“Anti-Azərbaycan qüvvələrin məqsədi ölkədə qarşıdurma yaratmaq və sabitliyi pozmaqdır...”
Bakıda "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda Dəyirmi masa keçirilib. “Trend”in məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.
Sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Azərbaycan heç bir dönəmdə, ən azından ümummilli lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindəki bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoyub, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərib: “Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də saxlanılacaqdır. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz: “Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı barədə uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir”.
O əlavə edib ki, bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxışı olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır: “Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə ölkənin informasiya siyasətinə, diaspor nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım.
Bu gün cəmiyyətimizdə gedən müzakirələri, o cümlədən “Amerikanın səsi” radiosunda əks olunmuş bəzi tənqidi statusları da mən öz Facebook səhifəmdə paylaşmaqla bizim hakimiyyətin sağlam polemikaya açıq olduğunu bir daha göstərdim. Müzakirələrə aparıcı KİV-lərin rəhbərləri, millət vəkilləri, yaradıcı ziyalılar, QHT təmsilçiləri, ölkənin gələcəyi sayılan gənc fəallar qoşularaq öz dövlətçi, azərbaycançı baxışlarını ortaya qoymaqdadırlar. Əlbəttə, hərə öz səviyyəsində, məxsusi tərbiyə və intellektinin imkan verdiyi çərçivədə bu məsələyə münasibət bildirir, əks düşərgədə olanların ən sağlamları dialoq platformasının davamlı olmasının vacibliyini vurğulayırlar. Milli ziyalı elitasının reaksiyasını görən qaragüruhçu ünsürlər Prezidentin köməkçisi olaraq mənim üstümə tökülüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir etdilər, ünvanıma hər cür çirkab yağdırdılar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var. Bəziləri mənim çıxışımdan sonra, hətta “söyüş atəşləri”nə moratorium qoyduqlarını bildirdilər. Lakin əsas odur ki, bu günlərdə həm ölkə daxilində, həm də xaricdə hər kəs anladı ki, Azərbaycan cəmiyyətinin, xüsusən də ziyalı təbəqəsinin, milli elitanın dəstəkləmədiyi hər hansı bir fəaliyyət məğlubiyyətə məhkumdur”.
Prezidentin köməkçisi vurğulayıb ki, son günlərin müzakirələri həm də xaricdə oturub antiazərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü açdı və cəmiyyətə tanıtdırdı: “O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən- Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb - hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur. Əslində bu yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən, hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək, necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub.
Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız - bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır”.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, ancaq söyüş və təhqir azadlığının qarşısı alınmalıdır.
O əlavə edib ki, Azərbaycandan kənara çıxan bəzi insanlar ölkəmizə qarşı çirkin kampaniyaya qoşulurlar, təhqir və böhtan yağdırırlar: "Xaricdə olan soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə dəstək verir, ancaq bəziləri çirkin yolu seçir. Azərbaycan 20 mindən çox şəhid verib. Kim xaricdə Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermirsə, o, Azərbaycanın düşmənidir”.
B.Sadıqov qeyd edib ki, mübarizə aparanda da şərəflə aparmaq lazımdır: “Mübarizə aparırsansa, siyasi mübarizə apar, lakin əgər sən söyüş söyürsənsə, deməli, sənin əlində arqumentin yoxdur, mübarizə aparmaq gücün yoxdur. Bu gün bütün jurnalistlər Azərbaycan dövlətinə qarşı bu cür şərəfsiz mübarizə aparanlara qarşı birləşməlidir və bu mübarizədən heç kim kənarda qalmamalıdır”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, sosial şəbəklər yumşaq gücdür və siyasi imperializm tərəfindən mübarizə üsulu kimi yaradılıb. O qeyd edib ki, siyasi proseslər imperializm maraqlarına uyğun getməyəndə dərhal siyasi terrora başlayırlar: “Bu gün həmin halla qarşı-qarşıyayıq. Bu silah kim tərəfindən düşünülübsə, demək, onu kəsməyəcək. Bu, milli dövlətlərə qarşı hazırlanmış bir silahdır. Buna qarşı mübarizə aparmaq üçün bir hüquqi çərçivə hazırlanmalıdır. Bir sıra ölkələr sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi platformalar axtarmaqdadır. Hazırkı vəziyyətdə düzgün mübarizə yolundayıq, ancaq gələcəkdə hüquqi platforma barəsində də düşünməliyik”.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, həmin insanlar Azərbaycan dövlətçiliyini məhv etməyə yönəlmiş fikirlər səsləndirir. Hər bir vətəndaş onlara qarşı mübarizə aparmalıdır:"Onlar küçə təfəkkürünə malik, Azərbaycanda qəbul olunmayan insanlardir ki, xaricdə anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin əlində alətə çevriliblər. Mən də hesab edirəm ki, bununla bağlı müəyyən bir hüquqi çərçivə hazırlamaq lazımdır".
