Arzu Nağıyev: "Azərbaycan dəfələrlə bəyan edib ki, biz danışıq xatirinə danışıqlara getmirik"
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü zamanı Dağlıq Qarabağda münaqişənin nizamlanması üzrə konkret planın müzakirəsi və onun həyata keçirilməsini təmin etmək önəmlidir:
"Görüş zamanı ölkə başçıları səviyyəsində görüşün təşkil olunması təklifi səsləndi. Xarici işlər nazirləri müvafiq olaraq bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüşlər münaqişənin nizamlanması prosesində vacib elementdir".
Lakin nazir vurğulayıb ki, bu görüşlər görüş xatirinə keçirilməməlidir: "Prezidentlər səviyyəsində görüş təşkil olunursa, hesab edirəm ki, həmsədrlər tərəfindən münaqişənin nizamlanması üzrə planın müzakirəsi və onun həyata keçirilməsinin təşkili olduqca önəmlidir. Bax buna görə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq".
E.Məmmədyarov bildirib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır: "Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirirdi. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb. Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb.
Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır. Buna görə "münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər siyasi iradə nümayiş etdirməli və atəşkəs rejimi qorunmalıdır" kimi çağırışlar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qoşunlarını çıxarması tələbi ilə müşayiət olunmalıdır. Bu kontekstdə Ermənistanı sülhə məcbur etmək üçün siyasi-diplomatik təzyiq göstərilməlidir".
Elmar Məmmədyarov "Dağlıq Qarabağda münaqişənin nizamlanması üzrə konkret planın müzakirəsi və onun həyata keçirilməsini təmin etmək önəmlidir" deməklə nəyə eyham vurub?
Ekspert Arzu Nağıyev qəzetimizə bildirdi ki, Elmar Məmmədyarovun bu açıqlaması təsadüfdən irəli gəlmir: "Çünki uzun illərdir Ermənistan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir. Bəzən isə danışıqlardan yayınır. Bu səbəbdən də Azərbaycan dəfələrlə bəyan edib ki, biz danışıq xatirinə danışıqlara getmirik. E.Məmmədyarovun bu açıqlamasını da məhz bu qəbildən saymaq olar. Moskva artıq bir neçə müddətdir Dağlıq Qarabağ münaqişəsinin həllində həddən artıq canfəşanlıq etmək istəyir. Hətta Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra problemin, demək olar ki, müəyyən qədər həll ediləcəyinə ümid də vardı. Moskvanın belə aktivliyinin bir neçə səbəbi var.
Birincisi, Rusiya regionda kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır. İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi özünü sülhsevər bir dövlət kimi aparmaq istəyir. Üçüncüsü, Qərb də başa düşür ki, bütün bu münaqişələrin yaranmasında SSRİ-nin varisi kimi Rusiya birbaşa məsuliyyət daşıyır və yaranmış vəziyyətin həllində Kreml açar fiqurdur və müəyyən bir irəliləyiş olarsa, məruz qaldığı sanksiyalardan da müəyyən qədər can qurtara bilər. Bu səbəbdən də E.Məmmədyarov məlum açıqlamanı verib. Bilir ki, Rusiya prosesə təsir mexanizminə malik bir qüvvədir".
Məhəmmədəli QƏRİBLİ