Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalrı əsasında həllinin vacibliyi indi beynəlxalq miqyasda da tez-tez gündəmə gətrilir. Özü də təkcə Azərbaycan tərəfdən yox. Cənubi Qafqazda davamıl sabitliyin əsas şərtlərindən birinin Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini görən beynəlxalq araşdırma mərkəzləri, ekspertlər açıq bəyan edir ki, bu konfliktin dinc müstəvidə beynəlxalq hüququn prinsipləri əsasında həllini tapması çox vacibdir. Əks halda regionda təkcə münaqişə tərəflərini yox, burada maraqları olan dövlətləri belə təhlükəyə ata biləcək müharibə başlanacaq.
Məsələnin bu tərəfinə nəzər salan Türkiyə Xarici İşlər Nazirliyinin sabiq rəhbəri Hikmət Çətin də “vestikavkaza.ru” saytına açıqlamasında vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmasının vaxtı çatıb. Onun sözlərinə görə, münaqişənin həllinin bütün şərtləri var: “Bizdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Onlar bir milyondan çox qaçqının öz evlərinə qayıdışını tələb edir və Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğal faktını təsdiqləyir”. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin mütəmadi olaraq BMT gündəmində qalması və hətta mümkün olarsa, bu xüsusda daha bir qətnamənin qəbulunda maraqlı tərəfdir. Elə bundan irəli gəlir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib. Bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib. Ümumiyyətlə, sözügedən sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və sair məsələlər üzrə bəndlər daxildir. BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq. Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Baş Assambleyanın sessiyasının açılışı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır. Onu da xatırladaq ki, Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İndilikdə isə Azərbaycanın apardığı iki və çoxtərəfli danışıqlar fonunda Baş Assambleyada yer alan ölkələrin əksəriyyəti Qarabağ məsələsində rəsmi Bakıya tam dəstək verir. Bu mənada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul ehtimalı kifayət qədər yüksəkdir və elə erməniləri narahat edən əsas məqamlardan biri də məhz budur.
Bu arada xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının qarşıdakı sessiyasının sədri kimi yekdilliklə slovak siyasətçi və diplomat Miroslav Layçak seçilib və o, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı altı prioritet istiqaməti müəyyənləşdirib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması. İlk sırada münaqişələrin qarşısının alınması yer aldığından, Baş Assambleyasının 72-ci sessiyasında Dağlıq Qarabağ konfliktinə xüsusi diqqət ayrılacağı da heç bir şübhə doğurmur. Hesab edilir ki, BMT-nin münaqişəyə xüsusi diqqət ytierməsi Qarabağ konfliktinin həllini tezləşdirə bilər. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də təsdiq edir. Türkiyə prezidentinin Bakıya gözlənilən səfərinin ardınca Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılması və bu fonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sessiya çərçivəsində gözlənilən görüşü ilə bağlı danışan politoloq hər iki məsələ arasında müəyyən bağlılığın olduğunu düşünür: “İlk növbədə Dağlıq Qarabağ münaqişəsi kontekstində Naxçıvanın təhlükəsizliyi məsələsi müzakirə ediləcək. Tərəflər mövqelərini bir daha dəqiqləşdirəcəklər. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın tutduğu mövqeyə uyğun siyasət yeridir, “Qarabağ məsələsində Azərbaycan nə deyirsə, o da olacaq prinsipi”ni rəhbər götürür. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də gözlənir. Hələ ki, danışıqlar prosesi ölü nöqtədən tərpənmir. Üstəlik, Ermənistan işğal edilmiş ərazilərdə məskunlaşma və toponimlərin dəyişdirilməsi istiqamətində antiazərbaycan siyasəti aparır. Ermənistan öz tarixini saxtalaşdırmaqla, az qala bütün Qafqaza qarşı iddialar irəli sürür. Bu fonda danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi istisna edilmir. Əminəm ki, hər iki ölkə istər xarici işlər nazirləri səviyyəsində, istərsə də prezidentlər səviyyəsində sessiyaya qatılsa, mütləq Dağlıq Qarabağ baş mövzu olacaq. 202 dövlətin qarşısında bu məsələnin bir daha qaldırılması və Ermənistan təcavüzkarlığının anatomiyasının yeni faktlarla faş edilməsi, zənnimcə, Azərbaycanın haqq işinin beynəlxalq ictimai rəydə möhkəmləndirilməsi baxımından mühüm rol oynaya bilər. BMT tribunasında Dağlıq Qarabağ məsələsinə yenidən müxtəlif aspektlərdən və iki dövlətin ortaq strategiyası baxımından yanaşılması problemin həllinə mühüm töhfələr verə bilər”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana səfər edəcək, daha sonra isə sentyabrın 19-25-də Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılacaq.
Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, müsəlman ölkələrinin böyük əksəriyyətinin BMT Baş Assambleyasının iclasında Azərbaycana tam dəstək verəcəyi gözlənir. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sabiq rəhbəri Hikmət Çətin də xüsusi olaraq vurğulayır. O eyni zamanda qeyd edir ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın özü üçün də çox vacibdir. Türkiyənin Xarici İşlər Nazirliyinin sabiq başçısı bildirib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etməklə ən böyük itkini öz iqtisadiyyatına və əhalisinə yaşadıb: “Ermənistan yalnız itirdi və Azərbaycan ərazilərini işğal altında saxlayaraq itirməyə davam edir. Eyni vaxtda Azərbaycan vəziyyətə çox məharətlə nəzarət edir və mövcud problemləri həll edir”. Türkiyəli diplomatın sözlərinə görə, Rusiya, ABŞ və Türkiyə Qarabağ probleminin həlli üçün maksumum səy göstərməlidir: “Güclü Türkiyə gələcəkdə münaqişənin nizama salınmasının zaminlərindən biridir, axı o, Azərbaycanın müttəfiqidir. Türkiyə həmçinin səy göstərməlidir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin sürətli nizama salınması zərurətini anlasın”. Elə BMT Baş Assambleyasının toplantısında rəsmi Ankaranın da belə səylər göstərməsi tam gözləniləndir. Beləliklə, BMT tribunasında Dağlıq Qarabağ məsələsinin yenidən gündəmə gəlməsi gözlənir və bu hal problemin həllinə mühüm töhfələr verə bilər. Eyni zamanda belə vəziyyət Azərbaycanın Ermənistan üzərində növbəti mühüm diplomatik qələbəsinə də çevrilə bilər. Əks halda Azərbaycan tam qələbəsini hərb yolu ilə əldə etməli olacaq. Rusiyalı ekspert Aleksandr Bordunov da Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın qısa zaman kəsiyində güc yolu ilə həll etməyə qadir olduğunu bildirir. Onun fikrincə, bu vəziyyətdə Moskva İrəvana hansısa ciddi dəstək verməyəcək: “Çünki Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyiş görmək istəyir. Bunun üçün hətta “Lavrov planı” da hazırlanıb. Amma Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın irəli sürdüyü “Lavrov planı” erməniləri səksəkəyə saldı. Rusiya ötən ilin aprelində müharibənin qarşısını almaq üçün sülh planını təklif etdi, halbuki, bunu etməsəydi, döyüşlər tammiqyaslı toqquşmaya keçəcəkdi. Rusiya bununla həm də Ermənistanı xilas etdi. Çünki təşəbbüs irəli sürməsəydi və müharibə davam etsəydi, silah və peşəkarlıq baxımından üstün olan Azərbaycan Ermənistanı alt-üst edəcəkdi. Eyni vəziyyət hələ də hökm sürür. Bu durumda Rusiya münaqişədə gərginliyi azaltmaq üçün təşəbbüslər irəli sürməzsə, Azərbaycan Ordusu Ermənistanı belə dağıdacaq. Bunu yəqin ki, İrəvan da anlayır. “Lavrov planı” isə işğal olunmuş yeddi rayondan beşinin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. İki rayon ermənilərin nəzarətində qalmalı idi və Dağlıq Qarabağın statusu daha sonra müzakirə ediləcəkdi. Ermənistan bu plana rəsmi razılıq vermədi. 2016-cı ilin iyununda İrəvanda “Sasna dzrer” millətçi qrupun qiyamı Ermənistan hakimiyyətinə “Lavrov planı”ndan qaçmağa bəhanə verdi. İddia edildi ki, Qərb bu qrupların əlilə ölkəyə müdaxiləyə hazırlaşır. Lakin İrəvanın Qərb tərəfindən Rusiyaya qarşı istifadə edildiyi reallığı dəyişmir. Bu iş erməni diasporu vasitəsilə aparılır”.
Ekspert diqqəti ona da yönəldir ki, Ermənistanın indiki qeyri-konstruktiv mövqeyi Azərbaycanı qıcıqlandırır: ”Qarabağda daimi gərginlik də bundan irəli gəlir. Bakının fikrincə, Rusiya münaqişənin həlli üçün danışıqların yenilənməsinə daha diqqətlə yanaşa bilər. Moskva üçün Bakı əhəmiyyətlidir. Xüsusilə “Şimal-Cənub” layihəsi, silah satışı kimi məsələlər Bakı və Moskvanı yaxınlaşdırır. Azərbaycan Rusiya və İran arasında bağlayıcı rolu oynamaqla təkcə Cənubi Qafqazda yox, həm də Orta və Yaxın Şərqdə vazkeçilməz ölkə olur. Bununla yanaşı, Türkiyə və Rusiyanın yaxınlaşmasında da Azərbaycanın rolu böyükdür. Bu kimi faktorlar Rusiyanın Azərbaycanla mehriban münasibətlərə üstünlük verməsini şərtləndirir. Həmçinin, Rusiya Ermənistanla da ittifaq münasibətlərini saxlamaqda maraqlıdır. Buna görə də Bakı və İrəvan arasında müharibədə maraqlı deyil. Çünki məcburi seçim etməli olacaq və istənilən halda uduzacaq. Hesab etmək olar ki, Rusiyanın yeganə yolu bu iki ölkə arasında ortaq nöqtə tapmaqdır. Azərbaycan daha azad addımlar atmağa qadirdir, Ermənistan isə yox. Mümkündür ki, Moskva vəziyyətin nəzarətdən çıxmaması üçün Dağlıq Qarabağ məsələsində Ermənistanı geri çəkilməyə məcbur etsin”. Əks halda Azərbaycan güc yolu ilə Ermənistanı işğala son qoymağa məcbur etməli olacaq. Belə vəziyyət isə işğalçı ölkə üçün yaxşı heç nə vəd etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.