim. Biz, eyni zamanda, seçkinin müşahidəsini aparırdıq. Seçki günü və ondan öncə müşahidə etdiklərimizdən bu qənaətə gəlirik ki, seçkilər çox yüksək səviyyədə və beynəlxalq standartlara uyğun təşkil edilib. Səs verdiyim məntəqədə bunun bir daha şahidi oldum. Tam azad, şəffaf mühit vardı. Bütün namizədlər və müşahidəçilər üçün bərabər şəraitlər yaradılıb. Seçicilərdə böyük ruh yüksəkliyi və fəallıq müşahidə etdim. Saat 12-yə olan məlumata görə, 40 faizə yaxın seçici səs verib. Bu rəqəmin özü də yüksək seçici fəallığından xəbər verir. Beynəlxalq müşahidəçilər və media nümayəndələri bunların hamısını müşahidə etdilər. Tam səmimi deyirəm ki, onlar öz ölkələrində görmədikləri seçici fəallığını bizim ölkədə müşahidə etdilər. Mən rast gəldiyim bir mənzərini diqqətinizə çatdırım. Bir nəfər şəxsiyyət vəsiqəsi olmadan səs vermək istəyirdi. Ancaq ona izah etdilər ki, bu qanunauyğun deyil. Kimin kimə səs verməsilə biz maraqlanmadıq. Bu işi “exit-poll” keçirən təşkilatlar görürdü. Bir sözlə, seçkilərin yüksək beynəlxalq standartlara cavab verən tərzdə keçirildiyini söyləyə bilərik. Bu il xüsusi müşahidə etdiyim bir mənzərə bundan ibarət oldu ki, seçicilərlə məntəqə işçiləri və müşahidəçilər arasında yüksək mədəniyyətə söykənən davranışlar vardı. Hiss olunur ki, bizim ölkədəki seçki mədəniyyəti ildən-ilə daha da artır. Belə münasibətlərin qurulması bizi çox sevindirir. Buna milli birlik də demək olar”.
33 saylı seçki məntəqəsi də İlham Əliyevi seçdi...
Fatimə Hacıbəyli: “Azərbaycanda prezident seçkiləri tam şəffafdır və dünya standartlarına uyğundur”
“Vəfa" Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı müşahidələrini qəzetimizlə bölüşdü. F.Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, seçki günü hər bir xalqın, hər bir dövlətin taleyində vacib bir gündür: “Hər bir vətəndaş səsvermə prosesində iştirak edib. Mən də, öz növbəmdə, vətəndaşlıq borcumu yerinə yetirdim. Xətaidə 33 saylı seçki məntəqəsində öz namizədimə səs verdim”.
F.Hacıbəyli seçki təəssüratı ilə bağlı bildirdi ki, ötən gün seçkidə insan izdihamı yaşanırdı: “Xətai rayonu sakinləri seçkidə fəal iştirak edirdilər. Seçki tam şəffaf formada keçirilirdi. Seçicilər sərbəst formada öz namizədlərinə səs verirdilər. Seçicilər yekdilliklə İlham Əliyevə səs verəcəklərini deyirdilər. Bu günə kimi bir sıra seçki proseslərində iştirak etmişəm. Deyərdim ki, ölkədə seçki sistemi günü-gündən inkişaf edir. Ölkədə seçkilərə maraq yüksəkdir".
Birlik sədrinin sözlərinə görə, 11 aprel prezident seçkisində seçici aktivliyi müşahidə olunub: “Müşahidələrimə əsasən deyə bilərəm ki, seçki zamanı seçicilərin böyük axını müşahidə edilirdi. Seçkilər normal şəkildə keçdi və heç bir çətinlik qeydə alınmadı. İnsanlar da olduqca sakit və təhlükəsiz şəkildə səsvermədə iştirak edirdilər. Azərbaycanda prezident seçkiləri tam şəffafdır və dünya standartlarına uyğundur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, seçkilərdə şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb”.
Olduğum seçki məntəqəsində sıxlıq var idi
Rüfət Quliyev: “Sevindirici məqam ondan ibarətdir ki, səsverməyə yeni start veriləndə belə insanlar böyük həvəslə seçkiyə qatılırdılar”
Ötən gün ölkə ərazisində prezident seçkiləri keçirilib. Ölkə əhalisi seçkidə fəal iştirak edib. Bunu ötən gün prezident seçkilərində iştirak edən iqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də təsdiqləyir.
R.Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o, səsvermə hüququndan istifadə edərək öz namizədinə səs verib: “11 aprel Azərbaycan üçün əlamətdar gündür. Hər bir vətəndaş konstitusion hüququndan istifadə edib səs verdi, mən də öz səsimi verdim. Seçimim İlham Əliyevdir. Seçki ilə bağlı deyə bilərəm ki, proses olduqca şəffaf keçirilib. Bəllidir ki, seçki məntəqələri saat 08:00-da açılıb. Sevindirici məqam ondan ibarətdir ki, seçki məntəqələri yeni açılanda belə insanlar böyük həvəslə seçkiyə qatılırdılar. Müşahidərimə əsasən deyə bilərəm ki, seçicilər hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyiblər”.
