Vüqar Qədirov: “Ədalətli yanaşma olmasa, beynəlxalq hüquq işləməyəcək, dünyada gərginliklər davam edəcək”
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ölkəmizdə səfərdə olduğu müddətdə bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb. Onun xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət ayırdığı və bu yöndə olan suallara həssaslıqla cavab verdiyi ortaya çıxıb.
M.Layçak deyib ki, aprelin 24-25-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında sülhün dəstəklənməsi və münaqişələrin qarşısının alınması üzrə müzakirələr təşkil olunacaq: “Bir çox ölkələrin prezidentləri, hökumət başçıları, xarici işlər nazirləri, görkəmli şəxslər bu tədbirə dəvət olunacaq. Tədbir zamanı onlar münaqişələrin qarşısının alınması və nizamlanmasında BMT ilə iş təcrübəsi barədə danışacaqlar. Ümid edirəm ki, bu müzakirələr bizə təkcə münaqişələrin aradan qaldırılması deyil, həm də qarşısının alınmasında daha yaxşı nəticələr əldə etməyə kömək edəcək”.
BMT-nin münaqişələrin qarşısının alınması və onların həlli istiqamətində gördüyü işlərə dair suala cvab verən M.Layçak qeyd edib ki, BMT-nin işi, adətən, münaqişə başladıqdan sonra sezilir: “BMT Təhlükəsizlik Şurası görüşlər keçirir və adətən, qətnamələr qəbul edir. Bəzən zərurət yarandıqda sülhməramlı qüvvələrin yeridilməsi qərarı qəbul edilir. Lakin 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib. Belə ki, təşkilatın üzv ölkələri "Sülhü dayanıqlı etmək" adlı yeni konsepsiya ilə bağlı razılığa gəliblər. Bu konsepsiya, əsasən, münaqişələrin qarşısının alınmasına və münaqişə əlamətlərinə reaksiya göstərilməsinə istiqamətlənib. Münaqişənin əlamətləri baş qaldırdığı təqdirdə biz onun qarşısının alınması üçün preventiv diplomatiya, vasitəçilik kimi alətlərdən istifadə etməliyik. Münaqişələrin qarşısını almaqla insanların həyatını xilas edirik və milyardlarla dollara qənaət edirik”.
Göründüyü kimi, BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri deyib ki, 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib. Bununla Miroslav Layçak nə demək istəyib?
Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, Layçakın bu açıqlaması, bir növ, təmsil olunduğu qurumun nüfuzunu xilas etməyə yönəlib: “O, Azərbaycanda olduğu üçün məhz Dağlıq Qarabağla bağlı suallara çox rast gəlir. Cünki onun təmsil etdiyi qurumun bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə var ki, onlardan biri də icra edilməyib. Bu amil BMT-ni fakt qarşısında qoyur. Çünki onların analoji məzmunlu qətnamələri dərhal icra olunub və ortada nəticə var. BMT elə qurumdur ki, onun əlində ciddi təzyiq vasitələri var. Bura sanksiyaların tətbiqindən tutmuş, sülhməramlıların yeridilməsinə kimi məsələləri aid edə bilərik. Belə bir deyim var: qanunun geriyə qüvvəsi yoxdur. Layçak deyir ki, 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib və qurum daha çox onların qarşısını almaq istəyir. Hətta iddia edir ki, burada külli miqdarda vəsaitə də qənaət edilir. Mən bu yeniliyin Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyətinin olmadığı qənaətindəyəm. Çünki bu münaqişə yeni yaranmayıb ki, onun qarşısını almaq mümkün olsun. Məlum münaqişə çox ciddi fəsadlara yol açıb, ortada acınacaqlı mənzərə canlanır, işğal edilmiş ərazilər, qaçqın düşmüş əhali var. Münaqişələrə yanaşmada ortaya qoyulan loyal münasibəti Dağlıq Qarabağ konfliktinə tətbiq etmək mümkün deyil. Onda niyə 26 ildir ki, qəbul edilən qətnamələr icra olunmur? Demək ki, BMT təzyiq rıçaqlarından lazımınca istifadə etməyib. Çox təəssüf ki, bu gün BMT istədiyimiz nəticəyə gəlib çatmayıb. Son 20-30 ildə qaynar nöqtələrin, münaqişələrin, terror aktlarının, terror təşkilatlarının sayı dəfələrlə artıb. Bəs niyə belə olur? Bu qədər tədbir keçirilir, bu qədər iş görülür, amma qarşılaşdığımız mənzərə tamamilə bunun əksini deyir. Bugünkü dünyada beynəlxalq gərginlik əvvəlki dövrlərdən çox fərqlənir. Nə üçün bu belə olur? Çünki böyük dövlətlər öz siyasi və iqtisadi maraqlarını güdürlər. Onlar münaqişələrdən, gərginlik ocaqlarından siyasi məqsədlər üçün istifadə edirlər. Bu gün beynəlxalq aktorların sayı çoxalıb. Təkcə böyük dövlətlər deyil, dünya düzənini formalaşdıran media orqanları, qeyri-hökumət təşkilatları var ki, mühüm tərəfə çevriliblər. Azərbaycanın ərazisinin bir hissəsi 25 ildən çoxdur işğal altındadır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün dörd qətnamə qəbul edib. Digər beynəlxalq qurumlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Təəssüf ki, bu qətnamə və qərarlar kağız üzərində qalıb, münaqişənin həlli mexanizmləri yoxdur. Təcavüzkar dövlətə təzyiq göstərilmir. Biz ikili standartlardan əziyyət çəkirik. Beynəlxalq münasibətlərdə çatışmayan bir şey varsa, o da ədalətdir. Ədalətli yanaşma olmasa, beynəlxalq hüquq işləməyəcək, dünyamızda gərginliklər davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