İlqar Hüseynli: "Ermənistan vətəndaşlarının sosial durumunun yaxşı olmaması onların başqa ölkələrə köç etməsinə səbəb olur"
Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır:
"Yəni bu çox gözəl göstəricidir. Bu onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir".
Azərbaycan əhalisi hər il sürətlə artır. Ancaq düşmən ölkə olan Ermənistanda isə vəziyyət fərqlidir. Orada ölkə əhalisi günü-gündən azalır. Buna səbəb isə Ermənistanda sosial-iqtisadi şəraitin çətinləşməsidir. Açıqlanan məlumatlara görə, il ərzində Ermənistan əhalisinin sayı 40-50 min nəfər azalır.
Azərbaycan əhalisinin sayının artması, düşmən ölkənin əhalisinin isə sayının azalması məsələsini sosial sahə üzrə ekspert İlqar Hüseynli şərh etdi. O, "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ölkə vətəndaşlarının sayının artması sevindiricidir: "Ermənistanla müqayisədə Azərbaycan vətəndaşlarının sayı artır. Bəllidir ki, Ermənistan vətəndaşlarının sosial durumu yaxşı deyil. Azərbaycanla müqayisədə həmin ölkənin iqtisadi durumu aşağıdır. Müqayisə olunası səviyyədə deyil. Ermənistan vətəndaşlarının xarici ölkələrə köç etməsi geniş vüsət alıb. O da bəllidir ki, Ermənistanda infrastruktur layihələri həyata keçirilmir. Bu səbəbdən də vətəndaşların işsiz qalması normaldır. Ancaq bizdə vəziyyət fərqlidir. İş yerləri açılır, tikinti layihələrinin davam etməsi insanların işlə təmin olunması deməkdir".
İ.Hüseynlinin sözlərinə görə, Ermənistan monodövlətə çevrilib. O ölkədə digər millətlərin nümayəndələri, demək olar ki, yoxdur. Ancaq bizim ölkə çoxmillətlidir: "Xalqların bizim ölkədə yaşaması baxımından biz onlardan üstünük. Son vaxtlar azərbaycanlılar Rusiya və digər ölkələrə gedərkən Azərbaycan vətəndaşlığından çıxmırlar. Sadəcə olaraq müvəqqəti olaraq hansısa ölkədə çalışıb sonra vətənə geri qayıdırlar. Bu hal da vətəndaşların artım statistikasında mühüm rol oynayır".
Günel CƏLİLOVA