Daşdəmir Əliyev: "Hesab edirəm ki, Jirinovskinin təklifinə Rusiyanın əlaqədar qurumları ciddi yanaşmalıdır"
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı bəyan edib ki, Rusiya Federasiyası və Ermənistan birləşmiş qoşun qruplaşması istisnasız olaraq Rusiya komandanlığı altında olmalıdır.
O qeyd edib ki, Rusiya ərazisindən kənarda hərbi bazalar və birləşmiş qoşunlar üzərində birgə komandanlıq qəbuledilməzdir: "Bütün hərbi bazalar və birləşmiş qoşun qruplaşmaları üzərində komandanlıq ancaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının və ali baş komandanın əlində olmalıdır".
Rusiyalı siyasətçinin fikrincə, birgə komandanlıq görünməmiş mənfi nəticələrə gətirib çıxara bilər: "Bizim icazəmiz olmadan onlar hansısa döyüş fəaliyyətinə başlayacaqlar və biz də avtomatik olaraq buna qoşulmuş olacağıq".
Qeyd edək ki, bu günlərdə Rusiya Dövlət Duması Ermənistanla ötən il noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib.
Jirinovskinin bu fikirini necə dəyərləndirmək olar?
Ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Jirinovskinin açıqlamasında böyük həqiqət var: "Yadınızdadırsa, bir müddət əvvəl erməni generalı Andranik Makaryan məhz həmin birgə qoşunla Azərbaycanı hədələdi. Hazırda həmin qoşun növünə erməni general rəhbərlik edir. Erməni general isə, hətta Putinin də onu dayandıra bilməyəcəyini söyləmişdi. Doğrudur, onun özü də gözəl bilir ki, dediklərində həqiqət payı azdır. Bu baxımdan da, Jirinovskinin etirazı əbəs yerə meydana çıxmayıb. Çünki həmin ərazidə bir rus zabitinin burnunun qanaması belə Rusiyada böyük rezonansa səbəb ola bilər ki, bununla da Rusiyaya beynəlxalq aləmdə tətbiq olunan sanksiyaların sayı artar. Ən azından, bununla Azərbaycan kimi bir müttəfiqi ilə münasibətləri korlanar. Azərbaycan Ermənistana qarşı ərazi iddiasında olmayıb. Biz yanlız işğal altında olan torpaqlarımızın boşaldılmasından danışırıq. Ermənistanla birgə komandanlıq ona görə qəbuledilməz sayılır ki, həmin ölkə faktiki olaraq başqa ölkənin ərazisini işğal edib və həmin ölkə ilə faktiki olaraq müharibə şəraitində yaşayır. Hesab edirəm ki, Jirinovskinin təklifinə Rusiyanın əlaqədar qurumları ciddi yanaşmalıdır".
Məhəmmədəli QƏRİBLİ