Qabil Hüseynli: “Həmçinin, onlara mesaj verir ki, İran İrəvanın Azərbaycan əraziləri hesabına xəritədə müəyyən edilmiş sərhədləri dəyişməsi cəhdinə qarşıdır”
İran prezidenti Azərbaycana etdiyi səfər çərçivəsində maraqlı bəyanatlar səsləndirib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib:
“İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaq”.
İran prezidenti Dağlıq Qarabağ probleminin həlli barədə də fikir səsləndirib: “Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməsin”.
Həsən Ruhaninin konfliktin həllinə dair səsləndirdiyi fikirdə ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyasının dəyişməməsi haqda dediklərini necə dəyərləndirə bilərik?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, İran Azərbaycanın qədim və çox yaxın qonşusudur: ”Əvvəlcə qeyd edim ki, İran prezidentinin budəfəki səfəri nəticəsində ölkələrimiz arasında mühüm razılaşmalar əldə olundu. Qısaca olaraq həmin irəliləyişin nədən ibarət olduğuna diqqəti yönəltmək istərdim. Bizi İranla tarixi, mədəni, dini tellər bağlayır. İran üzərindən sanksiyalar qaldırıldıqdan sonra iki tərəfə fayda verən beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmək imkanımız yaranıb. Bu səfər zamanı iki böyük layihənin icrası reallaşdırıldı. Bunlar çox böyük, iqtisadi cəhətdən əlaqələrimizi irəli aparan layihələrdir. İran kapitalı ilə Azərbaycanda bir neçə əhəmiyyətli obyekt fəaliyyət göstərir və yeni obyektlər açılmaqdadır. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində hər iki ölkənin marağı böyükdür. Azərbaycanın bu dəmir yolu xəttinin fəaliyyəti üçün 500 milyon dollar vəsaiti İrana kredit şəklində verməsinin özü əməkdaşlığın ən yüksək səviyyəyə gəlib çatmasını göstərir.
İki ölkə arasında bağlanmış sənədlər nəticəsində birmənalı şəkildə, demək olar ki, İranla Azərbaycan arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qalxdı. Həmçinin, İran Naxçıvanda da müəyyən müəssisələrin tikilməsində iştirak edəcək. Ən başlıcası ondan ibarətdir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin açılmasında İranla Azərbaycan birlikdə böyük işlər görürlər. Azərbaycan Astara çayı üzərində olan həm dəmir yolu körpüsünün, həm də Azərbaycan Astarasından İran Astarasına qədər olan bir neçə kilometrlik yolun tikintisini öz üzərinə götürdü. Bundan başqa, Azərbaycan İran Astarasından Rəştə qədər çəkilən dəmir yolunun tikintisinə yarım milyard dollar pul ayırdı. Bunlar bütün nöqteyi-nəzərdən əhəmiyyətli layihələrdir. Eyni zamanda, müdafiə sənayesi ilə bağlı müəyyən fikir mübadiləsi aparılır və gələcəkdə bu sahə ilə bağlı bəzi müəssislərin işə salınmasında Azərbaycan və İran əməkdaşlıq edəcəklər. Təbii ki, bizim üçün İranın siyasi mövqeyinin necə olması da maraqlıdır. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı İran prezidentinin səsləndirdiyi fikri qənaətbəxş saya bilərik. İran prezidenti bəyan edib ki, münaqişəni ölkələrin ərazi bütövlüyü və bölgənin çoğrafiyasının dəyişməməsi prinsipi əsasında həllinin tərəfdarıdır. Bu o anlama gəlir ki, İran dolayı yolla Ermənistandan işğala son qoymağı tələb edir. Həmçinin, onlara mesaj verir ki, İran İrəvanın Azərbaycan əraziləri hesabına xəritədə müəyyən edilmiş sərhədləri dəyişməsi cəhdinə qarşıdır. Bu mövqe bizim maraqlarımıza tam cavab verir”.
Məhəmmədəli QƏRİBLİ