Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olub. Fəqət bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücülərindən biri Mişel Nostradamus olub. Dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Nostradamus 1503-cü ildə Fransada Katolik dinini qəbul edən bir yəhudi ailəsində anadan olub.
Mişelin uşaqlıq illəri babasının yanında keçib. Burada o, latın, yunan, italyan dillərini, klassik ədəbiyyatı, xalq təbabətini öyrənib. Babası Jan əlkimya və rəqəmlərin mistikasına xüsusi diqqət verirdi və nəvəsini də bu yöndə tərbiyələndirib. Mişel Nostradamusun təbib babaları xristianlığı qəbul etmiş olsalar da, gizlində iudaizmə sadiq qalıblar. Babası Jan vəfat etdikdən sonra Mişel ailə ocağına qayıdır, burada onun təlim-tərbiyəsilə ata babası Pyer Nostradamus məşğul olur. Mişel babasının məsləhətilə Avinon Universitetinin tələbəsi olur, yeni fənləri asanlıqla mənimsəyir. Universitetdə göstərdiyi fəaliyyətə görə o, "balaca astroloq" ləqəbi ilə məşhur olur.
1534-cü ildə zəmanəsinin görkəmli alimi - şair, astronom və təbib Jül Sezar Skalker Tulon şəhərinə, həkim Mişel Nostradamusa bir məktub yazıb onu Atan şəhərinə, birlikdə çalışmağa dəvət edir. Nostradamus Skalkerin təklifini tərəddüdsüz qəbul edir, Tulonla vidalaşaraq Atan şəhərinə yollanır. Atanda iki böyük şəxsiyyət asanlıqla dil tapır. Nostradamus Skalkeri özünün yaratdığı astroloji metodlarla tanış edir. Bu metodlar yalnız gələcəyi göstərməklə qalmır, eyni zamanda ötənlərə baş vurmaqla, keçmiş əyyamlarda baş verən hadisələrə şahid olmaq imkanı yaradırdı.
Jül Sezar göy cisimlərinin xəritəsini çəkən alim Nostradamusun kainat haqqında təsəvvürünü daha da genişləndirirdi. Jül Sezarın nəzəriyyəsinə görə, yalnız məlum planetlər deyil, alov kürəsi şəklində Yer kürəsinə düşən kometlər və gözə görünməyən göy cisimləri də insanlara təsir edib. Məhz Jül Sezar Nostradamusun yer üzərindəki missiyasının sirrini ona açır. Tezliklə Nostradamus "Qızılgül və xaç" ordeninə layiq görülüb, Rozenkreyser qardaşları onu hər cür dəstəkləyir.
Maraqlıdır ki, Nostradamus uzaq gələcəkdə baş verəcək bir çox hadisələri gördüyü kimi, gələcəkdə onu "peyğəmbər" adlandıracaqlarını da anlayıb və buna qarşı öz etiraz səsini ucaldıb. Bu da maraqlıdır ki o, həm zəmanəsində, həm də çox-çox sonralar labüd olaraq dünyada baş verəcək əlamətdar hadisələri qabaqcadan görüb və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət buraxıb.
Mişel Nostradamus, digər görücülərdən fərqli olaraq, nəinki baş verəcək əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonra dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət müddətlərini tam dəqiqliklə bəyan edib.
Mişel 350 il sonra Napoleonun 14 il hakimiyyətdə olacağı, Pasterin edəcəyi böyük kəşf haqqında məlumat verib, göstərib ki, əsrlərlə insanlardan gizlənən üzə çıxarılacaq. Hamı Pasterə təzim edəcək. Pasterin kəşfi ilə bağlı sonralar Britaniya Ensiklopediyasında belə yazacaqlar: "Paster indi öz sahəsində zamanın ən böyük alimi kimi qəbul olunub. Fransada De Qoll adlı birisi üç dəfə rəhbər seçiləcək. Almaniyada Hisler (Hitler) adlı birisi 11 il hakimiyyətdə olacaq, çox qanlar tökəcək, axırda ordusu da, özü də məhv olacaq. Onun başına nə gələcəyini heç kim bilməyəcək". Nostradamus Hitler barəsində fikrini Fransa kralı II Henriyə göndərdiyi açıqlamada belə davam etdirir: "Bu iradəcə güclü adamın dili əlində cida olan dəlidən daha qorxulu olacaq. Zəmanəsinin yetirməsi olan bu antixristin hakimiyyəti çox sürməyəcək".