Məqsəd cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır
Azərbaycanı tərk edən bir neçə şəxs heç bir əxlaqi prinsip gözləmədən qarayaxma ilə məşğuldur. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən Dəyirmi masada deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycanı tərk edən bir neçə şəxs heç nəyə məhəl qoymadan Azərbaycan dövlətinin rəmzlərinə, ayrı-ayrı şəxslərə qarşı heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğul olur: "Biz bu çirkin kampaniyanı seçkilərlə əlaqələndiririk. Biz əvvəlki seçkilərdə də bu sayaq "mübarizə üsulları" ilə tanışıq, ancaq bu dəfə nifrət, təhqir, qərəz, söyüş əsas metod kimi seçilib. Məqsəd cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır. Biz buna məhəl qoymaya bilərdik, ancaq ABŞ-da, Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır ki, onlar orada ölkəmiz haqqında öz ətrafında olan insanlara məlumat verirlər. Lakin çirkin kampaniyaya qoşulmuş insanlar söyüşü, təhqiri əsas metod kimi götürür. Bu məsələlər bizi narahat edir və biz buna qarşı mübarizə aparmalıyıq".
Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər
Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər. “Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz Dəyirmi masada çıxışında belə deyib.
Y.Oğuz qeyd edib ki, hər dəfə dövlət əhəmiyyətli seçkilər keçiriləndə, yaxud xarici dövlətlərə məxsus olan hansısa təşkilatın Azərbaycanla bağlı illik hesabatı yaxınlaşanda bəzi, xüsusilə Avropa dövlətlərində yaşayan mühacirlərimizdən öyrədilmiş, ələ alınmış bir neçə nəfər sosial şəbəkələrdə daha da canfəşanlıq göstərir, aldığı qrant pulların yuyulması naminə tənqid əvəzinə dövlət, hökumət, seçkilər zamanı isə namizədlərə qarşı söyüş, təhqir üsullarından istifadə edirlər: “Bu da səbəbsiz deyil. Bəllidir ki, mühacirlər bir neçə qismə bölünürlər. Birinci qisim sovet dönəmindən köç edən mühacirlər və onların övladlarıdır. Belələri müstəqil Azərbaycan dövlətinin nə olduğunu gözəl anlayır və müxtəlif təşkilatlar yaradaraq, yaxud da təkbaşına hökumət qurumları ilə fəal əməkdaşlıq edir, eyni zamanda lobbiçiliklə məşğul olurlar. İkinci qisim biznes fəaliyyəti ilə məşğul olan mühacirlərdir. Onlar da bizneslərini genişləndirmək üçün Azərbaycana sərbəst gəlib-gedə bilərlər. Üçüncü qisim mühacirlər hansısa səbəbdən burada yaşamaq istəməyən (bura sosial, iqtisadi, siyasi, psixoloji, mənəvi, dini və başqa səbəblər daxildir) və Azərbaycandan köç edənlərdir. Ən ziyanlısı isə müxtəlif təşkilatlar tərəfindən ələ alınmış, özünküləşdirilmiş, dövlətin əleyhinə hazırlanmış dördüncü qisim mühacirlərdir. Belə mühacirlər maşa rolunu oynayırlar. Bu maşaları bir neçə əl tutur və onlar həm daxildən, həm də xaricdən idarə olunurlar”.
Onun sözlərinə görə, elə ki, dövlətimizin yürütdüyü siyasət, yaxud seçkilər zamanı maşa sahiblərinin xoşuna gəlmir, bu zaman sahibləri ocağın üstünə yeni neft tökür, alovlandırır, sosial şəbəkələrdə, yaxud əllərində olan kütləvi informasiya vasitələrindən istifadə edərək, ağızlarına və ağıllarına gələn hədyanlar danışır, təhqirlər edir, bununla da dövlət qurumlarına və onun başçısına təsir göstərmək istəyirlər: “Bir maşa sahibinin məqsədi Azərbaycana siyasi təsir göstərmək, onların istəklərinə uyğun siyasi qərar verməyə nail olmaqdırsa, digər maşa sahibi iqtisadi marağına görə bu işə fəal qoşulur. Hansısa səbəbdən Azərbaycandan uzaqlaşan məmur və ya övladları əllərindən çıxan sərvətləri başqa dövlətlərin vasitəsilə geri qaytarmaq, yaxud yenidən sərvət yığmaq üçün özünü mövcud iqtidara düşmən sayır və başqa dövlətlərin köməyilə hakimiyyətə gəlmək istəyir. Üçüncü maşa sahibinin isə məqsədi Azərbaycanda oturub sadaladığım hər iki maşa sahibindən para almaq, burada maşa rolunu oynamaq istəyənləri bu işə cəlb etmək, onları hazırlamaq, sonra isə siyasi mühacir adı ilə xaricə göndərməkdir. Bu maşa rolunu oynayanlar üçün heç bir fərqi yoxdur ki, onlara pulu və əmri kim verir; erməni, ingilis, yoxsa rus? Onlar üçün fərq etmir, kimi söyürlər, təhqir edirlər; dövləti, vətəni, milləti, yaxud ayrı-ayrı fərdləri? Təki pul verilsin, şərait yaradılsın, söymək asandır. Amma düşünürəm ki, onların uzunmüddətli istifadəsi bu maşa sahiblərinə sərf etmədiyindən tezliklə xərclənib bitəcəklər”.