Millət vəkili seçki prosesinin yüksək səviyyədə təşkil olunmasından, seçicilərin səsvermə prosesində aktivliyindən də danışdı: "Əhali böyük həvəslə səsvermədə iştirak edib. Hətta mən deyərdim ki, seçki məntəqələrində sıxlıq vardı. Bu onun göstəricisidir ki, əhali böyük həvəslə öz namizədini seçmək üçün seçkiyə qatılıb.
İstənilən yaş kateqoriyasında olan şəxs səsvermə hüququndan istifadə etdi. Vətəndaşlar sərbəst formada səs verdilər. Bir qisim şəxslər ailə üzvləri ilə birlikdə seçkiyə qatılıblar”.
R.Quliyevin sözlərinə görə, seçki şəffaf formada keçirilib. Hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb. Seçkinin şəffaf olmasını prosesi izləyən müşahidəçilər də təsdiqləyirlər. Tək yerli deyil, əcnəbi müşahidəçilər də seçkinin gedişatını izləyirdilər. Onlar da seçkinin şəffaf formada keçirilməsini ictimaiyyətə açıqlayırlar.
Həmsöhbətimiz sonda bildirdi ki, seçkinin nəticələri ölkəmiz üçün uğurlu olacaq.
Xalq düzgün seçim etdi
Aydın Hüseynov: “Seçicilər seçki ilə bağlı öz iradələrini, fikirlərini azad şəkildə ifadə etdilər”
Məlum olduğu kimi, ötən gün Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə əhalisi konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak edib.
Seçki prosesinin necə keçdiyini öyrənmək məqsədilə millət vəkili Aydın Hüseynova müraciət etdik. Millət vəkili “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, seçki günü insanların fəallığı yüksək səviyyədə idi: “Mən vətəndaş olaraq Azərbaycanın layiqli namizədinə səs verdim. Məlumat üçün bildirim ki, seçici olmaqla yanaşı, müşahidəçi kimi də seçki məntəqələrində olurdum. Müşahidələrimə əsasən deyə bilərəm ki, bütün seçki prosedurları yüksək səviyyədə təşkil olunub. Həmçinin, seçicilərin səsvermə prosesi zamanı öz hüquqlarından tam istifadə etməsi üçün lazımi şərait yaradılıb. Yaradılan müsbət ab-hava göstərir ki, seçkinin şəffaf formada keçməsi ölkədəki demokratik prosesin göstəricisidir”.
Millət vəkili onu da qeyd etdi ki, seçki məntəqələrində seçici fəallığı yaşanıb: “Seçkinin nəticəsini “exit-poll” müəyyən edəcək. Ancaq onu deyə bilərəm ki, seçki prosesində insan axını müşahidə olunub”.
A.Hüseynov hesab edir ki, seçicilər seçki ilə bağlı öz iradələrini, fikirlərini azad şəkildə ifadə ediblər. Həmsöhbətimizin sözlərinə görə, seçkiyə qədərki dövrdə insanlar arasında çoxsaylı görüş keçirilib: “İnsanlarla söhbət aparıb, onların seçki ilə bağlı təəssüratını öyrənmişik. Seçicilər birbaşa İlham Əliyevə səs verəcəklərini bəyan edirdilər. Hesab edirəm ki, seçkinin favoritinin İlham Əliyev olduğu öncədən də bəlli idi. Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib, buna şübhə yoxdur”.
55-ci dairədə izdiham gördüm...
Eldəniz Səlimov: “Bu seçkilər də Azərbaycanın demokratiya yolunda irəliyə doğru daha bir addımı olacaq”
Ötən gün Azərbaycanda prezident seçkiləri keçirildi. Məlum olduğu kimi, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib.
11 aprel Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Prezident seçkisində fəal iştirak edən Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Eldəniz Səlimov seçki təəssüratı ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşdü. Millət vəkili bildirdi ki, o, 55 saylı Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququnu reallaşdırıb: “Ölkə əhalisi Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verib. Bu ölkə hamımızındır. Mən də öz konstitusion hüquqlarımdan istifadə edərək prezident seçkiləri ilə bağlı səsvermədə iştirak etdim”.
E.Səlimovun sözlərinə görə, seçkilər çox yüksək əhval-ruhiyyədə keçdi: “Seçicilər də aktivlik, fəallıq göstərirdilər. Çünki bu ölkə hamımızındır, hamımız onun üçün məsuliyyət daşıyırıq və daşımalıyıq. Bu baxımdan hesab edirəm ki, bu seçkilər də Azərbaycanın demokratiya yolunda irəliyə doğru daha bir addımı olacaq”.
Millət vəkili onu da əlavə etdi ki, seçicilər yüksək həvəslə səsvermə prosesində iştirak ediblər: “Məntəqədə də kifayət qədər fəallıq var idi. Seçicilər seçki məntəqələrinə gələrək öz namizədlərinə səs verirdilər. İnsanlar səhər saat 8-dən etibarən səs vermək üçün seçki məntəqələrinə yollanıblar. Vətəndaşlar olduqca sakit və təhlükəsiz şəkildə səsvermədə iştirak ediblər. Bir sözlə, seçkidə insan izdihamı müşahidə olunurdu”.
