Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması həm Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində əsas vasitəçi, həm də iqtisadi və siyasi kontekstdə ölkənin əsas tərəfdaşı olan Rusiyanın bu gün nə Ermənistanın, nə də erməni xalqının maraqlarını müdafiə etmək gücündə olduğunu düşünən rəsmi İrəvanın yeni siyasi xəttidir. Bunu "Trend"ə "Yeni Rusiya" hərəkatının lideri, politoloq, tanınmış ictimai xadim Nikita İsayev deyib.
O qeyd edib ki, Ermənistanın Avropa İttifaqı, ümumilikdə Qərblə yaxınlaşması artıq təəccüblü xəbər deyil: "Bundan başqa, bu yaxınlaşma həm iqtisadi, həm də siyasi məkanda kifayət qədər irəliləyib. Eləcə də NATO ilə əməkdaşlıq Yerevan üçün prioritet hesab edilir. Belə olan halda, Ermənistan öz siyasi və iqtisadi maraqlarını qorumaq, həmçinin öz siyasi və iqtisadi sistemlərini yenidən qurmaq üçün Brüsselin qismində yeni güc mərkəzi axtarır".
N.İsayev bildirib ki, Ermənistanın NATO ilə əməkdaşlığı istiqamətində aparılan bütün danışıqlar prosesi, o cümlədən Rusiyanın geosiyasi və hərbi rəqibi olan Alyansın himayəsi altında ilə avqustun əvvəlində Gürcüstanda keçirilən təlimlərdə iştirakı ondan xəbər verir ki, Ermənistan özünə alyansın qismində dəstək axtarır.
Ekspertin fikrincə, böyük ehtimalla, bu proses sakit formada, Ukraynada olduğu kimi deyil, daxili qarışıqlıq olmadan keçəcək. Çünki Ermənistanda açıq rusiyayönümlü meyllər cəmiyyətdə fikir ayrılığının yaranması üçün kifayət qədər deyil: "Ermənistan öz seçimini edib və düşünürəm ki, bundan sonra Ermənistan rəsmilərinin avrointeqrasiya ilə bağlı şərhlərinə və bəyanatlarına təəccüblənməyin heç bir mənası yoxdur".
Politoloqun sözlərinə görə, bu halda Rusiya praqmatik mövqe tutmalıdır və başqa cür addım atmaq lazım deyil: "Rusiya artıq Ermənistanı özünün "rus dünyası"nın bir hissəsi kimi deyil, avrointeqrasiyanın tərəfdarı kimi qəbul etməli və Ermənistanla münasibətlərini başqa istiqamətdə qurmalıdır".
Ermənistan həmişə öz müttəfiqlərinə qarşı qeyri-səmimi olub. Bunu "Trend"ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Ermənistanın Rusiya ilə dostluq münasibətlərini birmənalı şəkildə "saxta" adlandırmaq olar: "Ermənistan bütün hərəkətlərində Rusiyaya qarşı ikili oyun oynayır. Bir tərəfdən, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, hətta baş katibidir, amma digər tərəfdən, NATO ilə sıx əlaqələr yaradır, onun hərbi təlimlərində iştirak edir, proqramlarından maksimum yararlanmağa çalışır. Ermənistan həm Avrasiya İqtisadi İttifaqının üzvüdür, həm də Avropa İttifaqı ilə münasibətləri hətta assosiativ üzv səviyyəsinə qaldırmağa çalışır".
A.Mirzəzadə qeyd edib ki, Ermənistanın rəsmi Moskvanın maraqlarına zidd addım atması artıq Rusiya siyasətçilərini də təəccübləndirmir: "Ermənistan sadəcə maraqlarının güdüldüyü yeri axtarır. Onun maraqları isə ancaq maddiyyat, qonşu dövlətlərə qarşı ərazi iddiası, tarixin saxtalaşdırılmasıdır. İndiyə qədər bu məsələyə sadəcə olaraq əhəmiyyət verilmirdi, ancaq hazırda Ermənistanla bağlı dünyanın gözü açılmaqdadır. Hətta Rusiyanın özündə də Ermənistanın hərəkətlərinə siyasi qiymət verməyə çalışırlar. Bu gün Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan RF-dən asılı olmasa, hesab edirəm ki, asanlıqla Rusiyanın bir nömrəli düşməni ola bilər".
Deputat əlavə edib ki, Ermənistan dövlətçiliyi tarixi təsadüf nəticəsində yarandığına görə onu idarə edənlər də ciddi və uzaqgörən siyasət qura bilməz: "Ermənistanda indiki iqtidar Azərbaycan torpaqlarının bir hissəsinin işğalı üzərindən hakimiyyətə gəlib. Amma bu, Ermənistana heç nə verməyib, nə iqtisadi, nə də siyasi cəhətdən nüfuz qazana bilib. Ermənistan bu gün dilənçi vəziyyətindədir və onun siyasətdə bir qütbdən digər qütbə qaçması düşdüyü ağır vəziyyəti göstərir. Hesab edirəm ki, bu gün hansısa bir qütbdən Ermənistanla münasibət qurmaq təklifi sadəcə olaraq ondan istifadə etmək üçündür. Ermənistan bu gün qeyri-ciddi, müttəfiqə xəyanətkar bir dövlət kimi tanınır və bu baxımdan Ermənistanla ciddi, uzunmüddətli əlaqələr qurmaq heç bir ölkə üçün perspektivli və inandırıcı deyil".
Baki-xeber.com