Y.Oğuz istisna etmir ki, maşa sahibləri bu maşa rolunu oynayanlardan birini öldürüb, suçunu Azərbaycan dövlətinin üstünə yıxa bilərlər və elan edərlər ki, tənqidə görə kimsə öldürüldü: “Hay-küy salmaq onların çoxdankı peşəsidir. Ancaq bununla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər”.
Birlikdə onların öhdəsindən gələ bilərik
Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır. Bunu da Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Dəyirmi masada çıxışı zamanı deyib.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli vurğulayıb ki, bu çirkin kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından biri olan siyasi sabitliyi pozmaqdır. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər:
"Azərbaycan dünyada sabitlik adasına çevrilib və bu siyasi sabitliyin qorunub saxlanmasında hər kəs mütəşəkkil mövqe ortaya qoymalıdır, həmin çirkin qüvvələrə qarşı mübarizə aparmalıdır. Biz bütövlükdə mütəşəkkil mövqe ilə, ictimai mövqe ilə həmin güclərin öhdəsindən gələrik".
Sosial şəbəkələrdə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır
Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Bunu isə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən Dəyirmi masada çıxışı zamanı deyib.
A.Aşırlı xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövləti və rəsmi şəxslər haqqında təhqiredici ifadələr səsləndirməsini ciddi şəkildə qınayıb: "Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Hətta həmin insanlar xarici ölkələrdə başqa pasportlarla, başqa ad və soyadlarla fəaliyyət göstərirlər. Bəzi ziyalıların bu insanları dialoqa çağırmalarından sonra həmin ziyalılara qarşı da hücumların olması belə insanların ölkəmizə qarşı nə dərəcədə barışmaz mövqe tutduqlarını göstərir. Bu insanlar çirkin əməllərinə son qoymurlar və ona görə də biz o insanlara qarşı mübarizə aparmalıyıq”.
Baş redaktor təklif edib ki, bununla bağlı maarifləndirmə işi aparılsın, orta məktəbdə dərsliklərə internet media ilə bağlı materiallar salınsın: “Digər bir təklifim isə odur ki, xaricdə yaşayan çox gözəl soydaşlarımız var, ölkə daxilində problemləri konstruktiv şəkildə qaldıran qüvvələr var. Təklif edirəm ki, bir vətəndaş birliyi platforması yaradılsın, Azərbaycanın maraqlarını müdafiə edən qüvvələri bir araya gətirilsin”.
“O zirehlərin ən önəmlisi Prezidentdir...”