Görücü Nostradamus Neptun planetindən də bəhs edib. Halbuki, bu planet onun vəfatından 280 il sonra fransız və alman astroloqları Jan Jozef Leverye və İohann Qotfrad Alle tərəfindən kəşf edilib. Mişel Böyük Britaniyadan da bəhs edib. Hərçənd, Böyük Britaniya onun vəfatından 152 il sonra yaranıb. Nostradamus özündən 210 il sonra yaranan ABŞ dövlətindən, vəfatından 250 il sonra yaranan ABD Demokratlar Partiyası (1828-ci il) və onun rəmzindən də bəhs edib. Şübhəsiz, bu möcüzə adamının Sovet İttifaqı ilə bağlı dedikləri də çox maraqlıdır. O, 27 iyun 1557-ci ildə Fransa kralı ikinci Henriyə, əslində gələcək nəsillərə ünvanladığı açıqlamada belə yazıb: "Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcək ki, bu indiyə qədər baş verən inqilabların ən dəhşətlisidir. Sanki həyat məhvərindən çıxacaq, yer üzünü zülmət bürüyəcək, böyük dəyişikliklər baş verəcək. Krallıqlar məhv olacaq, bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə, iyrənc əxlaqsızlığa, çox pis mənəvi düşkünlüyə gətirib çıxaracaq. Sanki bu Şərq səltənətində insanların əxlaqının pozulması ucbatından Ulu Yaradan şeytanı zülmətdən azad edib və bunun nəticəsində qüdrətli bir adam dünyaya gəlib. Kilsələrdə, məscidlərdə, ibadətgahlarda elə oyunlar çıxacaq ki, gözdən və əldən məhrum olan qırmızılar da, ağlar da bunun dəhşətli nəticəsini görə bilməyəcək. Onlar ölkənin üçdə iki hissəsini məhv edəcəklər. Üçdə biri qalacaq, fəqət artıq heç kim tarla və evlərin həqiqi sahiblərindən neçə nəfərin sağ qalacağını müəyyən edə bilməyəcək. Onlar törətdikləri cinayətlərə görə cəzadan yaxa qurtara bilməyəcəklər. 73 il 7 ay davam edən hakimiyyət əllərindən alınacaq".
Burada bizim üçün anlaşılmayan bir şey yoxdur. "Krallıqlar dağılacaq" məfhumu altında "ölkələr müstəqilliyini itirəcək və SSRİ yaranacaq", "Yeni Babilistan" - "Çoxmillətli materialist Sovet dövləti," "Şərq səltənəti" - "Sovetlər ölkəsi" mənasında işlənib. Göründüyü kimi, Nostradamus Sovet hakimiyyətinin 73 il 7 ay davam edəcəyini də tam dəqiqliyi ilə göstərib. 26 oktyabr 1917-dən 1991-ci ilin avqustuna qədər olan vaxtı nəzərə alsaq, düz 73 il 7 ay edir.
Mişel Nostradamusun "Senturi" adlı kitabı dünyada ən çox çap olunan on kitabdan biridir. Sovetlər dövründə astrologiya və okkultizmə aid kitablar qadağan olunmuşdu. Nostradamusun ulduzların düzülüşünü izlədiyi gecələrdə ona vəhy gəlirdi. O, gələcəkdə baş verəcək çox mühüm hadisələri açıq-aydın görürdü və öz görüntülərini dördlüklərdə şifrələyirdi. Vəhy anında qələmə aldığı hadisələr zaman keçdikcə özünü doğrultmağa başladı. Nostradamus görüntülərinin, gələcəkdən xəbər verən dördlüklərinin bir hissəsini çap etdirmək fikrinə düşür. "Misir sirləri" adlı kitabı yayımlanaraq əldən-ələ gəzir.
Nostradamus iki dəfə evlənib. İlk evlilikdən bir oğlu və bir qızı dünyaya gəlib, fəqət xoşbəxt ailə həyatının ömrü çox qısa olub, üç ildən sonra qadın ömrünü Nostradamusa bağışlayıb. İki həftə ərzində o, sevimli həyat yoldaşını və iki övladını itirib. Bədlik gələndə tək gəlmir, özü ilə başqa bəlalar da gətirir. Bu dəfə ailəsini itirən bədbəxt həkimi cadugərlikdə günahlandırıblar, guya Mişel qəlbini şeytana satıb. Şayiələr Tulon şəhərini aşıb, Vatikana qədər yayılıb. Bir zamanlar onu göylərə qaldıran nankor şəhərdən baş götürüb qaçıb. O, yeddi il Provans şəhərində səfil həyat sürüb.
Bioqraflar dühanın bu zaman kəsiyində yaşadığı dövrü Nostradamusun yeddi illik Odisseyası adlandırırlar. Yeddi illik Odisseyadan sonra doğma şəhərə qayıdan Mişel burada vəba xəstəliyinə qarşı dərman preparatı icad edir və bu məlhəmi xəstələr üzərində sınaqdan keçirir. Elə bu ağrılı-acılı günlərdə həkim Lun Sera onu axtarıb tapır. Bir ildən sonra onu Eks şəhərinə dəvət edirlər. 270 gün gecə-gündüz demədən çalışan Nostradamus Eks şəhərini vəbanın pəncəsindən xilas edir. Bu isə əsl qəhrəmanlıq idi. Şəhər parlamenti ona ömürlük təqaüd kəsir. Beləliklə o, öz təmiz adını qoruyub saxlayır.