Sədaqət Vəliyeva: “Nizami rayonunda səsvermə prosesi müdaxilə halları olmadan, tam demokratik və şəffaf şəkildə keçib”
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycan əhalisi namizədini seçmək üçün ötən gün səsvermə prosesində iştirak etdi. Seçki təəssüratlarını öyrənmək üçün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevaya müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nizami rayonunda seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib: “Rayon ərazisində fəaliyyət göstərən seçki məntəqələrində səhər saat 08.00-dan etibarən yüksək seçici fəallığı müşahidə olunub”.
S.Vəliyevanın sözlərinə görə, Nizami rayonu üzrə 80 məntəqədə 105 mindən artıq seçici qeydiyyatdadır: “Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahıları tam dəqiqləşdirilib, dairə seçki komissiyası, eləcə də məntəqələr bütün lazımi texniki vasitələrlə tam təmin olunub, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şərait yaradılıb. Ümumilikdə, 25 məntəqədə veb-kameralar quraşdırılıb. Rayon üzrə seçkiləri isə 1200 nəfərədək müşahidəçi izləyib və “exit-poll” təşkil olunub”.
Xanım millət vəkili onu da vurğuladı ki, rayon ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə səhər saatlarından etibarən yüksək seçici fəallığı müşahidə olunub: “Vətəndaşlar axın-axın məntəqəyə gələrək səsvermə hüququndan istifadə ediblər. Bir sözlə, Nizami rayonunda səsvermə prosesi müdaxilə halları olmadan, tam demokratik və şəffaf şəkildə keçib”.
Azərbaycanın gələcəyi üçün layiqli namizədə səs verdim
Məhəmməd Əsədullazadə: “Müşahidə etdiyim mənzərə ondan ibarət idi ki, vətəndaşlar normal qaydada səsvermə məntəqəsinə gəlib səs verirdilər”
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak etdilər. Seçki təəssüratları ilə bağlı bəzi tanınmış şəxslərin fikirlərini öyrəndik.
“Bakı-Xəbər”ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə səsvermədə iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, seçki ilə bağlı fikirləri müsbətdir: “Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Hər bir səsvermə hüququ olan vətəndaş öz konstitusion hüququndan istifadə edib istədiyi namizədə səs verdi. Müşahidə etdiyim mənzərə ondan ibarət idi ki, vətəndaşlar normal qaydada səsvermə məntəqəsinə gəlib səs verirdilər. Nəzərə almaq lazımdır ki, prezident seçkiləri ölkəmizin siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb edən hadisədir. Hesab edirəm ki, seçkidə iştirak edib, növbəti 7 ildə ölkənin idarə olunmasını formalaşdırırsan. Mən də öz konstitusion hüququmdan istifadə edib, səsvermədə iştirak etdim və dəstəklədiyim namizədə səs verdim. Azərbaycanın gələcəyi üçün layiqli namizədə səsimi verdim. Ümumi olaraq səsvermə prosesi normal keçdi və hansısa xoşagəlməz hal yaşanmadı. Səs verdiyim məntəqədə hər şey normal təsir bağışladı. Bir sözlə, keçirilən prezident seçkilərini qənaətbəxş hesab edirəm. Düşünürəm ki, ölkə vətəndaşları öz seçki hüquqlarından normal qaydada istifadə etdilər”.
“O, prezidentliyə ən layiqli namizəddir”
Seyid Camal Əzimbəyli: “Səsvermədə kütləvilik müşahidə olunurdu”
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak etdilər. Seçki təəssüratları ilə bağlı bir sıra tanınmış şəxslərin fikirlərini öyrəndik.
Şərqşünas Seyid Camal Əzimbəyli seçki ilə bağlı təəssüratlarını qəzetimizlə bölüşərək bir sıra məqamlara toxundu: “Hər bir ölkə vətəndaşı kimi mən də ailəmlə birlikdə Nizami rayonunda səsvermədə iştirak etdim. Seçki məntəqəsində apardığım müşahidələr tam onu deməyə əsas verir ki, hər bir şəxs çox rahatlıqla seçki məntəqəsinə gəlib iradəsinə uyğun olaraq səs verirdi. Məntəqədə vətəndaşlar nizamlı şəkildə səs verirdilər. Səsvermədə kütləvilik müşahidə olunurdu. Çoxsaylı vətəndaş səsverməyə gəlmişdi. Hesab edirəm ki, bunun özü qürurverici haldır. Tam məsuliyyətimlə deyirəm ki, prezident seçkisi hər kəsin öz azad seçimi ilə həyata keçirildi. Niyə? Çünki gördüklərim, müşahidə etdiklərim bu qənaətə gəlməyə əsas verir. İnanıram ki, bu seçkilərdə zəfər xalqın, dövlətin, milli mənafeyimizin naminə olacaq. Təbii ki, hər bir vətəndaş kimi mən də öz seçimimi etdim. Bunu tək mən yox, bütövlükdə ölkənin gerçək mənəviyyat adamları edib. Məsələ ondadır ki, illərdir din-dövlət münasibətlərinin möhkəmlənməsi üçün şərəflə mübarizə aparan Qarabağ Seyid Ocaqları bu seçkilərdə İlham Əliyevə dəstək verdi. Birmənalı olaraq mən də, ailəm də Prezident İlham Əliyevə səs verdik. İlham Əliyev hər zaman ölkədə mənəvi dəyərlərin keşiyində olub. Bütün hallarda, o, prezidentliyə ən layiqli namizəddir. Seçki məntəqəsində müşahidə olunan mənzərə ondan ibarət idi ki, seçicilər daha çox İlham Əliyevi dəstəkləyirdilər. Dualarımızla inanırıq ki, bu seçki vətənimizin, dövlətimizin, bayrağımızın varlığına xidmət edəcək. Bir də, ən əsası, Qarabağımızın tezliklə azad olunmasına vəsilə olacaq”.