Tədbirdə çıxış edən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, media təmsilçilərinin diqqətini bir az əvvəl Azərbaycan dövlətinin əsas sözçülərindən birinin açıqladığı mühüm məlumata çəkmək istəyir:
“Prezidentin köməkçisi Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verdi. Onun açıqladığı məqamlara diqqət etmək lazımdır. Əli Həsənov açıq şəkildə və rəsmən dedi ki, Azərbaycana, onun iqtidarına və dövlət quruluşuna qarşı beynəlxalq və məkrli plan var. Dövlət bizim və bizim vasitəmizlə, cəmiyyətin diqqətini bu mühüm fakta cəlb etmək istəyir. Biz buna görə buraya toplanmışıq. Yoxsa, 3-4 özünü bəyənmişə, Avropadan efirə tüpürənlərə görə buraya bu qədər insan yığışmazdı. Əli Həsənov çıxışında dedi ki, Azərbaycanı Suriyaya çevirmək istəyirlər. Və bu prosesdə, 2013-cü ildə olduğu kimi, bu dəfə də adı, soyadı bizdən olanlardan istifadə edirlər. Biz, dövlət və cəmiyyətlə birgə ölkəmizə qarşı təhlükəni dəf etmək üçün milli, ictimai müqaviməti təşkil etmək istəyirik. Bir məsələni deyim: bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər... Məsələnin mahiyyətindən xəbərləri yoxdur. Bizim təxmin etdiyimiz prosesi rəsmən və detallarla açan Əli Həsənov da burada bildirdi ki, məsələ və səviyyə Orduxan, ya da başqaları ilə bitmir. “Səviyyə”, böyük güclərin Azərbaycana, regiona qarşı başlatdığı məkrli bir plandır. Bir mühüm məqamı deyim: hazırda dünyada sabitlik və təhlükəsizlik qədər böyük amil, mühüm nemət yoxdur. Hər şeyin başında o gəlir. Azərbaycan uzun illərdir ki, dünyanın və bölgənin ən rahat, ən təhlükəsiz ölkələrindən biridir. Bu, bizim çox böyük fərqimiz və üstünlüyümüzdür. Qardaşımız Türkiyədə, Rusiyada, İranda, Avropa ölkəsində bu cür rahat və təhlükəsiz mühit yoxdur. Beynəlxalq terrorun məlum dağıdıcı fəaliyyətindən sonra biz, bu sabitliyin, təhlükəsizliyin qiymətini anlamışıq. Bunun qədrini bilək və bizi bundan məhrum edənlərə qarşı kompromissiz davranaq. Söhbət ölkədən, dövlətdən, millətdən, onun maraqlarından gedir. Hörmətli həmkarlar, burada sosial şəbəkələrin əleyhinə bəzi çağırışlar səsləndi. Əzizlərim, sizin gözünüzün qabağında Azərbaycan rəsmiləri, prezidentin özü, onun köməkçisi, başqa mühüm insanlarımız sosial şəbəkələrdən daim istifadə edir, fəaliyyətlərində bu şəbəkələrin imkanlarından istifadə edirlər. Belə olan halda, sosial şəbəkələri məhdudlaşdırmaqla bağlı çağırışlar etmək, bildirmək ki, sosial şəbəkələr imperializmin silahıdır, düşünürəm ki, düzgün deyil və ən zəif tənqidə də dözmür. Əli Həsənovun açıqlamasında açıqlanan bir mühüm məqam da var: rəsmən elan olundu ki, bütün bu proses, Prezidentə və ölkəyə qarşı aparılan gözdənsalma kampaniyası qarşıdakı prezident seçkilərinə görədir. Biz bunu təxmin edirdik, yazırdıq; lakin indi rəsmi şəxs tərəfindən xüsusi bir məlumat açıqlandı! Bu məqama da diqqət etmək lazım. İndi anlaşıldı ki, dövlətimizdə, onun rəhbərində xüsusi bir məlumat olub və məhz bu səbəbdən də seçkini önə çəkiblər. Azərbaycana qarşı olan şəbəkələnməyə, onun genişlənməsinə imkan verməmək üçün belə bir addım atılıb. Bu, təxminən Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdin de-şifrə olunmasına bənzəyir. Onda da dövlət önləyici tədbirlər gördü. Üsyançılar çarəsiz və məcbur başladılar, hazırlıq tam olmadı, ona görə də uduzdular...
Düşünün ki, prezident seçkisinə start verilən kimi başlayan hazırkı proses hələ 6-7 ay davam edəcəkdi. Bunlar çalışacaqdılar ki, Azərbaycan dövlətini, cəmiyyəti qoruyan zirehləri darmadağın etsinlər. O zirehlərin ən önəmlisi ölkədə sabitliyi təmin edən dövlət aparatının rəhbərliyi, konkret olaraq, prezidentdir. Məhz buna görə də hücum əsas qoruyucu zirehə qarşıdır. Ona görə də, hazırda biz sizinlə birlikdə o söyüş dəstəsinə cavab vermirik: Zirehin zərbə alan yerlərini bərpa edirik və cəmiyyəti ona çağırırıq ki, siz də bu prosesə qoşulun. Bu bir kampaniya çağırışı deyil: Əli Həsənov iqtidar adından milli bir çağırış etdi. Yəni hər kəs, ən azından, bu barədə düşünsün və nə baş verdiyinin fərqində olsun.
Sonda bir məsələni də deyim ki, bizim bəzi hörmətli deputatlarımız var, onlar ara-sıra açıqlama verirlər və bu, hadisəyə çevrilir. Belə başa düşürəm ki, bu məsələdə də nisbətən peşəkarlar danışsalar daha məqsədə uyğundur, onlar danışmasınlar. Bu, vətən, dövlət məsələsidir. Bu məsələdə biz, hesab edin ki, virtual İŞİD-çilərə qarşı mübarizədəyik. Onların qarşısına bu mübarizəni və mahiyyəti bilənlər çıxsa yaxşıdır...".