Qabil Hüseynli: “Bunun da yolları Ermənistana təzyiqdən, sanksiyaların tətbiqindən keçir”
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak bildirib ki, ölkəmizə etdiyi səfəri çərçivəsində Azərbaycan Prezidenti, eləcə də xarici işlər naziri ilə görüşüb:
“Biz Birləşmiş Millətlər Təşkilatının gündəliyinin təbliğində və həyata keçirilməsində Azərbaycanın rolu barədə danışdıq. Mən BMT-nin fəal üzvü kimi Azərbaycanı yüksək qiymətləndirdim. Azərbaycan BMT prinsiplərinin və təşkilatın Nizamnaməsinin fəal tərəfdarı hesab olunur. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun irəliləməsində, terrorçuluqla mübarizədə, xüsusilə də enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında fəal bir ölkə kimi qəbul edilir. Mən Azərbaycanı bu aktiv roluna görə, eləcə də BMT gündəliyinin, xüsusilə Dayanıqlı İnkşaf Məqsədlərinin icra olunmasında, yoxsulluğun azaldılmasının, gender bərabərliyinin, təhsilin və səhiyyənin əlçatan olmasının təmin edilməsi üzrə yüksək qiymətləndirdim”.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk Qrupundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyir: “BMT-nin Təhlükəsizlik Şurasının dörd və Baş Assambleyasının üç qətnaməsi var. Mən BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri kimi istərdim ki, bu qətnamələr icra olunsun. Hazırda bu məsələnin həlli üçün qəbul edilən vasitə və ya format ATƏT-in Minsk Qrupudur. Bu mexanizmə hörmət etmək və onun potensialından tam istifadə etmək lazımdır. Mən Minsk Qrupundan bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyirəm”.
Göründüyü kimi, Miroslav Layçak Azərbaycanla bağlı qəbul olunan 4 qətnamənin icrasının vacibliyini vurğulayıb və bu istiqamətdə səy göstərəcəyini deyib. Bu istiqamətdə hansısa yeniliyin olacağını gözləməyə dəyərmi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, belə fikirlərin səslənməsi və təşəbbüslərin olması bizim sevindirir: “Ancaq gəlin məsələyə bir qədər açıq gözlə baxaq. Biz BMT qətnamələrinin icrasını 25 ildir gözləyirik. Axı dünyanın ən nüfuzlu bir qurumunun qəbul etdiyi digər qətnamələr dərhal icra olunub. Bizimlə bağlı isə bu məsələdə ikili standarta yol verilir. Belə optimist fikirləri BMT Baş Assambleyası 72-ci sessiyasının sədri səsləndirdiyi üçün, mən diqqətinizə mühüm bir detalı çatdırmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışını xüsusi olaraq vurğulamaq lazımdır.
Azərbaycan Prezidenti çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi əsaslı və mühüm fikirlər dünya ictimaiyyətinə bir daha dəqiq mesaj oldu. Orada işğalçı dövlətin rəhbəri Xocalı soyqırımının iştirakçısı ola-ola Azərbaycanı təqsirləndirməyə başladı. Dövlət başçımız ona çox layiqli cavab verdi ki, Ermənistanın artıq sabiq olan prezidenti vaxtilə Xocalı soyqırımının başında dayanıb, torpaqlarımızı işğal edib və 30 mindən çox insanın həlak olmasında təqsirkarlardan biridir. Üstəlik, Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və 1 milyondan çox insanın didərgin düşməsi faktını vurğulamaqla dünya ictimaiyyətini bu məsələnin tənzimlənməsinə kömək etməyə çağırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var, elə qətnamələr var ki, bir gündə həyata keçirilir, amma torpaqlarımızın işğalı ilə bağlı qəbul edilmiş qətnamələr 25 ildir həyata keçirilmir. Dövlət başçısı sual etdi ki, bu ikili standartlar nə üçün baş verməlidir, BMT kimi nüfuzlu təşkilat qətnamələrin icrasını niyə təmin etmir? Bugünkü Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir? Dövlət başçısının çıxışı 5 dəqiqə oldu. Bütün problemləri 5 dəqiqəlik çıxışa sığışdırmaq mümkün deyil. Amma, hər halda, Azərbaycan Prezidenti bir çox problemləri 5 dəqiqəyə sığışdıra bildi. Hesab edirəm ki, Azərbaycan Prezidentinin həmin çıxışı BMT Baş Assambleyasının bütün üzvləri tərəfindən rəğbətlə qarşılandığı üçün, hazırda biz 72-ci sessiyasının sədrindən belə optimist yanaşma müşahidə edirik. Ancaq bu mexanizmin işə salınması lazımdır. Quru bəyanat və ya istəklə bu, həll edilən məsələ deyil. Cənab Prezident eyni zamanda BMT qətnamələrinin icra mexanizmlərində olan ikili yanaşmanı da tənqid etmişdi. Bax bu yanaşma ən ali rəhbərlik səviyyəsində dəyişməlidir. Bunun da yolları Ermənistana təzyiqdən, sanksiyaların tətbiqindən keçir. Belə təzyiq metodları işə salınsa, nəyəsə ümid etməyə dəyər”.
Məhəmmədəli QƏRİBLİ