Elşən Mustafayev: "Ermənistan əbəs yerə Türkiyəni şantaj edir"
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sensasion sayıla biləcək açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. "Ancaq elə etmək lazımdır ki, bu, Avropa Birliyi ilə analoji sazişə mane olmasın".
İlk baxışda bu bəyanat son vaxtlar istiləşməkdə davam edən Türkiyə-Rusiya münasibətləri, o sırada getdikcə genişlənən iqtisadi-ticari əlaqələrin ruhu və məzmununa uyğundur. Ancaq AİB-də işğalçı Ermənistanın da təmsil olunduğunu, həmçinin, Kremlin çoxdandır Azərbaycanı da bu qurumda görmək istədiyini nəzərə alsaq, məsələ sırf iqtisadi aspektdən çıxmış olur və siyasi çalar alır.
Nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub - özü də öncə rəsmi səviyyədə. Bu da təəccüblü deyil. Ona görə ki, Ermənistan Avrasiya Birliyinin üzvü olmaqla yanaşı, qardaş ölkə ilə həmsərhəd yeganə üzv ölkədir. Üstəlik, türk-erməni sərhədi həll olunmamış Dağlıq Qarabağ məsələsinə görə illərdir bağlı, Ermənistan isə təcriddə saxlanır.
Erməni politoloqlar hesab edir ki, Türkiyə Avrasiya İttifaqına üzv olacağı təqdirdə Ermənistanla sərhədləri açmaq məcburiyyətində qalacaq. Bu proseslərin davamı Ermənistan-Türkiyə sərhədinin açılması ilə nəticələnə bilərmi?
Ekspert Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını daha çox Qərb dairələri istəyir: "Yada salaq ki, Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılması məsələsi zaman-zaman gündəmə gəlib. Xüsusən Qərbin marağında olan bu məsələ hətta 2009-cu ildə "Sürix protokolları"nın imzalanması ilə az qala reallaşmaq üzrə idi. Lakin Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi son anda bunu əngəllədi. Rəsmi Ankara bəyan etdi ki, Dağlıq Qarabağ məsələsində irəliləyiş olmayınca sərhədlər qapalı qalacaq. Türkiyənin mövqeyi bütövlükdə belədir ki, Azərbaycanın qəbul etmədiyi Qarabağ anlaşmasını Türkiyə də qəbul etməyəcək və əksinə. Türkiyənin Avrasiya İttifaqı ilə bağlı verdiyi açıqlama Yaxın Şərqdə cərəyan edən proseslərin ruhuna uyğundur. Çünki Türkiyənin əzəli müttəfiqləri qardaş ölkənin maraqlarına cavab verməyən bir prosesə start veriblər. Rəsmi Ankara da belə manevrlərilə onlara adekvat cavab verir. Ermənistanla sərhədlərin açılması ilə bağlı qərarın verilməsi Türkiyədə olan istənilən hakimiyyət üçün risqli bir mövzudur. Sizi inandırım ki, qəfil verilən bu qərara kütləvi etirazlarla cavab verilə bilər. Çünki həm Azərbaycanın, həm də Türkiyənin toplumu hazırkı məqamda belə bir qərarı həzm etmək gücündə deyil. Ermənilər Türkiyənin bu istəyini öz şərtləri daxilində yozmaq istəyirlər. Bildirirlər ki, Avrasiya İttifaqına üzv olan bir ölkənin sərhədini bağlı saxlamaqla həmin qurumda təmsilçilik mümkün deyil. Yanılırlar. Çünki Türkiyə "Ermənistandan xoşum gəlmir" bəhanəsilə sərhədi bağlamayıb ki, çıxılmaz durumla üzləşsin. Həmin ölkənin əlində ciddi arqument var. Bundan irəli gələn şərt də budur ki, Ermənistan Qarabağ torpaqlarının işğalına son qoyandan sonra bu mümkündür. Ermənistan əbəs yerə Türkiyəni şantaj edir. Yaxşı olar ki, sərhədlərin açılmasına mane olan faktoru özü aradan qaldırsın. Yəqin ki, bu günlərdə Bakıya səfəri nəzərdə tutulan Türkiyə prezidenti ilə bu istiqamətdə ciddi fikir mübadiləsi aparılacaq".
Məhəmmədəli QƏRİBLİ