“Belə mənzərə məni çox sevindirdi”
Əkbər Qoşalı: “Vətəndaşların seçkidə yüksək fəallıq göstərməsi bir daha onların dövlətə və dövlətçiliyə xidmət etdiklərini göstərdi”
Məsələyə münasibət bildirən Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, prezident seçkiləri yüksək əhval-ruhiyyədə keçirildi: “Əvvəla arzu edirəm ki, 11 aprel prezident seçkiləri xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu olsun. Hər bir ölkə vətəndaşı kimi, biz də seçkidə böyük ruh yüksəkliyi ilə iştirak etdik və səsimizi verdik. Eyni zamanda, seçkinin necə keçirilməsi ilə bağlı müşahidə apardıq. Gördüyüm mənzərə ondan ibarət idi ki, hər bir ölkə vətəndaşı toy-bayram əhval-ruhiyyəsində seçkiyə gəlirdi. Çox ciddi seçici aktivliyi müşahidə olunurdu. Bir vətəndaş, bir qələm adamı olaraq belə mənzərə məni çox sevindirdi. Vətəndaşların seçkidə yüksək fəallıq göstərməsi bir daha onların dövlətə və dövlətçiliyə xidmət etdiklərini göstərdi. Bununla yanaşı, seçkilər tam şəffaf, demokratik şəraitdə keçirildi. Seçicilər tam azad şəkildə səsvermə məntəqəsinə gəlib səs verdilər. Bu nöqteyi-nəzərdən çox gözəl mənzərənin şahidi oldum. Hesab edirəm ki, xalqımız, dövlətimiz bundan qazanacaq. Bununla yanaşı, açıq-aydın hiss olunur ki, İlham Əliyevin şansları daha böyükdür. Bunu əhalinin təbəssümündən, ovqatından hiss etmək olurdu. Düşünürəm ki, 11 aprel seçkiləri çox uğurlu keçirildi”.
Fikrət Yusifov: “Hiss olunurdu ki, insanlar məmnuniyyətlə öz vətəndaşlıq borclarını yerinə yetirmək istəyirlər”
Məsələyə münasibət bildirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, keçirilən seçkilərlə bağlı fikirləri müsbətdir. Onun fikrincə, seçkilər şəffaf və demokratik şəraitdə keçirildi: “Mən də öz vətəndaşlıq borcumu yerinə yetirimək üçün səsvermə məntəqəsinə gedib səsimi istədiyim namizədə verdim. Seçki məntəqəsinə səs vermək üçün gəlmiş onlarla insan növbə gözləyirdi. Hiss olunurdu ki, insanlar məmnuniyyətlə öz vətəndaşlıq borclarını yerinə yetirmək istəyirlər. Bir sözlə, məntəqədə seçici aktivliyi qabarıq formada özünü göstərirdi. Digər tərəfdən, seçki məntəqəsində çoxlu sayda müşahidəçi var idi. Vətəndaşlar sərbəst şəkildə öz seçimlərini edirdilər. Hesab edirəm ki vətəndaşlarımız Azərbaycanda növbəti yeddi ildə də sabitliyə və inkişafa səs verdilər”.
Azər Allahverənov: “Kifayət qədər sərbəst seçki mühiti var idi və kənardan hansısa təsir, müdaxilə olmadan keçirdi”
Tanınmış ekspert Azər Allahverənov da seçki ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü. Onun sözlərinə görə, 11 aprel seçkilərində hər şey yüksək səviyyədə təşkil olunmuşdu: “Mən 22 saylı Nəsimi seçki dairəsində səs verdim. Ümumilikdə, mən 18 yaşından seçki prosesində iştirak edən adamam və o vaxtdan da sözügedən seçki dairəsində səs verirəm. Ailəlikcə getdik səsimizi verdik. Səsvermə sakit, səliqəli şəraitdə, bütün prosedurlara uyğun təşkil olunmuşdu. Məntəqə üzvləri seçicilərlə çox nəzakətli şəkildə davranırdılar. Kifayət qədər sərbəst seçki mühiti var idi və kənardan hansısa təsir, müdaxilə olmadan keçirdi. Məndən qabaq və sonra seçkilərə gələn insanların da ovqatında bu özünü göstərirdi. Yəni seçici fəallığı yüksək səviyyədə özünü göstərirdi. Bu bir daha onu göstərdi ki, faktiki olaraq seçki prosesi kifayət qədər demokratik şəraitdə həyata keçirilir. Hansısa bir hüquq pozuntusundan, neqativ haldan söhbət gedə bilməz. Hətta məntəqədə işləyənlərin gələn seçiciləri gülərüz qarşılaması, kifayət qədər nəzakətli olması insanın könlünü oxşayırdı. Bunun nəticəsində insanın daxilində seçki prosesi ilə bağlı pozitiv fikir formalaşır”.
