Vəfa Heydərli: "Biz bu işartıları Latviyanın bizə Avropa institutlarında verəcəyi müttəfiq dəstəyində hiss edəcəyik"
Latviyada rəsmi səfərdə olan prezident İlham Əliyev həmkarı Raymonds Veyonislə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirib. Səfər çərçivəsində ölkələrimiz arasında təhsil, tikintidə təhlükəsizliyə nəzarət, o cümlədən beynəlxalq yükdaşımalar haqqında saziş imzalanıb. Prezidentlər Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannaməni imzalayıblar.
Prezidentlərin görüşündə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə ugurla inkisaf etdiyi bildirilib, sözügedən səfərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştiraki ilə prezidentlərin geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması,ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm,informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.
Prezident Raymonds Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Geniş tərkibdə görüş başa çatdıqdan sonra dövlət başçıları arasında sənədlərin imzalanması mərasimi olub. Prezidentlər "Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar. Məlumdur ki, Latviya həm NATO ölkəsidir, həm də Avropa İttifaqına daxildir. Belə bir ölkə ilə Azərbaycanın bu şəkildə saziş imzalamasının nə kimi əhəmiyyəti var?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Azərbaycanla Latviya arasındakı münasibətin bariz təzahürü özünü ölkə başçımızın həmin ölkəyə reallaşan səfərində biruzə verdi: "Azərbaycanın xarici siyasət kursu çox uğurla qurulub. Biz bu istiqamətdə balanslı siyasət həyata keçiririk. Latviya Baltikyanı ölkədir. Ancaq Avropa instututları ilə sıx inteqrasiya edib. NATO və Avropa Birliyinin bərabərhüquqlu üzvüdür. Bununla yanaşı, həmin ölkə 3 keçmiş baltikyanı respublikalar arasında ən aktivi sayılır. Azərbaycandan məkanca uzaq olsa da, bizim həmin ölkələr və xüsusilə də, Latviya ilə sıx əlaqələrimiz mövcuddur. Bizim onlarla əlaqələrimizin dinamik inkişaf etməsində bir vaxtlar eyni dövlətin tərkibində olmağımız da mühüm rol oynayır. İmzalanan sənədlərin sırasında ən mühümü kimi strateji tərəfdaşlıq sazişini götürərdim. Çünki həmin saziş faktiki olaraq bizi ən yaxın müttəfiqə çevirir. Azərbaycan üçün bunun başlıca önəmi Latviyanın bizə Avropa institutularında verə biləcəyi dəstəklə əlaqəlidir. Bundan əlavə Latviya bizim ərazi bütövlüyümüzü tanıdığını bəyan edir. Bütün bunlar bizim üçün önəmli və vacibdir. Hesab edirəm ki, imzalanan sazişdən sonra, Azərbaycan-Latviya əlaqələri tam yeni bir müstəviyə qədəm qoyacaq. Biz bu işartıları Latviyanın bizə Avropa institutlarında verəcəyi müttəfiq dəstəyində hiss edəcəyik".
Məhəmmədəli QƏRİBLİ