Son günlərin ən çox maraq doğuran hadisələrindən biri də Rusiyanın Ermənistan üzərində nəzarəti gücləndirmək üçün yeni gedişlər etməsidir. Əslində, Ermənistan onsuz da Rusiyanın nəzarəti altındadır. Amma bu ölkənin gedərək daha böyük səfalətə düçar olması fonunda İrəvanın yenidən Qərbə meyllənmək niyyətləri də müşahidə olunur.
Belə vəziyyət Kreml üçün qəbuledilməz sayılır və elə bu səbəbdən Moskva forpostu üzərində nəzarəti daha da gücləndirmək, Ermənistanın asılılığını artırmaq istəyir. Bu asılılığın formalarından biri də rus dilinin Ermənistanda mövqelərinin gücləndirilməsidir. Xatırladaq ki, elə bu günlərdə sözügedən məsələ ilə bağlı Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin maraqlı bir təkliflə çıxış edib. O, Ermənistanda rus dilinə rəsmi statusun verilməsini istəyib.
Volodin Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib ki, Qırğısıztan və Belarus vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada da tanınması haqda qərar qəbul edilib: "Lakin Ermənistan bu imkandan məhrumdur. Qırğızıstan və Belarus vətəndaşlarına bu hüquq ona görə verilib ki, bu iki ölkənin vətəndaşları rus dilini öyrənir, Rusiyaya işləməyə gələndə biz onlara kömək edirik. Onların sürücülük vəsiqələri rus dilindədir. Ermənistanda da rus dili rəsmi dil olarsa, bu məsələ avtomatik olaraq erməni vətəndaşlarına da şamil olunacaq".
"Lragir" saytı yazır ki, Rusiya rus dilinin rəsmiləşdirilməsi ilə Ermənistanı tamamilə işğal etmək istəyir: "Eyni cür təkliflər müxtəlif vaxtlarda müxtəlif cür səsləndirilib. Lakin hamısının eyni hədəfi var: Ermənistanın müstəqilliyini zəbt etmək". Lakin hesab edilir ki, Kreml təzyiqlərini gücləndirsə, İrəvan onun dedikləri ilə razılaşacaq.
Ekspertlər isə vurğulayır ki, bu hal Ermənistanı tam olaraq Rusiyanın nəzarətinə keçməyə, göstərişlərinə tabe olmağa məcbur edir. Ermənistan kimi öz resursları olmayan, imkanları məhdud bir ölkənin müstəqil fəaliyyət göstərməsinin mümkün olmadığını görən Rusiya ona istədiyi şərtləri diqtə edə bilir. Digər tərəfdən Ermənistanda rus dili daşıyıcıları getdikcə azalır. Artıq Ermənistandakı rusdillilərin çox böyük hissəsi Rusiya və MDB ölkələrinə köçüb. Ermənistanda təhsil dili də erməni dili olduğundan, rus dilini bilənlər azalır. Bu göstərir ki, Ermənistan Rusiyaya da inteqrasiya edə bilmir. Elə bu da Moskvanı narahat edir. Digər tərəfdən bu durumda İrəvan Qərbə meyllənə bilər və əslində artıq sözügedən proses müşahidə olunur. Belə ki, Ermənistan bu ilin payızında Avropa İttifaqı ilə əhatəli və genişlənmiş əməkdaşlığa dair razılaşma imzalayacaq. Noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti zamanı imzalanması gözlənilən razılaşma imzalanmaq üçün tam hazırdır. O da maraqlıdır ki, razılaşmanın mətni açıqlanmır. Üstəlik, erməni rəsmiləri deyirlər ki, sənəd imzalananda da mətni açıqlanmayacaq, ancaq gələn ilin əvvəllərində ictimaiyyət bu razılaşmanın detallarından xəbərdar olacaq. Mənbələr deyir ki, bu razılaşmanın əsas lobbiçisi prezident Serj Sərkisyanın kürəkəni, hazırda Ermənistanın Vatikandakı səfiri Mikael Minasyandır. Minasyan əvvəldən Avropaya yaxın şəxs hesab edilir, Avropa strukturlarında işləyib, Ermənistanda Avropa Hərəkatını yaradıb. O, hazırda ölkədən uzaqda olsa da, Ermənistandakı KİV-lərin böyük qismini kurasiya edir.
Lakin razılaşmanın mətni məxfi saxlansa da, erməni rəsmiləri, o cümlədən prezident Serj Sarkisyan deyib ki, sənəd 2013-cü ildə imzalanması nəzərdə tutulan Assosiasiya sazişindən güclü şəkildə fərqlənmir. Burada xatırladaq ki, Ermənistanla Avropa İttifaqı arasında Assosiasiya razılaşmasına dair sənədin layihəsi üzərində 3 il yarımdan çox danışıqlar getmişdi. Sənəd 2013-cü ilin noyabrında Şərq Tərəfdaşlığı sammitində imzalanmalı idi. Lakin həmin ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin qəfil zəngi ilə Serj Sarkisyan məzuniyyətini yarımçıq kəsib Moskvaya yollandı. Novo-Oqaryovoda Putinlə görüşəndən sonra mətbuat konfransında elan etdi ki, Ermənistan Assosiasiya sazişindən imtina edir, Avrasiya İttifaqına qoşulmağı qərara alır. Lakin üstündən xeyli keçəndən sonra İrəvan yenidən mövqeyini dəyişir. İrəvandakı "Qafqaz İnstitutu"nun direktoru Aleksandr İsgəndəryan Rusiyanın bu razılaşmaya sərt reaksiya göstərəcəyini vurğulayır:"Heç vaxt bilmək olmaz. Çünki sabah Rusiya cibindən tapançanı çıxarıb masanın üstünə qoya bilər, necə ki, 2013-cü ildə bunu etdi". Bütün bunların nəticəsidir ki, Rusiya Ermənistan üzərində nəzarəti gücləndirmək üçün yeni proseslərə start verir.
Tahir TAĞIYEV