“Burada əsas məqamlardan biri cəmiyyətin seçkiyə daha inamla yanaşması, səsverməyə ailəvi olaraq gəlməsidir”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Buludxan Xəlilov: “Bir ziyalı olaraq dövlətimizin, xalqımızın işıqlı gələcəyini düşünərək səsverməyə getdim. Ailəmlə birgə Nəsimi rayonu 22 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində cənab İlham Əliyevə səs verdik. Səhər saat 8-9 radələrində seçki məntəqəsində böyük qələbəlik vardı. Seçiciləri həddindən artıq aktiv, fəal gördüm. Seçicilər arasında gənclərin fəallığı daha çox diqqətimi cəlb etdi. Onlar dəstə-dəstə seçki məntəqəsinə gəlib öz layiqli namizədinə səs verirdi. Ümumiyyətlə, ötən prezident seçkiləri ilə müqayisədə bu dəfə insanların seçkiyə daha inamla, daha kütləvi gəldiyini müşahidə etdim. Açığı, bu məni çox sevindirdi. Yalnız səs verdiyim seçki məntəqəsində deyil, küçələrdə, meydanlarda da insanların digər seçki məntəqələrinə üz tutduğunu gördüm. Burada əsas məqamlardan biri cəmiyyətin seçkiyə daha inamla yanaşması, səsverməyə ailəvi olaraq gəlməsidir. Bilirsiniz ki, Dövlət Pedaqoji Universitetində işləyirəm və bizim ali məktəbdə də ərazi üzrə seçki məntəqəsi var. Eyni fəallığı universitetimizdə də müşahidə etdim. Seçicilər kütləvi olaraq səsverməyə gəlir və maneəsiz şəkildə öz seçimlərini edirdilər. Onu da deyim ki, seçki məntəqələrində seçicilərin rahat şəkildə səs verməsi üçün gözəl şərait yaradılıb. Həm səs verdiyim seçki məntəqəsində, həm də universitetimizdəki seçki məntəqəsində xarici müşahidəçilər seçkiləri müşahidə etdilər. Müşahidəm nəticəsində mənə aydın oldu ki, onlar da seçki aktivliyindən çox razı qalıblar.
Bilirsiniz, bayaq dedim ki, seçkidə gənclərin aktivliyini müşahidə etdim. Bu da təsadüfi deyil. Gənclər, bütövlükdə cəmiyyət seçkiyə aktiv qatılmaqla öz arzu və istəklərinin yerinə yetəcəyinə inam bəsləyirlər. Bununla yanaşı, insanlar reallıqları da dərindən anlayır, bu reallıqlara uyğun kimin prezident olacağını da bilirlər, bunu düzgün qiymətləndirirlər. Yəni artıq Azərbaycan cəmiyyəti kifayət qədər maariflənmiş, kifayət qədər formalaşmış bir cəmiyyətdir. Bu cəmiyyətdə kimsə kimsəni hansısa şirin vədlərlə, söz vermələrlə aldada bilməz. Bu gün insanlar dövlətimizdə, cəmiyyətimizdə gün işığı kimi real olan sabitlikdən, rahat yaşamaqdan, sosial rifah halının yaxşılaşmasından məmnundurlar. Təbii ki, ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, dövlətimizin beynəlxalq aləmdə günü-gündən nüfuzu artdıqca, insanların sosial rifahı da daha da yaxşılaşacaq, onlar cəmiyyətdə öz yerlərini daha dürüst formada tapa biləcəklər. Bunlar hamısı Azərbaycanın gələcək inkişafına hesablanan məsələlərdir. Bu baxımdan, cəmiyyətdə seçki məsələsinə məsuliyyətin olduğunu hiss etdim. Yəni insanlar artıq başa düşürlər ki, seçkiyə getmək onların vətəndaşlıq hüququ və borcudur, seçmək və seçilmək onların haqqıdır. Bunu mən yaxından hiss edə bildim. Bu gün insanları xüsusi olaraq seçkiyə getməklə bağlı maarifləndirməyə ehtiyac yoxdur, çünki özləri könüllü olaraq seçkiyə gedirlər. Onlar artıq dərk edirlər ki, seçki məntəqələrinə gedib səs vermək lazımdır. İnsanlar anlayırlar ki, onlar seçməyi də bacarmalıdırlar. Bax, bu “seçməyi bacarmalıdırlar” ifadəsinin üzərində dayanmaq istəyirəm. Artıq Azərbaycan cəmiyyəti bilir ki, öz prezidenti olaraq kimi seçməlidir və niyə seçir. Bu çox vacib məsələdir. Bu o deməkdir ki, cəmiyyət ağı qaradan, yaxşını pisdən, düzü əyridən seçə, Azərbaycanın gələcəyini görə, bugünkü reallıqlarını qiymətləndirə bilir. Azərbaycan cəmiyyətinin seçim prosesində tərəddüdü yoxdur. Bunu açıq etiraf etmək lazımdır. Bu da ondan qaynaqlanır ki, cəmiyyət kifayət qədər formalaşıb və stabilləşib, cəmiyyətdə yüksək səviyyədə tarazlıq var. Tarazlıq hər şeyi həll edir”.
