Cari il ərzində Azərbaycan üçün uzun illərdən bəri davam edən daha bir problemin həlli gözlənir. Söhbət Xəzərin hüquqi statusunun və dənizdə sərhədlərin dəqiq olaraq müəyyən edilməsindən gedir. İran prezidenti Həsən Ruhaninin ölkəmizə son səfəri fonunda əldə olunan razılaşmalar dənizin statusu ilə bağlı problemin cari il ərzində həllini tapacağına dair ümidləri daha da artırdı.
Xatırladaq ki, İran prezidentinin Azərbaycana səfərinin ən mühüm məqamı Xəzərdə dondurulmuş və mübahisəli yataqların birgə işlənməsi ilə bağlıdır. Xəzərin statusunun müəyyənləşdirilməməsi səbəbindən dənizdə Azərbaycan-İran sərhədindəki bir sıra yataqların işlənməsində çətinliklər var idi. Tərəflər artıq yataqların birgə işlənməsi barədə razılıq əldə etməklə hər iki dövlətə və xalqa fayda gətirməyə imkan verəcək bir yol tapdılar. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir.
Bundan əvvəl də Azərbaycan tərəfi İran və Türkmənistana mübahisəli yataqların birgə işlənməsi, əldə edilən gəlirin bərabər bölüşdürülməsi barədə təkliflər irəli sürmüşdü. Söhbət Xəzərin Azərbaycan-Türkmənistan və Azərbaycan-İran sektorlarının sərhədində yerləşən yataqlardan gedir. Artıq Bakının təklifi qarşı tərəflərdə də məqbul qarşılanır. Baş verənlərlə bağlı "Nezavisimaya gazeta" da Həsən Ruhaninin səfərinin çox mühüm məqamlarla yadda qaldığını yazır: "İran prezidenti Həsən Ruhaninin Azərbaycan prezidenti İlham Əliyevlə məhsuldar danışığı baş tutub və əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. İlkin məlumatlara görə, səfər çərçivəsində İranda dəmiryol inşası üçün Bakının Tehrana təqdim edəcəyi 500 milyon dollarlıq kredit haqda saziş bağlamaq planlaşdırılıb.
Həsən Ruhani Azərbaycan paytaxtına Türkmənistanın qədim şəhəri Mərvdən gəlib. Amma Türkmənistanla İranın bir çox ziddiyyətləri var. Ruhaninin Aşqabad səfərinin yekunları haqda rəsmi reliz üzrə fikir söyləmək olar – tərəflər “gələcəkdə energetika məsələləri üzrə geniş danışıqlar aparmağı”, “qaz üzrə dəyişkən əməliyyatların inkişaf imkanlarını və Türkmənistan qazının üçüncü ölkəyə tədarükü üçün boru kəmərlərindən daha geniş istifadəni müzakirə etmək”, Xəzərdəki limanlardan” və İranın Fars körfəzindəki Bəndər-Abbas limanından daha əlverişli istifadə haqda razılaşıb.
Bakıya səfər bu qədər kəskin məsələlərin müzakirəsini nəzərdə tutmurdu. İran-Azərbaycan münasibətləri daha sakitdir, tərəflər meydana çıxan kələ-kötürləri tez yoluna qoymağı bacarır. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev təsdiq edib ki, son iki ildə iki ölkənin ticari-iqtisadi münasibətlərinin artımında intensiv dinamika müşahidə olunur: “Buna iki amil şərait yaradıb: antiiran sanksiyaların ləğvi və Kremlin İranla infrastruktur layihələrin inkişafına diqqətli marağı. Həm də inkişaf dəhlizi adlandırılan “Şimal-Cənub“ nəqliyyat dəhlizinin önəmli rol oynayacağı da qarşıda durur. Moskva, Tehran və Bakının niyyətinə əsasən, onun ətrafında yeni sənaye və logistika mərkəzləri formalaşmağa balşayacaq”.
Onun sözlərinə görə, Bakı və Tehran neft qiymətlərinin tərəddüdü və ABŞ tərəfdən Avropa xammal bazarında artan rəqabət şəraitində tranzitdə yeni gəlir qaynaqları tapmağa çalışır. Hər iki ölkə Avropa və Asiya arasında böyük yük göndərən axtarışındadır, “Alibaba Group” kimi kürəsəl internet-reteylerlərlə danışıqlar aparır. Çinlə müzakirə edilən gündəlikdən göründüyü kimi, hər iki ölkə Çin yüklərinin yuxarıda göstərilən marşrutla getməyində maraqlıdır. Və deyəsən, altdan-altdan müvəffəqiyyətə nail olurlar. İstənilən halda, Pekin bu yaxınlarda Tehranı qərbdəki Həmədan və Sənəndəc şəhərlərilə birləşdirən dəmiryol xəttinin inşasına 845 milyon dollar ayırmağa razılaşıb. Tehran və Bakı Moskva ilə paralel olaraq Hindistanı da bu marşruta cəlb etməyə çalışır. Təbii ki, ilk mərhələdə ehtimal olunan gəlirləri neftinki ilə tutuşdurmaq olmaz. Lakin nəqliyyat və anbar təsərrüfatının ÜDM-dəki payının 6,5% olduğu nəzərə alınsa, artıq bunun Azərbaycan üçün önəmi var. Bakının İran dəmiryolu infrastrukturuna marağı buradan anlaşılır. İran İran Astarasındakı yük stansiyası və terminalları Azərbaycana 15 illiyə icarəyə verib, Bakı isə əvəzində Rəşt-Astara dəmiryol qanadının çəkilişində həmyatırımçı kimi çıxış edəcək. Azərbaycan özünün neft kimyası və aqrosənaye məhsullarını dəmiryolu ilə daşımağı planlaşdırır. Yükün bir qismi Rusiya, o biri hissəsi İran və Hindistan istiqamətində göndəriləcək.
Aleksandr Karavayev bu xüsusda bildirir: “Ruhani və Əliyevin başqa bir mühüm mövzusu “Araz-Alov-Şərq“ yataqları ilə bağlı məsələnin tənzimlənməsində tərpənişdir. Mübahisəli yataq 1990-cı illərdə sərhəd insidentlərinə səbəb olub və beştərəfli Xəzər konvensiyasının imzalanmasını ləngidib. Bu gün ehtimal yüksəkdir ki, tərəflər yatağın mənsubiyyətinə diqqəti kəskinləşdirmədən onun işlənməsi üçün ortaq konsorsium qurmağa imkan verən memorandum imzalamağa çıxacaq. Hüquqi kolliziya sadəcə şərikli gəlirlərlə monetləşdiriləcək”. Onun sözlərinə görə, Rusiya və Qazaxıstan sərhədlərindəki “Xvalınsk” yatağı problemi oxşar sxem üzrə həll olunub, indi birgə müəssisə tərəfindən istismar edilir. Karavayev xülasə edib: “Və Ruhani və Əliyev bu mövzuda irəliləyişə nail olsa, Xəzər dənizinin hüquqi statusu haqda konvensiyanın bağlanmasına doğru əsaslı addım haqda danışmaq olar”.
Tahir TAĞIYEV