Elşən Həsənov: "İlham Əliyevin xalqa təhlükəsizliyin təmin olunacağı ilə bağlı əminliklə verdiyi vəd Azərbaycan dövlətinin gələcəyi üçün mühüm təminatdır"
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışından əvvəl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır: "Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risq, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əminamanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var".
Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır: "Yəni bu çox gözəl göstəricidir. Bu onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır".
Göründüyü kimi, İlham Əliyev çıxışında Azərbaycan xalqına əminliklə təhlükəsiz bu gün və gələcək qarantiyası vermiş oldu. Bunun Azərbaycan dövlətçiliyi üçün nə kimi əhəmiyyəti var?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının bu əminliyi Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmanət sayıla bilər: "Bilirsiniz ki, bizim təmsil olunduğumuz region nisbətən dinamikdir. Burda bir sıra böyük güclərin marağı kəsişir. Ətrafımızda dünyanın böyük və qüdrətli sayılan ölkələri var. Buna baxmayaraq, Azərbaycan müəyyən etdiyi düzgün strategiya hesabına öz təhlükəsizliyini tam təmin edə bilir. Ölkənin hüquq-mühafizə qurumları kriminogen duruma və əməliyyat şəraitinə tam nəzarət edir. Bu istiqamətdə koordinasiyalı iş aparılır. Bu illər ərzində Azərbaycanda çoxlu sayda təxribat və terror aktının qarşısı alınıb. Təbii ki, belə nəticələrə düzgün şəkildə müəyyən edilən siyasət nəticəsində nail olunub. Azərbaycanın qarşısında duran yeganə problem Dağlıq Qarabağ məsələsidir. Bu istiqamətdə də bütün səylərlə mübarizə aparılır. Daxili sabitlik isə olduqca güvənlidir. Təbii ki, bizi istəməyən xarici destruktiv qüvvələr bir neçə dəfə ölkədə təxribat yaratmağa meyl etsə də, istəklərinə nail ola bilməyib. Ölkənin nəyə qadir olduğu barədə ən müfəssəl məlumata dövlət başçısı malik olur. İlham Əliyevin xalqa təhlükəsizliyin təmin olunacağı ilə bağlı əminliklə verdiyi vəd Azərbaycan dövlətinin gələcəyi üçün mühüm təminatdır. Azərbaycan dövlətinin gələcəyinin əmin əllərdə olduğuna şübhə qalmır".
Məhəmmədəli QƏRİBLİ