Ordunun maddi-texniki təminatı baxımından bu gün Azərbaycanın böyük fərqlə erməni tərəfindən üstün olduğu beynəlxalq miqyasda, eləcə də Ermənistanın özündə açıq etiraf edilir. Bunu orduların reytinqləri ilə bağlı açıqlanan hesabatlardan da aydın görmək olar. Digər tərəfdən döyüş qabiliyyəti, nizam-intizam baxımından da Azərbaycan və Ermənistan orduları arasında fərq gedərək artır. Azərbaycan qeyd edilən istiqamətdə davamlı olaraq yeni nailiyyətləri ilə fəxr edirsə, Ermənistanda bunun tamam əksi müşahidə olunur.
Ötən illərin yaratdığı mənzərədən belə bəlli olur ki, erməni ordusunda başıpozuqluq halları getdikcə daha geniş vüsət almağa başlayıb. Cinayətkarlıq yuvasına çevrilən orduda həm də qeyri-döyüş şəraitində olan itkilərin sayı durmadan artır. Elə bu səbəbdəndir ki, hazırda Ermənistanda imkanı olan valideynlər övladlarını hərbi xidmətdən yayındırmağa daha çox diqqət edir, cəhdlər göstərir. Elə bunun nəticəsidir ki, düşmən ölkədə fərarilik hallarının gedərək artması da müşahidə olunur. Xatırladaq ki, bu halı bir neçə gün əvvəl açıqladığı fəaliyyət proqramında Ermənistan prokurorluğu özü də təsdiqləmişdi. Həmin proqramda yer alan məlumatlardan bəlli oldu ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistanda 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barəsində axtarış elan edilib. Erməni ekspertlər özləri belə bu rəqəmin kifayət qədər yüksək olduğunu bildirir, eləcə də gənclərin hərbi xidmətə getmək istəməməsini orduda baş verən zorakılıq, özbaşınalıq və qeyri-döyüş şəraitindəki ölüm hallarının artması ilə izah edirlər. Ölkədə hərbi xidmətdən yayınanların sayının getdikcə artmasının digər səbəbi odur ki, erməni ailələr öz övladlarının işğalçı Serj Sarkisyan rejiminin əmrilə təmas xəttinə göndərilərək Azərbaycan ordusunun gülləsinə tuş gəlməsini istəmir. Elə bu səbəbdən indi erməni ordusunun şəxsi heyətlə təmin edilməsi də kifayət qədər problemli məsələyə çevrilib. Demək olar ki, bütün hərbi hissələrdə kəskin əsgər və zabit çatışmazlığı hiss olunur. Məsələnin həlli istiqamətində edilən bütün cəhdlər isə iflasa uğrayır.
Ermənistan ordusunda, eləcə də cəmiyyətində digər qabarıq problem regionçuluq amilidir. Məlumdur ki, bu gün ölkədə "Qarabağ klanı" hökmranlıq etməkdədir və kifayət qədər də möhkəm mövqelərə sahibdir. Lakin onların idarəçiliyi Ermənistanda yerli ermənilər tərəfindən razılıqla qarşılanmır. Belə vəziyyət erməni ordusuna da sirayət edib. İndi orduda "qarabağlı", "ermənistanlı" kimi anlayışlar dərin kök salıb və onlar arasında qarşıdurma halları da gedərək artır. Xüsusən də Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərilənlər orduda "qarabağlılar" kimi imtiyaz və üstünlüklərə malik deyil. Elə Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə də bunun daha bir təsdiqi oldu. Xatırladaq ki, sözügedən olay barədə məlumatı Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan yayıb. Onun dediklərindən belə bəlli olur ki, İrəvan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəminində Hadrutda yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit əmrlərini icra etmədiyi üçün tabeliyindəki yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub. Xatırladaq ki, bundan əvvəl Madagiz alayında erməni zabit və əsgəri arasında ciddi insident yaşanıb. Belə ki, müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin möhkəmləndirilməsi üzrə mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi yeni insidentə səbəb olub. İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşmiş dağ-atıcı bölüklərdən birinin komandiri, baş leytenant Vahe Qriqoryan sərxoş halda silahla hədələyərək, əsgəri məcbur edib ki, özünə qəbir qazsın. Təhqirlərə dözməyən əsgər avtomatı götürərək zabitə atəş açıb. Atışma nəticəsində V.Qriqoryan boynundan ağır yara alıb. Bundan sonra əsgər özünə atəş açaraq intihara cəhd edib. Araşdırmalardan bəlli olub ki, Vahe Qriqoryan "qarabağlı"lardandır. Bir müddət əvvəl Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində də analoji insident qeydə alınıb. Belə ki, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən və Ermənistandan olan əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb. Fiziki təzyiqlərə məruz qalan Babeyan avtomat silahından atəş açaraq gizir Sarkisyanı ayağından və müqavilə əsasında hərbi xidmətdə olan digər əsgər yoldaşını qarnından yaralayıb. O da maraqlıdır ki, hadisənin baş verdiyi hərbi hissə komandanlığı olayı gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib.
