Seyid Camal Əzimbəyli: “Ona görə də hər birimiz, birmənalı olaraq, buna qarşı çıxmalı və dövlətimizin yanında olmalıyıq”
“Hədəf komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır”. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
Onun sözlərinə görə, xaricdə yaşayan, ölkəmizdəki bəzi qruplar sosial şəbəkədə Azərbaycan və onun rəhbərliyinə qarşı çirkin kampaniya aparırlar: “Azərbaycanın daxilində oturub, çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq, Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb – hədəf, sadəcə, Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb - hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur”.
Həqiqətən də sözügedən qüvvələrin məqsədi ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Çünki onlar Azərbaycanda mövcud olan siyasi stabilliyi və iqtisadi inkişafı həzm etmək istəmirlər.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Əli müəllimin bununla bağlı səsləndirdiyi fikirlər tamamilə reallığa əsaslanır: “Məsələ ondadır ki, bir sıra Avropa ölkələrində yaşayan müəyyən şəxslər xarici dairələrin əlində alətə çevriliblər. Onların hədəfi ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Ona görə də hər birimiz, birmənalı olaraq, buna qarşı çıxmalı və dövlətimizin yanında olmalıyıq. İmkan vermək olmaz ki, Azərbaycanda sabitlik pozulsun, hansısa qarşıdurma yaransın. Biz Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrlərdə yaşanan siyasi sarsıntılardan ciddi nəticə çıxarmalıyıq. Bunun hansı ciddi fəsadlar törətdiyini çox yaxşı bilirik. 1993-cü ildə mərhum prezident Heydər Əliyev bu dövləti qurmaq üçün nə qədər əziyyət çəkdi. Hansı ki, xarici qüvvələr hər fürsətdə Azərbaycana zərbə vurmaq istəyirdilər. Ondan sonra da Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Azərbaycan bütün parametrlərə görə Cənubi Qafqazda lider dövlətdir. Ölkəmiz çox önəmli layihələrə imza atıb. Belə olan halda, imkan vermək olmaz ki, müəyyən destruktiv qüvvələr ölkədə qarşıdurma yaratsınlar. Suriya kimi dünyəvi bir dövlətin necə məhv edildiyi göz qabağındadır. 2011-ci ildən üzü bəri bu ölkədə sabitlik yoxdur. Şəhərlər, kəndlər viran qoyulub. Milyonlarla ölkə vətəndaşı qaçqın düşüb. Faktiki olaraq ölkə parçalanıb. Suriyanın gələcəyi qeyri-müəyyən görünür. Hər bir Azərbaycan vətəndaşı bundan ciddi nəticə çıxarmalı və ölkədə qarşıdurma, nifaq salmaq istəyənlərə imkan verməməlidir. Azərbaycan dövlətinin qorunması hər şeydən vacibdir. Çünki dünyada çox mürəkkəb və təzadlı siyasi proseslər gedir. Belə olan halda, hamı dövlət başçısının ətrafında birləşməlidir”.
Vidadi ORDAHALLI