“Builki prezident seçkisi demokratik bir seçki kimi tarixə düşəcək”
Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimov: “Mən ailə üzvlərimlə birlikdə səhər saat 10-a işləmiş Səbail rayonu Badamdar qəsəbəsində yerləşən seçki məntəqəsində səs vermişəm. Bu seçki bizim dövlətimiz, xalqımız üçün olduqca əhəmiyyətlidir. Çünki biz xalq olaraq növbəti 7 il müddətinə Azərbaycanın dövlət başçısını, prezidentimizi seçdik. Seçki məntəqəsində olarkən vətəndaşların, seçicilərin seçki prosesinə daha aktiv, daha ciddi şəkildə yanaşmasını müşahidə etdim. Təbii ki, bizim seçimimiz çoxdan bəllidir. Biz həmişə öz liderimizin, cənab İlham Əliyevin yanındayıq, səsimizi də ona vermişik. Azərbaycandakı mövcud sabitlikdən, sosial-iqtisadi inkişafdan təbii ki, çox razıyıq. Azərbaycanın xoş və işıqlı gələcəyinə səs verməkdən çox məmnunam. Sağlıq olsun, Qarabağ probleminin həll ediləcəyinə, yağı tapdağı altında olan torpaqlarımızın azad olunacağına böyük ümidlər bəsləyirəm. Onu da aydın görürəm ki, cənab Prezident bizi o torpaqlara qovuşduracaq.
Onu da deyim ki, mən ailəmlə saat 10-a işləmiş seçki məntəqəsinə gedəndə məntəqədə böyük növbə olduğunu gördüm. Əvvəlki seçkilərlə müqayisədə bu seçkidə vətəndaşların daha fəal olduğunu müşahidə etdim. İnsanlar çox yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etdilər. Seçkilər çox şəffaf və demokratik şəkildə keçirildi, mən çox razıyam. Mənə elə gəlir ki, builki prezident seçkisi demokratik bir seçki kimi tarixə düşəcək. Maraqlı məqamlardan biri odur ki, seçkiyə bütün yaş qrupunun təmsilçiləri aktiv qatılıb. Həm yaşlı, həm orta, həm də gənc nəslin kütləvi olaraq səsverməyə gəldiklərini gördüm. İnsanların çöhrəsində bir işıq, sevinc hissi də müşahidə etdim. Onlar seçkiyə bayrama gəlirmişlər kimi gəlmişdilər. Bu, əlbəttə, çox önəmli məqamdır. Hər bir vətəndaş bu məsələdə daha fəal olmalı, öz səsini verməlidir. Dediyimiz kimi, bizim liderimiz var, seçimimiz bəllidir və inanıram ki, növbəti 7 ildə daha böyük işlər görüləcək, daha çox uğurlara imza atacağıq”.
“Bu dəfə vətəndaşlar daha çox səhər saat 8-9-da səsverməyə gəlirdilər, özü də ailəvi olaraq”
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nurəddin Mehdixanlı: ”Yasamal rayonu 28 saylı seçki məntəqəsində səs verdim. Seçkiyə ailəmlə birgə getdim. Biz səhər saat 9 radələrində səs vermişik. Açıq deyim ki, seçki məntəqəsinə seçicilər kütləvi olaraq gəlmişdi və biz təxminən 15 dəqiqə növbədə dayandıq, növbəmiz çatanda səs verdik. Yəni biz saat 9-da seçki məntəqəsinə getdik və orada kifayət qədər seçici gördük. Hətta istədilər bizi irəliyə buraxsınlar, dedim ki, xeyr, növbəmizi gözləyirik. Seçki məntəqəsində kifayət qədər seçicinin olması, vətəndaşların seçkiyə aktiv qatılması məni hədsiz dərəcədə sevindirdi. Mənim səs verdiyim məntəqədə daha çox orta yaşlı insanların və gənclərin aktiv olduğunu müşahidə etdim. Bizim məntəqədə cəmiyyətin tanıdığı insanlar da səs verməyə gəlmişdilər. Onlar arasında universitetlərdən birinin rektoru da vardı. Deyim ki, budəfəki seçkiyə ailəvi gələnlər daha çox idi. Ailə başçıları öz ailələri ilə gəlib rahat şəkildə öz səslərini verirdilər. Biz seçki məntəqəsindən çıxanda yolda qonşularımı ailəvi şəkildə seçkiyə gələn gördüm. Əvvəllər belə idi ki, insanlar səsverməyə günortaya yaxın, günorta gedərdilər, ancaq bu dəfə vətəndaşlar daha çox səhər saat 8-9-da səsverməyə gəlirdilər, özü də ailəvi olaraq. Açıq deyim ki, keçən seçkilərlə müqayisədə bu seçkidə seçicilərin çox aktiv şəkildə səsverməyə qatıldığını müşahidə etdim.
