Elşən Həsənov: "Dünyanın, o cümlədən xarici səfirliklərin məsələyə göstərdiyi marağın kökündə bu vandallıqla əyani şəkildə tanış olmaq istəyi durur"
Füzuli rayonunun Alxanlı kəndində ermənilərin törətdiyi vəhşiliyə dünya miqyasında böyük diqqət ayrılıb. Beynəlxalq mediada törədilən bu vəhşilik nəticəsində mülki əhalinin, xüsusilə də uşaqların öldürülməsi böyük qınaq obyektinə çevrilib. Ən maraqlısı isə budur ki, Azərbaycanda akkreditə olunan xarici ölkə səfirləri də bu məsələyə böyük maraq göstərir. Onlar orada öldürülən körpənin və qadının məzarlarını ziyarət edir.
Səfirliklərin Alxanlı hadisəsinə göstərdiyi marağın kökündə nə durur?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən Ermənistanın yayınması yeni məsələ deyil: "Ermənistan hər dəfə öz təxribatına yeni yanaşma nümayiş etdirir. Zaman keçdikcə, Ermənistan üçün dinc tənzimlənmədən yayınmaq çətinləşir. Çünki təzyiqlər artır. Onlar da danışıqlar prosesindən yayınmaq üçün müxtəlif təxribatlara əl atır. Alxanlıda törədilən qətliam da bunun bir hissəsi idi. Ermənistan bu cür əməllərilə həm də Azərbaycan tərəfini provokasiyaya çəkmiş olur. Hədəfi budur ki, atəşkəs pozulsun, sülh danışıqlarına ara verilsin. Bəzən isə Ermənistan bu cür hadisələrdən sonra ümumiyyətlə danışıqlardan çıxdığını bəyan edir. Alxanlı hadisəsinə olan maraq təbiidir. Çünki orada təmas xəttindən xeyli uzaqda olan bir körpə öldürülüb. Suriyada öldürülən bir körpənin şəkli bütün dünyanı lərzəyə saldı. Alxanlıda öz oyuncağı ilə öldürülən körpə heç də ondan geri qalmırdı. Bu istiqamətdə Azərbaycan əlindən gələn təbliğatı apardı. Diplomatik korpusun ora səfəri təşkil olundu. Onlar öz gözlərilə gördülər ki, ermənilər hansı vəhşiliyi törədib. Bu yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı olan faciədir. Çünki günahsız körpənin öldürülməsini kimsə təqdir edə bilməz. Dünyanın, o cümlədən xarici səfirliklərin məsələyə göstərdiyi marağın kökündə bu vandallıqla əyani şəkildə tanış olmaq istəyi durur".
Məhəmmədəli QƏRİBLİ