Ermənistanın "Joqovurd" qəzeti də vəziyyətin acınacaqlı olduğunu yazır. Bildirilir ki, rəhbərliyin bütün vədlərinə, müdafiə nazirinin dəyişməsinə baxmayaraq, yenə Ermənistan ordusunda rüşvətxorluq və cinayətkarlıq geniş hal alıb, həmçinin, hərbi hissələrdə dözülməz şərait mövcuddur. Qəzet iddia edir ki, Serj Sarkisyan hakimiyyətinin "qarabağlı" təəssübkeşliyinin nəticəsi olaraq qarabağlı gənclərin əksəriyyəti Ermənistanda, xüsusilə də paytaxt İrəvan ətrafında yerləşən hərbi birləşmələrdə xidmət edir. Ermənistanlı gənclər isə məcburən onların yerinə Qarabağa göndərilir. Çoxsaylı faktlardan da məlumdur ki, qarabağlı zabit heyəti Ermənistandan gələn gənclərlə çox sərt davranır, onları hər cür təhqir və işgəncələrə məruz qoyur. Bu qarşıdurma sıravi əsgərlər arasında da müşahidə olunur. Buna görə də ermənistanlı valideynlər çox vaxt müxtəlif yollarla övladlarını Qarabağda xidmətdən yayındırır.
Aydındır ki, bütün bunlar onsuz da zəif olan erməni ordusunun döyüş qabiliyyətini daha da aşağı salır. Bundan başqa, düşmən ordusunda əvvəlki kimi qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları kifayət qədərdir. Belə hallar ordunun qeyri-döyüş şəratində də itkilərinin sayını artırır. Təkcə cari ilin ötən dövründə itkilərin sayı 60-a yaxınlaşır. Onlardan bir çoxu da məhz qeyri-döyüş şəraitində baş verib. Onu da bildirək ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəbi həm də orduda xəstəliyin tüğyan etməsi, intihar, müxtəlif qəza və nizamnamədən kənar davranışlardır. Özü də bu kimi hallara əsas etibarı ilə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar məruz qalır. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, nizamnamədən kənar və nalayiq davranışları müddətli xidmət edən əsgərlər arasında, fərariliklə yanaşı, intihar hallarının da sayının sürətlə artmasına səbəb olur. Belə bir vaxtda təxribatlara cəhd edən erməni ordusuna silahlı qüvvələrimiz tərəfindən verilən layiqli cavablar da düşmənin itkilərinin sayının daha da artmasına gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan tərəfinin işğal faktına son qoyulması istiqamətində atdığı addımlar, ərazi bütövlüyünü istənilən yolla bərpa etmək əzmi erməniləri daim qorxuda saxlayır. Elə bu səbəbdən də işğal altındakı hərbi hissələr erməni gənclər üçün ən arzuolunmaz məkana çevrilib. Faktiki olaraq işğal altındakı ərazilərə erməni gənclərin böyük əksəriyyəti zor gücünə, qorxu və cəza hesabına göndərilir. Amma belələrinin də sayı azalır. Təbii ki, bütün bunlar həm də onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi hərb müstəvisində çözüləcəyi təqdirdə, Azərbaycan ordusu qısa zaman kəsiyində düşməni darmadağın edəcək. Elə bu səbəbdən indi təkcə Ermənistanda hakimiyyətdə olanlar yox, elə işğal altındakı düşmən ordusu da böyük səksəkə içindədir.
Zəbt olunmuş torpaqlarda qurulan postlara bu gün Qarabağda mülki əhalinin göndərilməsi hallarına da rast gəlinir. Amma məsələ bundadır ki, Qarabağda mülki əhalinin də sayı sürətlə azalır. Bunu rusiyalı məşhur iqtisadçı Dmitri Nekrasov da təsdiq edir. O bildirir ki, işğal altındakı ərazilərdən ermənilər qaçır: "Onların iqtisadi strukturu deqradasiya olur. Hər şey dağılır, insanlar buradan qaçır. Bütün separatçı rejimlərdə belədir. Mən Dağlıq Qarabağda və Abxaziyada olmuşam. Burada görmüşəm ki, iqtisadi əlaqələrin kəsilməsi bu ərazilərin sürətlə boşaldılmasına səbəb olur. Dağlıq Qarabağda olan şəhərlərdə əvvəllər 100 mindən çox insan yaşayırdı, amma indi heç kim qalmayıb. Bu ərazilərdəki insanları yaxşı heç nə gözləmir".
Ötən ay isə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt bildirmişdi ki, 2016-cı ildə "aprel müharibəsi" zamanı 2000 erməni Azərbaycanın işğal akltındakı Dağlıq Qarabağ bölgəsini tərk edib.
Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşib. O da maraqlıdır ki, Qarabağı tərk edən ermənilər, İrəvanın bütün səylərinə baxmayaraq, geri qayıtmaq istəmirlər. Hətta onların müxtəlif formada təhdid edilmələri belə istənilən nəticəni vermir. Əksinə, görünən odur ki, Qarabağdan ermənilərin qaçması prosesi gedərək daha sürətli xarakter almağa başlayır. Bu gedişlə ermənilərin işğal faktını daha uzun muddətə davam etdirməsi də mümkünsüz sayılır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.