Mən öz səsimi Azərbaycanın sabitliyinə, iqtisadi inkişafının, daxili və xarici siyasətinin davamına və bizim işğal olunan torpaqlarımızın azad olunacağının böyük ümidinə, Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyinə və dönməzliyinə verdim. Hesab edirəm ki, belə ciddi şəkildə siyasətimizi, iqtisadiyyatımızı, hərbi gücümüzü daha da qüdrətləndirmək istiqamətində yola davam. Mən davama səs verdim”.
“Seçimimiz yalnız və yalnız Azərbaycanı gözəl günlərə, işıqlı gələcəyə çıxaran, aparan cənab İlham Əliyev oldu”
Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Simnarə İmanova: “Xətai rayonu 5 saylı seçki məntəqəsində səs verdim. Mən seçkiyə ailəmlə birgə getmişdim. Deyim ki, seçicilərin seçki prosesində göstərdiyi aktivlik məni qane etdi. Məntəqəyə həddən artıq seçici gəlmişdi. Seçicilər heç bir maneə ilə qarşılaşmadan çox azad və sərbəst şəkildə səs verirdilər. Seçicilər öz seçimini edib. Əlbəttə ki, mən də, ailəm də öz seçimini etdi. Seçimimiz yalnız və yalnız Azərbaycanı gözəl günlərə, işıqlı gələcəyə çıxaran, aparan cənab İlham Əliyev oldu. Azərbaycandakı bugünkü sabitliyi, əminamanlığı İlham Əliyev yaradıb və xalqımız da əksərən ona səs verib. Ölkəmizdəki əminamanlığa çox şükürlər olun. Görürsünüz ki, Avropada, Qərbdə necə çaxnaşmalar, qeyri-sabitlik hökm sürür. Bu gün ölkəmizdəki sabitliyi qoruyub saxlayan Prezidentimiz İlham Əliyevdir.
Deyim ki, seçkiyə ailəvi gələnlər daha çox idi. Bildiyim qədər, bütün sənət adamları ailəvi olaraq cənab İlham Əliyevə səs veriblər”.
“Mənim özüm, bütün Qazax idmançıları da cənab İlham Əliyevə səs verdik”
Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov: “Mən Qazax rayonunda qeydiyyatda olduğum üçün səsvermədə iştirak etmək üçün Qazaxa gəldim. 107 saylı Qazax seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verdim. Mən İncə dərəsində yerləşən üç kənddə – Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində də oldum. Deyim ki, seçicilər həddən artıq aktiv idilər. Bütün məntəqələrdə seçici fəallığını müşahidə etdim. Deyim ki, Qazax qeydiyyatı olan bütün tanınmış qazaxlıların hamısı seçki məntəqələrinə gəlib öz layiqli namizədlərinə səs veriblər. Qazaxda seçici fəallığı çox yüksək səviyyədə oldu. Mən burada olduğum müddətdə seçicilərlə də ünsiyyətdə oldum, onlar fikirlərini açıq şəkildə deyir və səs verdikləri şəxsiyyətə inam və ümid bəsləyirlər. Qazax camaatı səsini liderimizə, cənab İlham Əliyevə verib. Mənim özüm, bütün Qazax idmançıları da İlham Əliyevə səs vermişik. Bizim ondan başqa liderimiz yoxdur. Bir məqamı da deyim ki, seçki məntəqələrinə seçicilər daha çox ailəvi gəlirdilər. Deyim ki, seçkidə şəhid ailələri, müharibə veteranları, Qarabağ qaziləri, idmançılarımız, tanınmış insanlar kütləvi olaraq gəlib səs verirdilər. Seçki məntəqələrində kifayət qədər seçicinin olduğunu müşahidə etdim. Fəallıq çox yüksək səviyyədə idi. Mən özüm Amerikadan gəldim və səs vermək üçün birbaşa Qazaxa gəldim. Biz idmançılar hamımız İlham Əliyevə səs verdik və onun yanındayıq. Azərbaycanın xoş gələcəyi cənab Prezidentlə bağlıdır, xalqımızı, cəmiyyətimizi işıqlı günlərə, sabahlara Ali Baş Komandanımız İlham Əliyev çıxaracaq. Mənim sahəmdə olan bütün Dünya, Avropa və Olimpiya çempionları öz səsini İlham Əliyevə verib”.
“Mənim və ailəmin alternativsiz seçimi yalnız cənab İlham Əliyev oldu”
Tanınmış aşıq İlham Aslanbəyli: “Prezident seçkisi xalqımızın, dövlətimizin həyatında, müasir tarixində çox əhəmiyyətli bir hadisədir. Qəlbi xalqa, dövlətə bağlı olan bütün sənətkarlar kimi mən də ailəmlə birlikdə seçki məntəqəsinə gedib öz seçimimi etdim. Sumqayıtdakı 42 saylı seçki dairəsində öz layiqli Prezidentimə səs verdim. Mənim və ailəmin alternativsiz seçimi yalnız cənab İlham Əliyev oldu. Mən öz səsimi İlham Əliyevə verdim. Mənim səs verdiyim məntəqədə çox güclü seçki fəallığı vardı, insanlar ailəvi şəkildə seçkiyə gəlir və səs verirdilər.