Nostradamus gözəl və zəngin bir qadınla, madam Pussarla tanış olanda artıq qırx beş yaşında idi. Maddi sıxıntıların məngənəsindən, ehtiyac və məhrumiyyətdən yaxa qurtaran Mişel bu xanımla evlənir, xanımı və uşaqları ilə on doqquz il sevgi və qayğı əhatəsində xöşbəxt ömür sürür. Madam Pussardan altı övladı - üç oğlan, üç qız dünyaya gəlir. Gündüzlər xəstəxanasında xəstələrinin müalicəsi ilə məşğul olan məşhur loğman gecələr pəncərələrin pərdəsini endirib teleskopla göy üzünü seyr edir. Astroloq Nostradamusun dördlükləri belə yaranır.
Anton şəhərində astroloq bir neçə rahiblə görüşür. Rahiblərdən biri ona Roma papasının libasında görünür. Bu rahib Reliqe Peretti olub. Nostradamus ona Ali həzrət Müqəddəs deyə müraciət edir. Rahiblər çaşır və həkimə gülürlər. Bu əhvalatdan on səkkiz il keçəndən sonra Peretti Vatikanın sahibi olub.
Kilsə inkviziyası Kral ailəsinin astroloqu himayə etdiyini bilir və astroloqun şan-şöhrətinə, nüfuzuna qısqanırdı. İnkvizitorlar gizli planlar cızır artıq şöhrəti bütün Fransanı bürüyən dahi ilə haqq-hesab çəkməyə əlverişli fürsət gözləyirdi. Ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Nostradamus dördlüklərini rebus, tapmaca kimi yazırdı. Oğlu Sezara ünvanladığı məktub elə şifrələnib ki, beş yüz ildir onun yaradıcılığını ələk-vələk edən araşdırmaçılar hələ də ondan baş aça bilmir. Beş yüz ildir Nostradamusun peyğəmbərcəsinə söylədiyi hadisələr zaman keçdikcə bir-birinin ardınca özünü doğruldur. Nostradamus II Dünya müharibəsini, Hitlerin və Stalinin taleyini, SSRİ-nin süqutunu, hətta atom bombasını dördlüklərdə şifrələyib.
Nostradamus öz xəbərlərində cəzalandırıcı bir İlahi plana əhəmiyyət verir və İlahi planın müəyyən edilmiş bir zamanda həyata keçiriləcəyini, Uca Yaradanın insanlığı cəzalandıracağını vurğulayır. O, yazdıqlarının yanlış anlaşılacağından əmin idi, fəqət verdiyi xəbərlərin vəfatından 500 il sonra dəyərləndiriləcəyini deyirdi. Onun xəbərlərinə görə, İlahi cəzalandırmanın səbəbləri var. Bunlar: seksual günahlar, homoseksuallıq, zina, abort, inanc və xeyirsevərliyin azalması, ateizm, dinə və din kitablarına hörmətsizlik, şiddət, zorbalıq, pula və mala düşkünlük, bədxərclik çılğınlığı və s. idi. O zaman öz-özümüzə belə bir sual verə bilərik: Nəyə görə Uca Yaradan yaratdığı canlıların günah işləmələrinə izn verir? Bizə görə, bunun cavabı Uca Yaradanın doğru yolu göstərdiyi və seçimi insanın hürr iradəsinə buraxdığıdır...
Görəsən bizləri nə gözləyir? Bəhs edilən cəzaya görə Uca Yaradan yer üzündən bütün pislikləri siləcək və insanlığı təmizləyəcək. Dünya nüfusunun yarıdan çoxu yox olacaq, sadəcə yaxşı və təmiz ruhlar yaşamına davam edəcək və dünyada qalanlar inanclılar olacaq. Bir çox ölkənin çox hissəsi qeyb olacaq, yəni dünyanın bir çox yaşayış məskənləri düzənliyə dönəcək, bir çox yerlər su altında qalacaq! Bugün bütün dünyada baş verən təbii fəlakətlər insanlığa çox şey deməlidir...
Vəfatından bir gün əvvəl qoca dahi şagirdi Jak Şaviniyə "sabah gün doğanda artıq mən bu dünyadan köçmüş olacağam" deyib. Və səhər gün doğarkən ruhu bədənini tərk edən Nostradamus əbədiyyətə qovuşub...
Ruhu şad olsun! Fazil QARAOĞLU professor