Azərbaycan, Türkiyə və Türkmənistan gələcək əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə hazırlıq müzakirə edilib Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri Bakıda birgə bəyanat qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin IV üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə geniş müzakirələr aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.
Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.
Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyanın vacib rolu qeyd edilib və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulanıb. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Eyni zamanda TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla qeyd olunub.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla da görüşüb. R.Meredov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını deyib. Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.
İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulanıb.
İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olunub.
Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulanıb.
Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi qrupların səfər mübadiləsi razılaşdırılıb və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edilib.
Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğu nəzərə alınaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri 2017-2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.
Nazir səmərəli və maraqlı danışıqların aparıldığını qeyd edib: "Üç ölkə bir çox regional layihələr həyata keçirir və biz bu layihələrin icrasının gedişini müzakirə etdik".
"Bakı-Tbilisi-Qars layihəsi işə düşəndən sonra böyük imkanlar açılacaq". APA-nın məlumatına görə, bunu da E.Məmmədyarov deyib.
"Xəzərdən tranzit üzrə texniki komitənin iclasları keçirilib. Həm nəqliyyat nazirləri, həm dəmiryol qurumlarının rəhbərləri, həm də dəniz limanları rəhbərləri səviyyəsində iş aparılır. Əminəm ki, bu sahədə əməkdaşlıq ildən-ilə güclənəcək. Bakı-Tbilisi-Qars bitəndən sonra böyük imkanlar açılacaq", - deyə nazir qeyd edib.
E.Məmmədyarov Türkmənistanda keçiriləcək zirvə görüşündən bir neçə gün əvvəl xarici işlər nazirlərinin bir araya gələcəyini, görüşdə 2015-2017-ci il üçün "Yol xəritəsi"nin nəticələri, o cümlədən 2018-2020-ci il üçün bütün sahələr üzrə "Yol xəritələri"nin müzakirə olunacağını bildirib.
"Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var".
Bunu isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O nəzərə çatdırıb ki, vəziyyəti bərpa etmək üçün potensial var. Nazirin sözlərinə görə, BMT və beynəlxalq təşkilatlarda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. M. Çavuşoğlu bildirib ki, Türkmənistanda keçiriləcək ölkə başçılarının zirvə görüşündə, enerji məsələlərilə yanaşı, digər sahələrdə də əməkdaşlıq müzakirə olunacaq. O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair "Yol xəritəsi" üzərində çalışdığını da deyib.
M.Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb.
"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulandan sonra mümkündür. Türkiyə Azərbaycanın yanındadır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirəm", - deyə o vurğulayıb.
M.Çavuşoğlu deyib ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri üç ölkənin dövlət başçılarının sammitinə hazırlıq məsələsini müzakirə edir.
Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli formatda sıx əməkdaşlığı inkişaf etdirmək üçün böyük istəkləri var. Bunu isə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov deyib.
Nazir qeyd edib ki, tərəflər, xüsusilə siyasi, enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə edib: "Bu gün bizim əsas məqsədimiz Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının sammitinə hazırlıqdır".
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkmənistanda keçiriləcək. Bu barədə nazirlərin dünən Bakıda keçirilən görüşündə razılıq əldə olunub.
Növbəti beşinci görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri dördüncü üçtərəfli görüşün yekunu üzrə birgə bəyanat qəbul ediblər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.
Bəyanatda qeyd olunur ki, 26 may 2014-cü il tarixində Bakı, 29 yanvar 2015-ci il tarixində Aşqabad və 28 avqust 2015-ci il tarixində Antalya şəhərində keçirilmiş xarici işlər nazirləri üçtərəfli görüşlərdə qəbul olunmuş birgə bəyanatlara sadiqliklərini təsdiqləyərək, "2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının "Çərçivə Proqramı"nın həyata keçirilməsi üzrə birgə səylərin vacibliyini qeyd ediblər.
Nazirlər qarşılıqlı şəkildə dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir daha təsdiqləyib, bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd ediblər.
XİN rəhbərləri Azərbaycan, Türkiyə və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib; terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Onlar 5 iyun 2014-cü il tarixində Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşü zamanı baş tutmuş Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd edib və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan birinci üçtərəfli zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.
Həmçinin üçtərəfli iqtisadi əməkdaşlığın, habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyi qeyd olunub; iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə, eləcə də dövlət başçılarının Türkmənistanda keçiriləcək üçtərəfli zirvə görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan biznes-forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəliblər.
Nazirlər hər üç ölkənin kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar; bu kontekstdə bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 1 sentyabr 2016-cı il tarixlərində Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd ediblər; Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycanla birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə ediblər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğulayıblar; Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd ediblər.
XİN rəhbərləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan ediblər.
Onlar regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəliblər.
Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd ediblər; təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Nazirlər türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin zirvə görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğulayıblar.
Onlar Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd ediblər; 2017-ci ilin sentyabr ayında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə ediblər.
XİN rəhbərləri Türkmənistanda keçiriləcək Zirvə görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, elm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğulayıblar, siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
E.Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəlib. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.