Azərbaycan dövlətinin, iqtisadiyyatının, mədəniyyətinin yüksək səviyyədə inkişafında İlham Əliyevin rolu ölçüyəgəlməzdir. Mən həmişə xalqın arasında olan bir sənətkar, aşıq kimi deyə bilərəm ki, xalqın İlham Əliyevə etimadı yüksəkdir. Bunu seçicilərin fəallığında, səsvermədə aktiv iştirak etdiyini müşahidə edərkən bir daha hiss etdim. Xalqımız özünün işıqlı gələcəyinə səs verib. Seçicilər könüllü şəkildə gəlib səs verirsə, bu çox müsbət haldır. Xalqımızın ümidi, nicatı İlham Əliyevdir. O, Heydər Əliyev yolunun layiqli davamçısı, aşıq sənətinin hamisidir. İlham Əliyevin prezidentliyi dövründə aşıq sənəti özünün intibah dövrünə qədəm qoydu desəm yanılmaram. Hesab edirəm ki, digər aşıq dostlarımız da öz səslərini cənab İlham Əliyevə veriblər”.
“Yaşadığım ərazi üzrə seçki məntəqəsində layiqli namizədimə səs verdim”
Beynəlxalq IMC UNESCO musiqi mükafatçısı, Xalq artisti Alim Qasımov: “Mən Abşeron rayonunda səsvermədə iştirak etmişəm. Səhər saatlarında yaşadığım ərazi üzrə seçki məntəqəsində layiqli namizədimə səs verdim. Məntəqədə seçici fəallığı vardı”.
“Bu seçkidə alimlər ordusu çox aktiv iştirak etdi”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarixçi-alim, professor Qasım Hacıyev: “Mən ailəmlə birgə Yasamal rayonu 1 saylı seçki məntəqəsinə getdim. Biz ora çatanda seçki məntəqəsində böyük bir növbə gördük. Təsəvvür edirdim ki, seçki məntəqəsini belə də görəcəyəm. Builki prezident seçkilərinə seçicilər həddən artıq aktiv, fəal qoşulublar. Bir neçə dəqiqə növbə gözlədikdən sonra səs verdik. Camaatın əhval-ruhiyyəsi çox yüksək səviyyədə idi, hamı seçkiyə çox böyük həvəslə, sevgi ilə gəlmişdi. Deyim ki, bu dəfə seçkiyə insanlar daha çox ailəvi gəlmişdilər. Biz orada olanda müəllim və həkim kollektivləri gəlib səs verdilər. Nəvəsinin əlindən tutub seçkiyə gələn yaşlı insanlar da çox idi. Bu seçki həddən artıq şəffaf keçirildi. Deyim ki, bu seçkidə alimlər ordusu çox aktiv iştirak etdi. Orada AMEA-nın işçiləri, eləcə də bu rayonda qeydiyyatda olan Sumqayıt Dövlət Universitetinin alimlərini gördüm. Onların hamısı seçkidə olduqca aktiv və fəal idilər, öz layiqli namizədlərinə səs vermək üçün məntəqəyə gəlmişdilər.
Mən özüm də, ailə üzvlərim də tanıdığımız, inandığımız, apardığı daxili və xarici siyasətinə xidmət edən, ulu öndərimizin yadigarı cənab İlham Əliyevə səs verdik. Müşahidəm nəticəsində deyə bilərəm ki, səsverməyə gələnlərin böyük əksəriyyəti ora İlham Əliyevə səs vermək üçün gəlmişdi. Xalqımızın prezidentimizə böyük sevgisi və hörməti var və mən bunu bu seçkidə də bir daha yaxından müşahidə etdim. Prezidentliyə namizədlər arasında İlham Əliyev səviyyədə elə bir sima yoxdur ki, ona dəstək olaq, səs verək. Seçki məntəqəsinə səs vermək üçün gələnlər ora İlham Əliyevə görə gəlmişdilər”.
“Mən Prezident kimi İlham Əliyevi görürəm və səsimi də ona verdim”
Azərbaycan Respublikasının Xalq artisti, görkəmli xanəndə, aktyor Canəli Əkbərov: “Mən seçkiyə oğlumla, kürəkənimlə, digər ailə üzvlərimlə getmişdim. Nərimanov rayonu 35 saylı seçki dairəsində cənab İlham Əliyevə səs verdik. Mən Prezident kimi İlham Əliyevi görürəm və səsimi də ona verdim. Deyim ki, seçki məntəqəsinə gələn seçicilərin sayı həddən artıq çox idi. Bu seçkidə güclü seçici fəallığı gördüm. Camaat böyük həvəslə səsverməyə qatılmışdı. Mən də camaatın qarşısında cənab İlham Əliyevlə bağlı çıxış etdim və Prezidentə olan sevgimi, hörmətimi xalqın qarşısında bir daha ifadə etdim.
İlham Əliyevlə fəxr edirəm, onun gördüyü miqyasagəlməz işlərə baxıb sevinirəm. O, ulu öndərin siyasi akademiyasının məzunu olaraq mənim üçün ən əziz, ən doğma insandır”.
Hazırladılar: Məhəmmədəli QƏRİBLİ Günel CƏLİLOVA Vidadi ORDAHALLI İradə SARIYEVA