Hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir.
Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə ilk növbədə azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Azərbaycan da ötən illər ərzində bu sahədə böyük təcrübə əldə edib.
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Müşahidələr göstərir ki, seçkiyə qədər bütün proseslər normal məcra ilə arxada qaldı. Bu müddət ərzində namizədlərin irəli sürülməsi, imzatoplama, namizədlərin qeydə alınması, təbliğat-təşviqat kampaniyaları tam normal şəraitdə başa çatdı. İndiyə qədər sadalanan prosedurlar çərçivəsində bütün namizədlər qanuna uyğun olaraq sözügedən imkanlardan istifadə etdilər. Qeyd edək ki, seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, seçkiqabağı təşviqat 2018-ci il martın 19-u başladı və seçkiyə bir gün qalmış başa çatdı. Bu bir daha onu göstərdi ki, Azərbaycanda seçki ilə bağlı bütün işlər yüksək səviyyədə təşkil olundu. Ölkədə seçki mədəniyyəti inkişaf edib. Bircə qalıb seçicilərin seçkiyə gedib səs vermələri.
Hər kəs istədiyi namizədə səs verməkdə azad iradə sahibidir. Azərbaycanda seçicilərin səsvermədə iştirak fəallığı müəyyən mübahisə doğuran məsələlərdən olub. Siyasi qüvvələrin bəziləri fəallığını yüksək, bəziləri aşağı olduğunu deyiblər. Mübahisə yəqin bu dəfə də olacaq. Odur ki, belə mübahisələrin qarşısını almaqda seçicilər böyük imkanlara malikdir. Hər kəs öz vətəndaş borcuna uyğun olaraq seçki məntəqəsinə gəlsə, seçkidə fəallığın dərəcəsinə heç bir şübhə qalmaz.
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı. Onun sözlərinə görə, vətəndaşlar seçki məntəqəsinə gedib səs verməklə çox şey əldə edəcəklər: “Azərbaycan vətəndaşları seçki məntəqəsinə gedib ölkənin gələcəyinə səs verəcəklər. Stabil, firəvan bir cəmiyyətin qurulmasına səs verəcəklər. Bununla da seçki yolu ilə öz həyatlarını quracaqlar. Ona görə də bunun çox böyük əhəmiyyəti var. Bu gün bir sıra Yaxın Şərq ölkələrində yaşanan hadisələr göz qabağındadır. Ona görə də Azərbaycan əhalisi indiki stabilliyin, firəvanlığın gələcəkdə davamlı olması baxımından səs verəcək. Vətəndaşın seçkilərə gedib öz seçki hüququndan istifadə etməsi həm də bir mədəniyyət göstəricisidir. Buna seçki mədəniyyəti deyilir. Hansı ki, ötən illər ərzində bu istiqamətdə Azərbaycanda böyük nailiyyətlər əldə olunub. Ona görə də vətəndaşların seçkidə iştirak edib öz hüquqlarından istifadə etmələrinin əhəmiyyəti böyükdür. Bununla bir daha Azərbaycanın sivil bir demokratik ölkə olduğu sübut olunacaq. O üzdən, vətəndaşların seçkidə fəal iştirak etmələri məqsədəuyğundur. Bunun onların və ölkənin gələcəyi baxımından əhəmiyyəti böyükdür. Bu baxımdan sözügedən məsələyə xüsusi önəm verirəm”.
Vidadi ORDAHALLI